Məhkəmə qərarları › İş №2(060)-965/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-965/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-965/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqları X4 və X3 ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12 ünvanında yerləşən 18 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri,5-ci mikrorayon, ev 3/12, mənzil 18-də yerləşməklə, sahəsi 45,53 kvadrat metr olan 2 otaqdan ibarətdir. Mənzilin sahibi idiaçıdır. Cavabdehlər mənzilin keçmiş sahibi və yaşayışçılarıdırlar. İddiaçı bu mənzili alqı-satqı müqaviləsinə əsasən almış və cavabdehlər həmin vaxtdan daimi olaraq bu ünvandan köçmüş, lakin bu mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına mane yaradır. Halbuki aralarında bağlanmış alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdehlər 11.12.2021-ci il tarixdən bu mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, bu öhdəliyə əməl etməmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1965-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh1 xx.xx.1974-cü ildə, Cavabdeh2 xx.xx.1970-ci ildə, anadan olmuşlar. İddiaçı və cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzildə həmçinin 05.04.2009-cu il təvəllüdlü X6 və 18.11.2006-cı il təvəllüdlü X5 da qeydiyyatdadırlar. 11.10.2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12 ünvanında yerləşən 18 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 7 saylı Mənzil-Kommunal Sahəsinin 29 saylı arayışına əsasən Sumqayıt şəhəri, 5ci mikrorayon, ev 3/12 ünvanında yerləşən 18 saylı mənzildə hal-hazırda İddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşamırlar və formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 05.04.2009-cu il təvəllüdlü X4 və 18.11.2006-cı il təvəllüdlü X3 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan şəxslər X4 və X3 ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar