Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-924/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 2/49-da yerləşən 4 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının nəvəsidir. O, 2013-cü ildən ailə qurub və həmin evdə yaşamır. Cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1951-ci ildə, cavabdeh xx.xx.1992-ci ildə anadan olmuşlar. Tərəflər ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. AZ-İ 921152 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X2 ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil xx.xx.2019-cu il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2021-ci il tarixli, 4948 saylı arayışında mübahisəli mənzildə iddiaçının yaşadığı, cavabdehin isə orada yaşamadan qeydiyyatının olduğu göstərilmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, mübahisəli mənzil Sumqayıt şəhər ZDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, 10/356 saylı order və Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və mənzilə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzilin özəlləşdirilməsinə razılıq barədə ərizələri əsasında iddiaçının adına qeydə alınmış və xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil xx.xx.1979-cu il tarixli order əsasında iddiaçının əri X1 verilmişdir. X3 ailə üzvləri kimi iddiaçı və oğlu Vahid Məmmədov göstərilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizsində mənzilə hüququ olan digər şəxslər kimi mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi cavabdeh xx.xx.1992-ci ildə anadan olmuş və həmin vaxt mübahisəli mənzil özəlləşdirilməmişdi. Bu səbəbdən hazırkı mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə iddiaçı və cavabdeh İsa Məmmədovun ailə üzvləri olmaqla onunla bərabər mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Mübahisəli mənzil 2019-cu ildə idiaçının adına özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Cavabdeh mənzilin özəlləşdirilməsinə razılıq versə də, onun mənzildən istifadə hüququ saxlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşdən göründüyü kimi cavabdeh 2013-cü ildə ailə quraraq mübahisəli mənzili tərk etmişdir. O, həmin mənzildə yaşamır və mənzildə hər hansı əşyası mövcud deyildir. Yəni, cavabdehin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-924/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-924/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver