Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9232/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Nümayəndə1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Nümayəndə1 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə1 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında olan 17.09.2021-ci il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17.09.2021-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Lakin onlar rəsmi nikaha daxil olsalar da, onlar ailə kimi bir yerdə yaşamamışdırlar, ümumiyyətlə onların toyu olmayıb. Belə ki, onlar valideyinlərinin məsləhəti ilə tanış olmuşdurlar. Aralarında istək və sevgi olmamışdır. O. ilk gündən ailə qurmağa razı olmamışdır. Lakin valideynləri israr etmişlər ki, tanıdıqdan sonra fikri dəyişər. O, da əlacsız qalıb razılaşmışdır. Lakin bildirmişdir ki, xasiyyəti xoşuna gəlməsə, onun fikirləri ilə razılaşmasa, cavabdehlə ailə qurmayacaqdır. Valideynləri bununla razılaşmışdırlar. Cavabdehlə görüşlər zamanı aralarında çox sahələrdə, eləcə də ailə və məişət sahələrində çoxsaylı fikir ayrılıqlarının olduğunu görmüşdür. Dəfələrlə bu barədə mübahisələri düşmüş və valideyinlərinin təkidi ilə barışmışdırlar. Lakin sonda belə qərara gəlmişlər ki, ailə qurub sonradan boşanmaqdansa, elə bu başdan ayrılsalar yaxşıdır. Hər ikisi qəti fikirlərini valideynlərinə bildirmişdirlər, ilk əvvəl valideynləri buna razı olmasalar da, sonunda valideyinləri razılaşmaq məcburiyyətində qalıblar. Artıq onların ailə qurmaq və birlikdə yaşamaq fikirləri yoxdur. Ona görə də aralarında ola nikah etibarsız hesab edilməlidir. Çünki onların ailəsi baş tutmamış, yalnız rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan sonra adi qaydada boşanma isə bir gənc kimi həm ona, həm də cavabdehə gələcəkdə lazımsız problemlər yaradar, adlarının üstünə ad gəlməsinə səbəb ola bilər. Hazırda, subay şəxslə boşanmış şəxsin nə olduğunu izah etməyə ehtiyac yoxdur və belə hesab edir ki, məhkəmə onun fikirlərini başa düşə bilər. İlk gündən, eləcə də nikahları qeydə alınarkən, onun qəti ailə qurmaq fikri olmamışdır. Çünki ilk gündən cavabdehin xasiyyətindən xoşu gəlməmişdir, nikahlarını da ailə qurmaq niyyəti ilə yox, sadəcə görüşlərinin dini və əxlaqi baxımdan qanuni və düzgün olması üçün qeyde aldırmışdırlar. Həmçinin qeyd edir ki, cavabdeh də nikahın etibarsız hesab edilməsinə razıdır, heç bir etirazı yoxdur. Yuxarıda qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 02.12.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı ilə valideynlərin məsləhəti əsasında tanış olmuşdur. Orxanın valideynləri onlara ayrı evinin olmadığını, birlikdə alacaqlarını demişdilər. Evi alarkən onun da həmin evə qeydiyyata düşməsi üçün nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra isə evin alınmayacağını, birlikdə yaşayacaqlarını bildirmişdilər. Nəticədə aralarında anlaşılmazlıq yaranmışdır. İddiaçı müstəqil olaraq öz ayaqları üzərində dura bilmir, valideynlərindən asılıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdirlər, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdirlər. İşdə olan Sumqayıt Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin 20.10.2021-ci il traixli, 05-Q/1653/15 nömrəli məktubundan görünür ki, Cavabdeh nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İİ 460853 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İmanlı X1 Rəfiqə Əli qızı ilə 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 371 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada İmanlı soyadı verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olsa da, nikah bağlanan gündən hal-hazırki vaxtadək ər-arvad münasibətlərində olmamış, bağlanmış nikah formal xarakter daşımışdır. Nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Eyni zamanda nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri də dəqiq müəyyən edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır (25.1). Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdehnın iddianı etiraf etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə tərəflərin hər ikisinin nikaha girərkən ailə qurmaq niyyəti olmadığından, o cümlədən cavabdeh iddianı etiraf etdiyindən məhkəmə hesab edir ki, Nümayəndə1 Cavabdeh arasında olan 17.09.2021-ci il tarixli nikah nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25, 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Nümayəndə1 ilə Cavabdeh arasında olan 17.09.2021-ci il tarixli nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9232/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9232/2021
20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver