Məhkəmə qərarları › İş №2(062)-1059/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1059/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1059/2025 28.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən, mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış 0.36 ha həyətyanı torpaq sahəsindən çıxarılması və cavabdehin həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mərhum əri X4 adına 0.36 ha həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsini Cavabdeh zəbt etmiş, bu səbəbdən də mərhum ərindən miras qalmış əmlaka dair öz adına mülkiyyət sənədi ala bilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi X5 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. AZ-İİ 378844 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 357463 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X1 nikahları xx.xx.1984-cü ildə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-3359/2024 saylı məktubdan görünür ki, daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qonşunun istifadəsində olduğu və həmin torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5359 nömrəli məktubdan görünür ki, xx.xx.1958-ci il tarixdə Tovuz rayonu, Qazqulu kəndi ünvanında anadan olmuş və xx.xx.2023-cü il tarixdə ünvan 1 etmiş X3 miras qalmış əmlaka dair Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinə xx.xx.2023-cü ildə mərhumun arvadı İddiaçı müraciəti ilə 8V-1087 nömrəli vərəsəlik işi açılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-2879/2025 saylı mütəxəssis rəyinin verilməsi barədə məktubdan görünür ki, **********09 nömrəli çıxarışda göstərilən mülkiyyət hüququ üzrə X6 məxsus Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 17.7 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdehin istifadə etdiyi əraziyə hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. **********09 nömrəli çıxarışda göstərilən mülkiyyət hüququ üzrə X6 məxsus Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 17.7 kv.m hissəsində Cavabdeh tərəfindən daş hasar çəkilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5359 nömrəli məktubu ilə müəyyən olunur ki, X3 miras qalmış əmlaka dair Tovuz regional Asan xidmət mərkəzinin Notariat ofisinə xx.xx.2023-cü ildə mərhumun arvadı İddiaçı müraciəti ilə 8V-1087 nömrəli vərəsəlik işi açılmışdır. Odur ki, İddiaçı mərhum əri X4 vərəsəsi kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, **********09 nömrəli çıxarışda göstərilən mülkiyyət hüququ üzrə X6 məxsus Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 17.7 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdehin istifadə etdiyi əraziyə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehin isə mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yoxdur. Onun torpaq sahəsinin tutduğu hissəsindən istifadə etməsi qanuni əsasa söykənmir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarış üzrə mülkiyyət hüququ əsasında mərhum X6 məxsus Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha torpaq sahəsinin 17.7 kv.m. hissəsindən Cavabdeh çıxarılmalı və həmin əraziyə onun tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarış üzrə mülkiyyət hüququ əsasında X6 məxsus Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0.36 ha torpaq sahəsinin 17.7 kv.m. hissəsindən Cavabdeh çıxarılsın və həmin əraziyə onun tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar