Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-982/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan 28.07.2012-ci il təvəlüdlü X2 və 21.02.2014-cü il təvəllüdlü X7 oğlunun Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, onun oğlu Hadiyev Rövşən Salman oğlu ilə Cavabdeh arasında 19 iyun 2012-ci il tarixdə rəsmi nikah bağlanılmış və cavabdeh müvafiq order əsasında onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçmüş, eyni zamanda həmin mənzilə pasport qeydiyyatına götürülmüşdür. Lakin cavabdehlə oğlu arasında bağlanılmış nikah Cavabdeh tələbi əsasında Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(060)-5113/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hələ məhkəmə qətnaməsi çıxarılmamışdan xeyli əvvəl cavabdeh sözügedən mənzildən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Hal-hazırda yaranmış vəziyyətdə o, cavabdehin ona məxsus olan və üzərində faktiki olaraq onun gözlənilən mülkiyyət hüququ yaranmış mənzildən pasport qeydiyyatından çıxarılmasını zəruri hesab edir. Belə ki, cavabdeh onun oğlu ilə bağlanılmış nikahına xitam verməklə onun ailə üzvləri sırasından çıxmışdır və cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında qalması səbəbindən o, gələcəkdə yarana biləcək xoşagəlməz hallar üçün təşviş keçirir. Eyni zamanda cavabdehin yuxarıda göstərdiyi səbəblərdən mənzilə olan istifadə hüququ üçün əsaslar olmadığından, artıq onun mənzilə istifadə hüququna xitam verilməklə mənzilə olan pasport qeydiyyatından çıxarılmasını istəyir. Bu səbəbdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərində onun faktiki olaraq mülkiyyət hüququ yaranmış sözügedən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.02.1985-ci il tarixli, 12/57 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5113/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Hadiyev Rövşən Salman oğlu ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 19.06.2012-ci il tarixdə 936 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və boşanmadan sonra birgə nikahdan olan 28.07.2012-ci il təvəllüdlü X4 və 21.02.2014-cü il təvəllüdlü X7 oğlu anaları Cavabdeh yanında qalmışlar. İş materiallarında olan 13 saylı MKS tərəfindən verilmiş 814 nömrəli, 20.10.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh və onun yetkinlik yaşına çatmayan 28.07.2012-ci il təvəlüdlü X4 və 21.02.2014-cü il təvəllüdlü X7 oğlu Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İşin araşdırılan halları ilə isə müəyyən edilmişdir ki, cavabdeh uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzilində yaşamırlar. Bundan başqa “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında müəyyən olumuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları 28.07.2012-ci il təvəlüdlü X2 və 21.02.2014-cü il təvəllüdlü X7 oğlunun Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları 28.07.2012-ci il təvəlüdlü X2 və 21.02.2014-cü il təvəllüdlü X7 oğlunun Sumqayıt şəhəri, 6 mkr., 29 saylı evin, 40 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-982/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-982/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver