Məhkəmə qərarları › İş №2(061)-571/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-571/2025

02.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-571/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 02 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizəsini məhkəməəyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Ailədə iki qardaş, bir bacı olmuşlar. Atasına özü baxmışdır. Ona görə də atası mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzili 4Ə-2-59 reyestr saylı, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 12.000 manat konpensasiya müqabilində cavabdehin və digərlərinin sözügedən mənzildən istifadə hüququna xitam verilmişdir. Buna baxmayaraq cavabdeh hazırda Migəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq həmin mənzildən məcburi pay hüququnun təmin edilməsini tələb edir. Cavabdeh atasına baxmamış, qayğı göstərməmiş, səhhəti ilə maraqlanmamış, dəfnində belə iştirak etməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsə hesab edilməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil əvvəllər hazırkı iddiaçı və cavabdehin atası X3 xüsusi mülkiyyətində olmuş və 4Ə-2-59 reyestr saylı, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən hazırkı İddiaçı bağışlamışdır. X1 iddiasına əsasən hazırkı Cavabdeh və X2 hər birinə 6000 manat, cəmi 12000 manat məbləğində pul kompensasiyası verilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil əvvəllər iddiaçının (həmçinin cavabdehin) atası X3 xüsusi mülkiyyətində olmuş və X4 tərəfindən 4Ə-2-59 reyestr saylı, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən hazırkı İddiaçı bağışlanmışdır. Hazırda sözügedən mənzil hazırkı iddiaçının tam mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdeh hazırda Migəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq sözügedən mənzildən məcburi pay hüququnun təmin edilməsini tələb edir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı sözügedən mənzilə dair vəsiyyətnaməni qoyulması halı müəyyən olunmamışdır. Əksinə iddiaçının özünün izahatından və təqdiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, sözügedən mənzillə bağlı iddiaçının (həmçinin cavabdehin) atası X4 tərəfindən hər hansı bir vəsiyyətnamə qoyulmamışdır. Azərbaycan Respublikası MPM-nin 1137-ci maddəsinin mənasına görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 1137-ci maddəsinin müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı iddianın heç bir əsası yoxdur. Ona görə ki, qanunvericiliyə əsasən hər hansı bir şəxsin ləyaqətsiz vərəsə sayıla bilməsi üçün vəsiyyətnaməsin qoyulması və bu zaman ləyaqətsiz vərəsə hesab edilə biləcək şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi hallarının olması, həm də həmin halların məhkəmə tərəfindən təsdiq edilmiş olması zəruridir. Lakin, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən mənzilə dair mənzilin əvvəlki mülkiyyətçisi X4 tərəfindən vəsiyyətnaməsin qoyulması və bu zaman ləyaqətsiz vərəsə hesab edilə biləcək şəxsin – hazırkı cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi hallarının olması müəyyən olunmadı. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə tələbi”nə dair iddia iddia tələbi irəli sürsə də, məhkəmə iclasında iddiasını əsaslandıra və sübuta yetirə bilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianı nə hüquqi, nə də ki, faktiki əsası yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar