Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-919/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X8 oğlu və X10 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evinin bir hissəsinin istifadə üçün ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulması, 06 may 2007- ci il təvəllüdlü X3 atasının himayəsinə verilməsi, 10 iyul 2009-cu il təvəllüdlü X5, 02 avqust 2012-ci il təvəllüdlü X10 oğlunun onun himayəsinə verilməsi, himayəsindəki iki azyaşlı uşaqların saxlanılması üçün ayda hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin onun xeyrinə cavabdehdən tutulması qət edilmişdir. Ailələri nikahları pozulanadək birgə nikah dövründə ümumi vəsaitləri hesabına Sumqayıt şəhəri, 76-cı məhəllədə inşa etdikləri fərdi yaşayış evində yaşamışdır. Ona məxsus cehiz və digər əşyalar həmin evdədir. Cavabdehin fiziki işgəncələrinə dözməyib həmin fərdi yaşayış evini 08 fevral 2021-ci il tarixdə azyaşlı uşaqları ilə tərk etməyə məcbur olmuşdur. İddia ərizəsində göstərdiyi bu hallar Sumqayıt Bələdiyyəsinin 16 sentyabr 2021-ci il tarixli 2605 saylı arayışı, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsində 11.02.2021-ci il tarixli HK- 1/134 nömrəli müraciəti əsasında aparılmış araşdırma, həmin araşdırmanın nəticəsi üzrə qəbul edilmiş 19 fevral 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarı ilə təsdiq olunur. Həmin fərdi yaşayış evindən başqa yaşayış yerləri yoxdur. Buna görə də azyaşlı uşaqları ilə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməyi, həmin evin bir hissəsinin istifadə üçün ayrılmalıdır. Göstərilənləri nəzərə alaraq, onun azyaşlı uşaqları X8 oğlu və X10 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evinin bir hissəsinin istifadə üçün ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 2005-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqları ilk əvvəllərdə valideynləri ilə birlikdə yaşasalar da, sonradan kirayə ev tutaraq orada yaşamışlar. Daha sonra hazırda sözügedən evi tikmişdir. Hazırda ev fərdi tikili olsa da, həmin evə dair heç bir sənəd yoxdur. Lakin buna baxmayaraq, o, iddiaçının övladları ilə birlikdə köçüb həmin evdə yaşamasına etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan, № 05/Q-3900/69 saylı, 24.08.2021-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 06.05.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4884 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, № 05/Q-3899/69 saylı, 24.08.2021-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 10.07.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, № 05/Q-3897/69 saylı, 24.08.2021-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 oğlu 02.08.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4927 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 30.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı və azyaşlı uşaqları Aysel, Aytac və Elmarla birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Cavabdeh məxsus evdə birgə yaşamış, lakin beş ay bundan öncə həmin ünvanı tərk etmişlər. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 19.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, 11.02.2021-ci il tarixdə Sumqayıt şəhər 76-cı məhəllə fərdi evdə yaşayan İddiaçı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət edərək, 08.02.2021-ci il tarixdə saat 21:00 radələrində yaşadığı mənzildə həyat yoldaşı Cavabdeh tərəfindən döyülməsi barədə şikayəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh 26.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı övladları ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsinə razıdır və ona qarşı verilmiş iddia tələbini qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Bakı küçəsi, yataqxana 7A, məhəllə 41-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18.09.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Cavabdeh Sumqayıt şəhəri Mediasiya Şurasının mediatoru X2 tərəfindən 17.09.2021-ci il tarixində, 17:15-17:30 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla, cavabdehin yaşadığı, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamış, birgə nikahlarından sözügedən 06 may 2007- ci il təvəllüdlü Aysel, 10 iyul 2009-cu il təvəllüdlü Aytac və 02 avqust 2012-ci il təvəllüdlü Elmar doğulmuşdur. Bundan sonra, tərəflər 16 il ərzində etibarlı ailə münasibətlərində daimi olaraq cavabdehin yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evində birgə yaşasalar da, iddiaçı ilk dəfə 08 fevral 2021-ci il tarixdə ailədaxili mübahisə nəticəsində övladları ilə birlikdə həmin evi tərk etmişdir. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehin yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evi üzərində hüquqla bağlı mübahisə vardır. İşdə olan sübutlardan göründüyü kimi, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (07.07.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (26.06.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2005-ci il tarixdə, yəni hazırda qüvvədə olan Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2001-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinə münasibətdə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən İddiaçı mübahisəli evin bir hissəsinin istifadə üçün ayrılması mümkün deyildir. Bununla belə, məhkəmə iddia tələbinin “iddiaçının övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdeh mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı- azyaşlı uşaqları10 iyul 2009-cu il təvəllüdlü X5 və 02 avqust 2012-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməli və iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı- azyaşlı uşaqları 10 iyul 2009-cu il təvəllüdlü X5 və 02 avqust 2012-ci il təvəllüdlü X10 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürüsün. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-919/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-919/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver