Məhkəmə qərarları › İş №2(061)-861/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-861/2025

18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-861/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh, X4 və X2 qarşı torpaqdan çıxarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Tərtər rayonu, Hüsənli kəndində yerləşən JN 283 Kod 61100048 saylı Dövlət Aktı əsasında olan 1,34 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizələrini onunla əsaslandırmışdırlar ki, xüsusi mülkiyyətlərində olan Tərtər rayon Hüsənli kəndində yerləşən 1.34 ha pay torpaq sahəsinə Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 11 saylı qərarına əsasən JN 283 Kod 61100048 saylı Dövlət Aktı verilmişdir. X12 əsasında olan 1.34 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkib becərməyinə maneçilik törədir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. Onlar dəfələrlə cavabdehə onlara məxsus olan 1.34 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina edir və onlara bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. Halbuki onlara məxsus olan 1.34 ha torpaq sahələrini heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişlər. Hal-hazırda da Cavabdeh onlara məxsus olan 1.34 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Tərtər rayonu, Hüsənli kəndində yerləşən JN 283 Kod 61100048 saylı Dövlət Aktı əsasında olan 1,34 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamışdır. O uzun illərdir ki, Tərtər rayon Hüsənli kəndinin ərazisində təsərrüfat (fərdi sahibkarlıq) işləri ilə məşğul olur. Hüsənli kənd sakinləri X3 və onun oğlu İddiaçı1 dəfələrlə onun barəsində Tərtər rayon Polis şöbəsinə şər və böhtan xarakterli şikayət ərizələri yazaraq ona müxtəlif şər və böhtanlar atırlar. X1 onun barəsində Tərtər RPŞ-nə dəfələrlə yazdığı şikayətlər araşdırılmış və nəticədə məlum olmuşdur ki, X3 ona şər və böhtan atır. X3 və onun oğlu İddiaçı1 indi də onun barəsində Tərtər Rayon Məhkəməsində heç bir əsası olmayan iddia tələbi irəli sürmüşlər ki, guya onların torpaqlarını zəbt etmişdir. X3 və onun oğlu İddiaçı1 onun barəsində Tərtər Rayon Məhkəməsinə verdikləri iddia tələbi tamamilə əsassız olmaqla yanaşı həmdə tamailə şər və böhtanlardan ibarətdir. Belə ki, X3 və onun oğlu İddiaçı1 pay torpaqları ilə onun qanuni mülkiyyətində olan torpaq sahəsinin heç bir sərhəd əlaqəsi yoxdur. Onların pay torpaları ilə onun qanuni mülkiyyətində olan torpaq sahəsinin arasında başqa sakinlərin mülkiyyətlərində olan torpaq sahələri olduğuna görə onların əkin sahələri onun qanuni mülkiyyətində olan torpaq sahəsindən olduqca kənarda yerləşir. İddiaçı1 ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin 1.34 ha hissəsini, o cümlədən heç kimin torpaq sahəsini zəbt etməmişdir, qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən uzun müddətdir ki, fasiləsiz və maneəsiz olaraq istifadə etmişdir. Hazırda iddiaçılar məhkəmə iclasına gəlməmişlər. O, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Eləcədə digər cavabdehlər məhkəmə iclaslına gəlməmişlər, onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçıların vəsatətlərinə əsasən cavabdeh kimi cəlb edilmiş cavabdehlər X7 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsalar da heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sənədlər: -AZE № 01851089 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə Tərtər rayon Hüsənli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1994-cü il təvəllüdlüdür. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü il təvəllüdlüdür. -Tərtər RİHB-ın Hüsənli kənd İƏD-İ üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Tərtər rayon Hüsənli kəndində yaşayır. -Tərtər rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 11 saylı qərarına əsasən JN 283 Kod 61100048 saylı X13 əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.34 ha torpaq sahəsi ayrılmışdır. -Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. -İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “cinayət işinin başlanmasının rədd olunması haqqında” Tərtər rayon X6 Qrupunun müstəntiqi polis kapitanı Vüqar Hüseynovun 27 noyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, X1 müraciəti üzrə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. -İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Tərtər rayon Hüsənli kəndində 2.1452 ha kənd təsərrüfatlı torpaq sahəsinin hüquqi sahibi Cavabdehdur. -İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Tərtər rayon Hüsənli kəndində 2.6967 ha kənd təsərrüfatlı torpaq sahəsinin hüquqi sahibi Cavabdeh və ailə üzvləridir. -İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Tərtər rayon Hüsənli kəndində 3.7391 ha kənd təsərrüfatlı torpaq sahəsinin hüquqi sahibi Cavabdehdur. -Tərtər Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə mübahisə torpaqla bağlı olduğundan xüsusi biliyə malik mütəxəssislər tərəfindən müvafiq rəy verilməsindən ötrü ekspertiza təyin olunmaqla mülki işin icraatı dayandırılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 18 iyul 2025-ci il tarixli, 3-21-3-46/2-3805/2025 saylı məktubundan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilməsi üçün İddiaçı1 və iddiaçının atası X3 ilə telefon (***-***-**-**), (***-***-**-**) əlaqəsi saxlanıldı çöl-ölçmə işlərinin aparılmasına icazə vermədiklərini bildirdilər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 04 dekabr 2025-ci il tarixli, 3-21-3-46/2-6334/2025 saylı məktubundan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilməsi üçün iddiaçılar çöl-ölçmə işlərinin aparılmasına icazə vermir, onlardan ilkin torpaq islahatı zamanı püşk siyahısını tələb edir və əraziyə gəlmir bu səbəbdən də çöl-ölçmə işləri aparılmır. Bu səbəbdən də Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-861/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(061)- 863/2025 saylı məhkəmə qərardadlarının icrası tərəflərindən mümkün olmamışdır. -İş üzrə Cavabdeh 18 dekabr 2025-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçıların və digər cavabdehlərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılıb, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçı tərəf cavabdehə qarşı torpaq tələbi ilə bağlı iddia qaldırsa da dəfələrlə iddiaçıların məhkəmə iclaslarına gəlməməsi səbəbindən məhkəmə iclasıları təxirə salınmışdır. Bununla yanaşı iddiaçılar cavabdehlər tərəfindən onların torpaq sahələrinin qanunsuz istifadə olunması ilə bağlı hr hansı bir mötəbər sübut təqdim etməmişlər. Onlar öz şəxsi mülühizələrinə əsaslanaraq iddia tələbi verməklə kifayətlənmişlər. Ən əsası isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi 04 12.2025-ci il tarixli məktubdan görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)- 861/2025 saylı və xx.xx.2025-ci il tarixli mülki iş üzrə mütəxəssis rəyinin verilməsi barədə xx.xx.2025-ci il tarixli, 2(061)-861 saylı məktublara aidiyyəti üzrə 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Müraciətdə göstərilən təhqiqat obyektinə baxış keçirilməsi üçün iddiaçılar çöl ölçmə işlərinin aparılmasına razılıq verməmiş, onlardan ilkin torpaq islahatı zamanı püşk siyahısını tələb etmiş və əraziyə gəlməmişdir. Bununla da iddiaçılar bir daha öz tələblərinin əsaslılığını şübhə altında qoymuş, iş üzrə mütəxəssis rəyinin əsas qəbul olunan sübutlardan olmasına baxmayaraq həmin sübutun hazırlanıb məhkəməyə təqdim edilməsinə bilərəkdən süni şəkildə maneşlik törətmişlər. Eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə iş materiallarına əlavə edilmiş ərizəsində ilk əvvəllər torpaqların püşkatma ilə bölünməsindən bəhs etmiş, cavabdehlər Valeh Əkbərovun və Əkbər Rayevin onun püşklərini Cavabdehlə dəyişdiyini göstərmiş, lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, qanunun tələblərindən aydın olur ki, hər tərəf öz tələbini əsaslandırmalı və sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bunun əksinə olaraq Cavabdeh məhkəməyə çıxarışlar təqdim etmiş və istifadəsində olan torpaq sahələrinin qanuni əsaslarla istifadə etdiyini sübut etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxarılanadək onlara tapşırılmış vəzifərin həyata keçirilməsi, fiziki şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məasədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünü idarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qanunvericiliyin bu normalarına istinad edərək məhkəmə hesab edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi “Torpaq sahəsinin Planı və Ölçüsü Sənədi”ni sübut növü kimi qiymətləndirilməsi məqsədə müvafiqdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir, cavabdeh özünə və ailə üzvlərinə aid olan pay torpaq sahəsindən istifadə edir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdeh tərəfin izahatlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və onun hazırki iş üzrə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini boşaltmasını tələb etmək hüququ olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin iatifadəsində olan ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsində iddiaçıya məxsus torpaq sahəsi olmadığı tam təsdiqini tapmışdır. Beləliklə də bu hallar iddiaçıya cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması üçün iddia qaldırmaq hüququnu verməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Tərtər rayon Hüsənli kəndində yerləşən pay torpaq sahəsinin cavabdehin mülkiyyətində olması məhkəmədə elan edilmiş çıxarış sənədlərinə əsasən tam sübut olunur. Cavabdeh həmin torpaq sahələrini qanuni sahibidir. İddiaçı tərəf ona məxsus olan mübahisəli torpaq sahəsiniin ona məxsus olmasını ilə bağlı JN 283 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dir” Dövlət Aktını təqdim etsə də, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi barədə hər hansı bir qeydiyyat aparılmamış və ya hər hansı bir sənədin olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İş materiallarını, iddia ərizəsini və cavabdehin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X4 və X2 qarşı onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Tərtər rayonu, Hüsənli kəndində yerləşən JN 283 Kod 61100048 saylı Dövlət Aktı əsasında olan 1,34 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddia tələbləri təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X4 və X2 qarşı onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Tərtər rayonu, Hüsənli kəndində yerləşən JN 283 Kod 61100048 saylı Dövlət Aktı əsasında olan 1,34 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar