Məhkəmə qərarları › İş №2(060)-9415/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9415/2021

16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9415/2021 16.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu Ərizəçi oğlunun maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş olunması” tələbinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş olunması” tələbinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Qəbələ rayonu, Bum icra nümayəndəliyi tərəfindən 23.10.1958-ci il tarixdə tərtib olunmuş 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Məhəmmədiyə”dən “Yadulla”ya düzəliş olunması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci və 2.2.5. maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə, məhkəmə hesab edir ki, Ərizəçi oğlunun tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi oğlunun maraqlı şəxs Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş olunması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar