Məhkəmə qərarları › İş №2(060)-934/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-934/2021

02.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-934/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Gürcüstan Respublikası, Bolnisi rayonu, Akaurta kəndində xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşamış X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı il təvəllüdlü, Gürcüstan Respublikası, Bolnisi rayonu, Akaurta kəndində anadan olmuş X3 ilə xx.xx.1984cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Onlar ünvan 1 ünvanda yerləşən mənzildə yaşamışlar və 1992-ci ildən həmin ünvanda qeydiyyatdadırlar. l993-cü il tarixdə həmin mənzili özəlləşdirmişlər və mülkiyyətçi kimi əri qeyd edilmişdir. Əri Sumqayıt şəhər Polis İdarəsində mayor rütbəsində çalışmışdır. 1995-ci ildə işdən çıxmış və işləmək üçün Rusiyaya getmişdir. O, azyaşlı 3 uşaqları ilə mənzildə qalmışdır. Həmin vaxtdan uzun illər keçmiş, amma ərindən bir xəbər olmamışdır. Onun ailəsi ilə-ata-anası, iki bacıları ilə də əlaqə saxlamış, amma onların da bu illər ərzində ərindən xəbərləri olmamışdır. Uzun illər ərindən xəbər olmayandan sonra artıq onun itkisi ilə razılaşmağa məcbur olmuş,o da uşaqları da,bacıları da onun öldüyünü qəbul etmişlər. Onun gedib bir daha geri qayıtmamasından, ondan hər hansı bir məlumat olmamasından artıq 25 il vaxt keçmişdir. Bu halda həmin şəxs ölmüş elan edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, əri X4 Respublikasının vətəndaşı olmuşdur. Əri Şahbəddin 1995-ci ildə evdən çıxıb getdiyi vaxtdan onun barəsində heç bir məlumat yoxdur. Əri barədə heç bir məlumat olmamasına baxmayaraq o, bu illər ərzində onun axtarışı ilə bağlı heç bir orqana müraciət etməmiş, onu axtarmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Mülki iş materiallarında olan: 3-Tİ seriyalı, 308046 nömrəli nikah şəhadətnamənin tərcümə olunaraq təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Süleymanova Zəriyə Əhməd qızı arasında Gürcüstan SSRİ Bolnissi rayonu, Akaurtu kənd sovetində xx xxxxx 1984-cü il tarixdə 26 saylı nikah qeydi ilə nikah bağlanmış, qadına Məmmədova soyadı verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat birliyini 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3 1995-ci ildən həmin ünvanda yaşamır. Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt Şəhər Prokurorluğu tərəfindən təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X2 ölümü və ya itkin düşməsi ilə bağlı şəhər prokurorluğunda araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, X2 ölümü, itkin düşməsi və axtarışda olması ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində hər hansı məlumat qeydə alınmamışdır. Belələliklə, ərizəçinin izahatı müəyyən edildi ki, X3 1995-ci ildə Rusiya Federasiyasına gedərək, yaşadığı mənzili tərk etmiş, həmin vaxtdan sonuncu barədə heç bir məlumat yoxdur. İyirmi beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində ərizəçi tərəfindən şəxsin axtarılması ilə bağlı heç bir hərəkət edilməmişdir. Həmçinin müəyyən edildi ki, şəxsin ölkədən çıxışı, eləcə də axtarışı, itkin düşməsi və ya ölümü ilə bağlı hüquq mühafizə orqanlarında heç bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. İşin hallarında göründüyü kimi ərizəçi şəxsin Rusiya Federasiyasına getdiyini, həmin vaxtdan onun barəsində məlumat olmaması əsası ilə çıxış edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsin Rusiya Federasiyasına getməsi və onun harada olması barədə məlumatların olmaması barədə göstərdikləri ölmüş elan olunması tələb edilən şəxsin hazırda Rusiya Federasiyasında yaşayıb-yaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi üçün əsas hesab edilə bilməz. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki ərizəçiyə şəxsin Rusiya Federasiyasına getməsi məlumdur, onun ölmüş elan edilməsi, yalnız həmin şəxsin Rusiya Federasiyasında olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bu isə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyası çərçivəsində ərizəçilərin və yaxud hüquqmühafizə orqanlarının sorğularına əsasən əldə edilə bilinsə də, bununla bağlı hər hansı müraciət edilməmişdir. Göründüyü kimi, ərizəçidə X5 Federasiyasına getməsi barədə məlumat olsa da, onun nə ölkə ərazisində axtarışı, nə də ki, Rusiya Fedrasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş hallarına hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, ərizənin təmin edilməsi üçün müvafiq mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar