Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-105/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidmətinə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutuna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz Regional ASAN xidmət mərkəzinə qarşı torpaqdan çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki işə Tovuz şəhərində 21 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidmətinə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstituna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz Regional ASAN xidmət mərkəzinə qarşı iddia qaldıraraq daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı ( reyestr nömrəsi **********,reyestr nömrəsi **********15) çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri ərazisində 0,9136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına cavabdeh təşkilatların işçilərinin həmin torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı ( reyestr nömrəsi **********,reyestr nömrəsi **********15) çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri ərazisində 0,9136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adına qeydiyyata alınmışdır. 2019-cu ildən etibarən cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmişlər, orada hansısa qazıntı işləri aparırlar, bu barədə ona məlumat vermədən həmin torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı ( reyestr nömrəsi **********, reyestr nömrəsi **********15) çıxarışa əsasən, mülkiyyətində olan Tovuz rayonu Qovlar şəhəri ərazisində 0,9136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına cavabdeh təşkilatların həmin torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 xidmətinin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə olunan torpaq sahəsində ölkə əhəmiyyətli abidələr mövcuddur. Orada araşdırılmalar hələ yekunlaşdırılmamışdır.Arxeoloji işlərin aparılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 33 nömrəli vəkalətnamə 19 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidməti ilə razılaşdırılmışdır. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. cavabdehlərə rəsmi məhkəmə bildirişi göndərilsə də cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə məhkəmə iclasına çağırılmış şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İşə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı ( reyestr nömrəsi **********, reyestr nömrəsi **********15) çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar şəhəri ərazisində 0,9136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 01 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, qazıntı işləri aparılmış torpaq sahəsinin 1594 kv.m hissəsi ƏMDX-nin elektron məlumat bazasına əsasən X1 **********15 və **********67 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İşə əlavə olunmuş 33 nömrəli vəkalətnamədən görünür ki, arxeoloji işlərin aparılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 33 nömrəli vəkalətnamə 19 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidməti ilə razılaşdırılmışdır. Məhkəmə araşdırması zamanı zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1594 kv.m hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji araşdırmaların aparılması məqsədi ilə tutulmuşdur.İddiaçının mülkiyyət hüququna maneələr yaransa da belə məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, mülkiyyətə müdaxilə dövlət maraqlarının qorunması üçün edilmişdir. Yəni,hazırki işin halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1594 kv.m hissəsi Göytəpə və Kiçik Təpə adlı qədim yaşayış yerlərinə düşür ki, bu yerlərdə də əsaslı arxeoloji qazıntı və kəşfiyyat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 33 nömrəli vəkalətnamə 19 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və X7 Xidməti ilə razılaşdırılmışdır.Yəni, həmin vəkalətnamə ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya İnstitutu qeyd edilən ərazidə qazıntı işləri aparmaq üçün hüquq əldə etmişlərə. Bu da onu deməyə əsas verir ki, mülkiyyət hüququna müdaxilə qanuni olmuşdur. Məhkəmə qeyd edir ki, bu müdaxilə nə qədər qanuni olsa da belə iddiaçının bu müddət ərzində mülkiyyət hüququna müdaxilə etmiş şəxsdən dəymiş ziyan tələb edilməsi də istisna edilmir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd edir ki, viki mənbələrdən istifadə edilərək müəyyən edilmişdir ki, Göytəpə (ing.Goytepe)-Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə,Qovlar şəhəri ərazisində yerləşir. 2008-ci ildə hazırki mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerlən Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlanılmışdır. 2009 -cu ildə, tədqiqatçı X3 Tokio Universitetinin Professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssisi Yoşihihiro Nişiyaki ilə Göytəpə qədim yaşayış yerində və ətrafında olan (Tovuz rayonunda yerləşən) digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparılması ilə bağlı ilkin razılığa gəldikdən sonra tərəflər arasında (Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokiyo Universiteti) əməkdaşlıq memorandumu imzalanmışdır. Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalar ilə enli divarlar vasitəsilə birləşirdi. Nəticədə, binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən idi. Abidənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı həmçinin bina tikililərin mümkün rekonstruksiyasını həyata keçirməyi mümkün etmişdir. Göründüyü kimi aşkaqr edilmiş abidələr dövlət və ölkə əhəmiyyətli abidələrdir ki, həmin abidələri qorumaq məqsədi ilə dövlət orüanları tərəfindən atılan addımlar mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilməz. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmipraktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir Həmin Qanunun 7-ci maddəsinə əsasən abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tədqiqat aparılan mübahisəli ərazidə ölkə əhəmiyyətli abidələr aşkar edilmişdir. Qeyd edilən Qanunun 11-ci maddəsinə görə mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi mülkiyyətində abidə aşkar edilmiş mülkiyyətçi aidiyyəti qurumlarla həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi də bağlamamışdır. İddiaçı ərizəsində göstərir ki, cavabdeh qurumlar ona hər hansı məlumat vermədən mülkiyyətində olan torpaq sahəsində qazıntı işləri aparırlar.Ona torpaqdan istifadə etməyə imkan vermirlər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir. Göründüyü kimi ölkə əhəmiyyətli abidələr aşkar edilmiş ərazidə mülkiyyətçi həmin torpaqdan istifadəni dərhal dayandıraraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verməmiş, inşaat və digər təsərrüfat işlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilməsi məsələsi açıq qalmışdır. Odur ki, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, inşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir. Göründüyü kimi iddiaçının da üzərinə qanunla müəyyən vəzifələr qoyulmuşdur ki, bu vəzifələr yerinə yetirilmədən qeyd edilən şəxslərin mülkiyyətə müdaxiləsi qanuni hesab ediləcəkdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adı çəkilən Qanunun 28-29-cu maddələrinə əsasən Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respublikasının da qoşulduğu 16 noyabr 1972-ci il tarixli Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, bu Konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən,1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər. Həmin Konvensiyanın 1-ci və 2-ci maddələrində qeyd edilmişdir ki, bu Konvensiyada «mədəni irs» dedikdə: Abidələr: memarlıq, monumental həykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloci xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları; Ansambllar: memarlığı, peyzacla vəhdəti və ya əlaqəsi tarix, incəsənət, yaxud elmi baxımdan görkəmli universal dəyərə malik əlahiddə və ya birləşdirilmiş tikili qrupları; Görkəmli yerlər: insan əlinin əməli, yaxud insan və təbiətin birgə əsəri, eləcə də, diqqətəlayiq arxeoloci yerlər daxil olmaqla, tarix, estetika, etnologiya və ya antropologiya baxımından görkəmli universal dəyərə malik zonalar başa düşülür. Bu Konvensiyada «təbii irs» dedikdə: Estetika, yaxud elm baxımından görkəmli universal dəyərə malik fiziki və bioloji birləşmələrdən və ya belə birləşmə qruplarından ibarət təbiət abidələri; Elm, yaxud konservasiya baxımından görkəmli universal dəyərə malik geoloci və fizioqrafik birləşmələr və təhlükəyə məruz qalan heyvan və bitki arealı olan dəqiq hüdudlanmış zonalar; Görkəmli təbii yerlər, yaxud elm, konservasiya və ya təbii gözəllik baxımından görkəmli universal dəyərə malik dəqiq hüdudlanmış təbii zonalar başa düşülür. Konvensiyada daha sonra təsbit edilmişdir ki, bu Konvensiyanın hər bir tərəf-dövləti ərazisində yerləşən,1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsin aşkara çıxarılmasını, mühafizə edilməsini, qorunub saxlanmasını, populyarlaşdırılmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək öhdəliyinin ilk növbədə ona həvalə olduğunu etiraf edir. Bu məqsədlə o, həm mövcud ehtiyatlardan maksimum istifadə etmək yolu ilə öz səyləri, həm də, lazım gəldikdə, istifadə edə biləcəyi beynəlxalq yardım və əməkdaşlıq-o cümlədən, maliyyə, bədii, elmi və texniki baxımdan-vasitəsilə hərəkət etməyə çalışır. Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir. Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir. Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakı bərabərliklər təmin edilir: 6.3.1. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi; 6.3.2. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi. Qeyd edilən məddənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir. Hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında, mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir. Həmin Qanunun 8.1-ci maddəsinə görə hər kəsin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən etmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst seçmək hüququ vardır. Mədəniyyət cəmiyyətləri öz mədəni özünəməxsusluğunu təbliğ etmək və inkişaf etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna malikdir. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsusluğunun qorunmasına və inkişafına dəstək göstərir. Məhkəmə qeyd edir ki, hər bir abidə tarixi mədəniyyət əsəri olmaqla mədəni sərvətimizi təşkil edir. Bu sərvətlərdən xüsusi mülkiyyət kimi istifadə etmək digər şəxslərin mədəni həyatda iştirak etmək hüququna olan bir müdaxilədir. Məhkəmə qeyd edir ki, hazırda bir mülkiyyətçinin torpaq sahəsinin 1594 kv. hissəsinə olan müdaxilə dövlət əhəmiyyətli olduğundan qədim köklərə malik xalqımızın mədəni həyatına olan müdaxilənin qarşısını almış olur. Bu da onu deməyə əsasə verir ki, mülkiyyət hüqüquna olan müdaxilə gözlənilən nəticəyə uyğundur. Sonuncu adı çəkilən Qanunun 30.1.1-ci maddəsinə əsasən hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları mədəni sərvətlər hesab edilir. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı) Beləliklə məhkəmə bu qənaətə gəlir ki, hazırda mülkiytyət hüququna olan müdaxilə qanunçuluğun tələblərinə cavab verməklə, digər şəxslərin mədəniyyət hüquqlarının müdafiəsi məqsədilə tətbiq edilməklə, dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi məqsədlərinə uyğundur və qarşıya qoyulan məqsədə mütənasib olmaqla da bu konstitusiya hüququnun mahiyyətini də dəyişdirmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək, yuxarıda əsaslandırılmış halları nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-105/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-105/2024
04.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver