Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-23/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi”nə dair ddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında 13 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Tərtər rayonu Sarov kəndində yerləşən 1,57 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən onun və atasının mülkiyyətinə Tərtər rayonu Sarov kəndində 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-355, Kod 61109005 olan Dövlət Aktı verilmişdir. Elə islahat zamanından cavabdeh onların torpaq sahəsini özbaşına zəbt edərək istifadə edir. Tələb etsə də, cavabdeh həmin torpaq sahəsini boşaltmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun bacısıdır. Aqrar İslahat zamanı bacısının və atasının mülkiyyətinə Tərtər rayonu Sarov kəndində 1,57 ha torpaq sahəsi verilmişdir. Atası 2002-ci ildə vəfat etmişdir. İddiaçı əvvəllər sözügedən torpaq sahəsini bacısı oğlu Kamala istifadəyə vermiş, Kamal 2002-2006-cı illərdə sözügedən torpaqdan istifadə etsə də, sonradan istifadə edə bilməmişdir. Ondan sonra həmin torpaq sahəsini, o, özü istifadə etməyə başlamış və buna görə hər il iddiaçıya 300-350 kq taxıl vermişdir. Hazırda 2024-cü ildən etibarən həmin torpaq sahəsindən istifadə etmir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0355 Kod 61109005 olan Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, X1 və İddiaçı mülkiyyətinə Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən Tərtər rayonu Sarov kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,57 ha torpaq sahəsi verilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1997 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Tərtər rayonu Sarov kəndinin ərazisindən Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı (və atasının) mülkiyyətinə JN-0355 Kod 61109005 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə verilmiş 1,57 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları,... ekspert rəyi sübut növü hesab olunur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlardan, məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair JN-0355 Kod 61109005 olan Dövlət Aktından müəyyən olunmuşdur ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı (və atasının) mülkiyyətinə Tərtər rayonu Sarov kəndində 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddia ərizəsindən, iddiaçının izahatından və məhkəmə iclasında tədqiq edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1997 saylı, xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin tələblərinə əsasən hazırkı iddianı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti mülkiyyət hüququnun qorunması ilə bağlı olan münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər qanunvericiliyinin mülkiyyətlə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının (və atasının) mülkiyyətində olan sözügedən pay torpaq sahəsinin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur və bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. İddia tələbi həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddia təmin edildiyi və iddia tələbi qiymətlənddirilməyən iddialara aid olduğu üçün həmin Qanunun 8.2-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nəsirov X2 Mülkiyyət Hüququna dair JN-0355 Kod 61109005 olan Dövlət Aktına əsasən İddiaçı məxsus olan Tərtər rayonu Sarov kəndi ərazisində yerləşən 1,57 ha torpaq sahəsindən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul isə Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-23/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-23/2025
13.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver