Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-96/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh Qarayev Lütviyar Telman oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğluna, Cavabdeh5, Cavabdeh6 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka premetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə 18 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 20.02.2020-ci il tarixli 123micSUM/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xeyrinə 47959,34 AZN əsas, 8419,75 AZN faiz, cəmi 56379,09 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 manat ödənilmiş xidmət haqqının tutulması, tələbin Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt ş., məhəllə 51-də yerləşən 72 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğlunun, Cavabdeh5 və Cavabdeh6 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" Kommersiya Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" KB ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 400 manat məbləğində xidmət haqqı kimi ödənilmiş pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2020-ci il tarixli 123micSUM/20 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 18 % ödəmək şərtilə 50000 AZN məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 96miciSUM/20 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Sumqayıt şəh., məhəllə 51-də yerləşən 72 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi 19.02.2020-ci il tarixdə DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit alanın banka 03.06.2021-ci il tarixə 47959,34 AZN əsas, 8419,75 AZN faiz, cəmi 56379,09 AZN borcu yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğlu, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğlu, Cavabdeh5, Cavabdeh6 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qarayev Lütviyar Telman oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə dair izahat verərək bildirdi ki, mübahisəli mənzilin qiymətinə dair verilmiş rəylə razı deyil. Həmin ərazidə torpaq sahəsinin sotu çox bahadır. Evin 70000-82000 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. O ev ən azı 100000 manat dəyərindədir. Bundan başqa iddiaçı tərəfindən tələb olunan əsas borc məbləği ilə də razı deyil. Cavabdehlərin 47000 manat deyil, təxminən 41000-42000 manat əsas borcu qalmalıdır. Nümayəndə məhkəmədən qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 18.02.2020-ci il tarixli 96 micSUM/20-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə və həmin müqavilə əsasında bağlanmış 20.02.2020-ci il tarixli 123micSUM/20 saylı əlavə kredit müqaviləsinə əsasən əsasən borclu Qarayev Lütviyar Telman oğluna "xxxx" Kommersiya Bankı ASC tərəfindən 24 ay müddətinə illik 18 % ödəmək şərtilə 50000 AZN məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC ilə Qarayev Lütviyar Telman oğlu arasında bağlanmış 18 fevral 2020-ci il tarixli, 96micİSUM20 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 18.02.2020-ci il tarixli 96 micSUM/20-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin təminatı olaraq Qarayev Lütviq Telman oğlunun (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0.03 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 18.02.2020-ci il tarixdə Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 Lütviq oğlu, Cavabdeh6 notariat kontoruna ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0.03 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə etiraz etmədikləri, həmin mənzilə tutma yönəldiləcəyi təqdirdə və o satıldıqda onu tərk edəcəklərinə dair öhdəlik götürmüş, bu barədə ərizələri Sumqayıt Asan Xidmət mərkəzində müvafiq olaraq 8İ-1201, 8İ-1204, 8İ-1198, 8İ-1199, 8 İ-1200 nömrələri ilə qeydiyyata alınaraq təsdiq edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Qarayev Lütviq Telman oğlunun və 1/2 hissədə Cavabdeh3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 06.02.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Qarayev Lütviq Telman oğlunun (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 03.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Qarayev Lütviyar Telman oğlunun 12micSUM/20 saylı kredit müqaviləsi üzrə 03.06.2021-ci il tarixinə 47959,34 manat məbləğində əsas borc, 8419,75 manat məbləğində faiz borcu olmaqla, cəmi 56379,09 manat məbləğində borcu yaranmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/21-415 nömrəli 19 avqust 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Qarayev Lütviq Telman oğlunun (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 19.08.2021-ci il tarixə olan bazar dəyəri 78000 (yetmiş səkkiz min manat) manat, likvid dəyəri 70000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/22-148 nömrəli 10 mart 2022ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Qarayev Lütviq Telman oğlunun (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 10.03.2022-ci il tarixə olan bazar dəyəri 82000 (səksən iki min manat) manat, likvid dəyəri 70000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli, 44246 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" KB ASC tərəfindən qiymətləndirmə xidməti ilə əlaqədar olaraq "xxxx" MMC-yə 400 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 18.02.2020-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdeh Qarayev Lütviyar Telman oğluna bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh Qarayev Lütviyar Telman oğlu borcun ödənilməsini təmin etməmişdir. Beləliklə, cavabdeh Qarayev Lütviyar Telman oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 47959,34 manat əsas borcun, 8419,74 manat faiz borcunun cavabdeh Qarayev Lütviyar Telman oğlundan iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh Qarayev Lütviyar Telman oğlu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və qiymətləndirici tərəfindən son olaraq ipoteka predmeti olan mənzilin bazar qiymətinin 82000 manat, likvid qiymətinin isə 70000 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti 82000 manat, likvid qiyməti isə 70000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğlunun, Cavabdeh5, Cavabdeh6 ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan fərdi yaşaış evindən çıxarılaraq yaşayış sahəsinin boşaldılması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçı təşkilat tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və 400 manat qiymətləndirmə haqqı da Cavabdeh1 alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə bağlanmış 20.02.2020-ci il tarixli 123micSUM/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 47959,34 (qırx yeddi min doqquz yüz əlli doqquz manat otuz dörd qəpik) manat əsas, 8419,75 (səkkiz min dörd yüz on doqquz manat yetmiş beş qəpik) manat faiz, cəmi 56379,09 (əlli altı min üç yüz yetmiş doqquz manat doqquz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 30 (otuz) manat ödənilmiş xidmət haqqı və 400 (dörd yüz) manat qiymətləndirmə haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh2 (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Qarayev Lütviq Telman oğlunun (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin ilkin satış qiyməti 82.000 (səksən iki min) manat, likvid qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Lütviq oğlu, Cavabdeh5, Cavabdeh6 həmin yaşayış sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-96/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-96/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver