Məhkəmə qərarları › İş №2(062)-129/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-129/2024

18.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-129/2024 18.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil və Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “çəkilmiş xərcin qaytarılması” tələbinə dair mülki işə Tovuz şəhərində 18 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində və sahibliyində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşadığı evə çəkdiyi xərcin geri qaytarılması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkili Vəkil təmsil etmişdir. İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı cavabdehin keçmiş ərinin dayısıdır. Cavabdehin hazırda yaşadığı evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin torpaq sahəsini Vüqar Yusubovun xahişinə əsasən, istifadə etmək üçün cavabdehə və onun ailə üzvlərinə vermişdir. Həmin vaxt cavabdeh iddiaçının bacısı oğlu Vüqarla evli olmuşdur. Hazırda onlar ayrılmışlar və iddiaçı cavabdehin ona məxsus torpaq sahəsində yaşamağını istəmir. Ona görə də, iddiaçı ona məxsus 0,08 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq təhvil verilməsini istəyir. Odur ki, Cavabdeh iddiaçının mülkiyyətində və sahibliyində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda cavabdeh həmin evə köçən zaman orada tikili və hazır vəziyyətdə olan yaşayış yeri olmuşdur. Orada hər hansı təmir işi görmüşdürsə, bu barədə iddiaçının hər hansı bir xahişi olmamışdır. Eyni zamanda cavabdeh heç bir yerdə işləməmiş, heç bir yerdən gəliri olmamışdır. Əri ilə hər hansı mübahisələri varsa, öz aralarında həll edə bilərlər. Ona görə də qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Vüqar Yusubov ilə evlənməmişdən qabaqdan dayısı, yəni İddiaçı 0,08 ha torpaq sahəsini onlara ev tikib köçmək üçün vermişdir. Əslində torpaq sahəsi ərinə məxsus olmuş , o Gürcüstan vətəndaşı olduğuna görə öz adına torpaq sahəsi əldə edə bilməmiş, iddiaçı olan dayısı İddiaçı adına almışdır. Onun toyu olan zaman həmin torpaq sahəsində 1 otağı hazır olan evə gəlin köçmüşdür. Evli olduqları müddətdə keçmiş əri ilə o, birlikdə evi yenidən təmir etdirmiş, xeyli miqdarda həmin evə xərc qoymuşlar. Vüqar xaricdə işləyərək pul göndərmiş, o isə özünün və uşağının boğazından kəsərək evi təmir etdirmişdir. Belə ki, həmin evin tikintisinə 20000 manatdan artıq pul xərclənmişdir. Həmin vaxt alınan ləvazimatlar, materialların əksəriyyətinin fakturası və sənədləri, həmçinin şəkilləri vardır. Həmin sübutları da ərizəyə daxil etmişdir. Ona görə də İddiaçı inşa edilmiş evin tikinti və təmiri işlərinə xərclənmiş 20000 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 150 manatın alınıb ona verilməsini və ilkin iddianın ona veriləcək pul ödənildikdən sonra təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Surəti işə əlavə olunmuş qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Surəti işə əlavə olunmuş Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, Yusubov Vüqar ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Tovuz regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı cavabdehin keçmiş əri Vüqar Yusubovun dayısıdır. Cavabdehin hazırda yaşadığı evinin yerləşdiyi torpaq sahəsi çıxarışa əsasən, iddiaçıya məxsusdur. Həmin torpaq sahəsini əvəzsiz olaraq istifadə etmək üçün cavabdehə və onun ailə üzvlərinə vermişdir. Həmin vaxt cavabdeh iddiaçının bacısı oğlu ilə evli olmuşdur. Hazırda onlar ayrılmışlar və iddiaçı cavabdehin ona məxsus torpaq sahəsində və orada olan tikililərdə yaşamağını istəmir. Ona görə də, iddiaçı ona məxsus 0,08 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq təhvil verilməsini istəyir. Qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, Yusubov Vüqar ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Tovuz regional Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüquqları qeydə alınmış, lakin fərdi yaşayış evi üzərində hüquqlar qeydə alınmamışdır. Bunla belə mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində yerləşən torpaq sahəsi üzərindədir. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Evdən çıxarılma ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar» 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, «mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Baxılan işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması anına qədər həmin evin hüquqi əsası olan (titul) sahibi sayılır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən həmin evə onun gözlənilən mülkiyyət hüququ vardır. İşə əlavə olunmuş 08 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1325 saylı ekspertiza rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və tikintitəmir işlərinin təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 25014 manat məbləğində dəyəri müəyyən olunur. Cavabdeh ərizəsində mübahisə edilən evin onlara məxsus olmasını göstərir və iddiaçının X2 verdiyi izahatına istinad edir. Tovuz rayon PŞ-də qəbul edilmiş 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin evi İddiaçı özü tikmiş, Vüqarla Günel evin onların adlarına qeydiyyatda olmalarını istəyirlərsə, nikahda olmalarının vacibliyi vurğulanmış, əks halda Türkiyədə olan bacısı Əskinazın gəlməsini və o gəldikdən sonra kimə məsləhət bilərsə, onun adına keçiriləcəyini bildirmişdir. Göstərilən hala məhkəmə qiymət verərək hesab edir ki, evin cavabdehə məxsus olması ilə əlaqədar heç bir müddəa aşkar olunmamışdır. Qarşılıqlı iddiaçının özü belə həmin evin iddiaçıya məxsus olmasını inkar etməmişdir. Eyni zamanda məhkəmə evin təmirinə çəkilmiş xərclə əlaqədar bildirir ki, həmin xərclərin konkret olaraq kimin tərəfindən çəkilməsi qeyri-müəyyəndir. Belə ki, iddiaçı həmin evə köçərkən evin bir otağının hazır olmasını bildirir, qalan hissələri isə evin içində yaşayarkən əri Vüqarın göndərdiyi vəsaitlə boğazından kəsərək icra etdiyini bildirir. Belə olan halda məhkəmə hesab edir ki, ümumi evə ekspert tərəfindən müəyyən edilmiş xərcin nə qədər hissəsinin cavabdeh tərəfindən çəkilməsi qeyri-müəyyəndir. Cavabdeh evə xərcin onun tərəfindən çəkilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir. İşdə olan qaimələr isə heç bir möhürlə təsdiq olunmadığından məhkəmə tərəfindən sübut kimi qəbul olunmur. Eyni zamanda Cavabdeh özü etiraf edərək pul vəsaitinin əri Vüqar tərəfindən göndərildiyini bildirir. Belə olan halda əri tərəfindən həmin pulun tələb olunması barədə ona səlahiyyət verilməsi müəyyən edilmir. Ona görə də qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından göründüyü kimi, cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Ona görə də iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi torpaq sahəsinin və üzərində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin mülkiyyət hüquqlarının real olaraq bərpa olunmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh İddiaçı məxsus 0,08 ha torpaq sahəsi və tikilidən çıxarılmalıdır. Məhkəmə tərəfindən mübahisə edilən torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunmuş, ekspertiza çəkilmiş xərci hesablamışdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc tərəflərdən bərabər qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh İddiaçı məxsus 0,08 ha torpaq sahəsi və həmin sahədə olan tikilidən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi təmin edilməsin. 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulsun. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar