Məhkəmə qərarları › İş №2(060)-9190/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9190/2021

29.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9190/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi İddiaçı ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmək stajının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Lakin, iddiaçı ərizəsində cavabdehin ümumiyyətlə adını və poçt ünvanını qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizənin xahiş hissəsindən ərizəçi İddiaçı nə barədə qətnamə qəbul edilməsini xahiş etdiyi aydın deyil. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi aydın olmamaqla yanaşı, konkret deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar