Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-915/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın bağlandığı vaxtdan etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 10 sentyabr 2001-ci il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 10 sentyabr 2001-ci il tarixdə rəsmi nikah bağlamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh 15 oktyabr 1988-ci ildə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu da nikahın etibarsız hesab olunması üçün əsasdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə 10 sentyabr 2001-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarında övladları yoxdur. Cavabdeh 15 oktyabr 1988-ci ildə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Qanunvericiliyə əsasən bu yolverilməzdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi və iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1964-cü ildə Qazax rayonu, Köçvəlli kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. 157758 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 10 sentyabr 2001-ci il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada Abdullazadə soyadı verilmişdir. 468464 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehlə X1 arasında 15 oktyabr 1988-ci ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 10.12.2020-ci il tarixli, 05/Q-2806/13 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ilə X1 arasında 15.10.1988-ci ildə bağlanmış nikah və İddiaçı ilə Cavabdeh arasında 10.09.2001-ci il tarixdə bağlanmış nikahın pozulması haqqında akt qeydi aparılmamışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulmuş olmalı, yaxud da tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan nikaha daxil olmalıdırlar. Ailə Məcəlləsində həmçinin göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur (10.1). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1). Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər (12). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah bağlanarkən Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş qaydaların hər hansı biri pozulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında nikahın etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Cavabdeh məhkəmə iclasında iddia ilə razı olduğunu bildirsə də, məhkəmə həmin etirafı qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi nikahın etibarsız hesab edilməsi üçün qanunda konkret hallar göstərilmişdir. Hazırkı iş üzrə isə belə halların hər hansı mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın bağlandığı vaxtdan etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-915/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-915/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver