Məhkəmə qərarları › İş №2(062)-1305/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1305/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1305/2024 02.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi (anası) X3, cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər X4 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdehlər X4 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun Banu adlı uşağı ilə birlikdə cavabdeh X2 yaşadığı və Cavabdeh2 adına qeydiyyata alınmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən X8 ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuş, birgə nikahlarından Banu adlı uşaqları doğulmuşdur. Onlar ailə qurduqdan sonra Şirəli Məmmədov torpaq sahəsi almış və həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. Banu adlı uşaqları da həmin evdə doğulmuşdur. Özü və uşağı həmin ünvanda qeydiyyatdadırlar. Hətta ona aid cehiz əşyaları da həmin evdədir. Xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar. Nikahın pozulması və aliment tələbinə dair mülki işləri Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Onun və uşağının fərdi yaşayış evində yaşamalarına cavabdehlər imkan vermirlər. Aralarında olan ailə münasibətləri pozulduqdan sonra Şirəli Məmmədov əmlakı anasına bağışlamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (anası) X9 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, qızı ilə cavabdeh Şirəli Məmmədov rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və qızı gəlin kimi Tovuz rayonu, Abulbəyli kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin evə qızı gəlin kimi 2021-ci ilin avqust ayında köçmüşdür. Qızının cehiz əşyaları da həmin evə yığılmış və uşağı Banu da həmin fərdi yaşayış evində doğulmuşdur. Qızı 2023-cü ilin may ayına kimi həmin fərdi yaşayış evində fasiləsiz olaraq yaşamışdır. Həmin tarixdə isə qızı mübahisəli fərdi yaşayış evindən döyülərək çıxarılmışdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Şirəli Məmmədovun adına rəsmiləşdirilməsi üçün bütün xərcləri belə o çəkmişdir. Hətta fərdi yaşayış evi belə onların vəsaiti hesabına başa gəlmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda qızı onlarla birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X8 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı X7 ilə 2021-ci ilin avqust ayında ailə qurmuş və nikahlarını xx.xx.2022-ci ildə rəsmi qeyd etdirmişlər. İddiaçı gəlin kimi həmin ilin avqust ayının 3-də mübahisəli fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır və hazırda da mübahisəli fərdi yaşayış evindədir. Onların birgə nikahlarından Banu adlı uşaqları da həmin fərdi yaşayış evində doğulmuşdur. İddiaçı 2023-cü ilin may ayına kimi orada yaşamışdır. Həmin tarixdə evdən çıxıb getmişdir. Mübahisəli fərdi yaşayış evinin bütün xərci onun özü və ailəsi tərəfindən çəkilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, yalnız həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun qardaşına məxsusdur. Ümumilikdə mübahisəli fərdi yaşayış evi ona məxsus deyildir. Həmin evdə hazırda heç kim yaşamır, özü belə valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Torpaq sahəsinin əvvəllər ona bağışlanılmasına səbəb ondan ibarət olmuşdur ki, gedib orada yaşasın. Lakin sonradan qardaşı fikrindən daşınmış və özünə aid torpaq sahəsini tələb etmişdir. Ona məxsus hər hansı fərdi yaşayış evi yoxdur ki, iddiaçı da onun keçmiş arvadı olaraq həmin evə köçürülsün. Mübahisəli fərdi yaşayış evi 2020-2021 –ci illərdə inşa edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi boyük oğlu Kamil üçün alınmışdır. Mübahisəli fərdi yaşayış evinin 2020-ci ildə inşasına başlanılmış və 2021-ci ilin iyul ayında ev yaşanılacaq həddə çatdırılmışdır. Fərdi yaşayış evi hələ də tam hazır deyildir. İddiaçı həqiqətən də gəlin kimi mübahisəli fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da ora yığılmışdır. Fərdi yaşayış evi oğlu Kamilə məxsusdur. Sadəcə olaraq oğulları Kamil və Şirəli öz aralarında razılaşmış və Şirəli həmin evdə müvəqqəti yaşamağa başlamışdır. Mübahisəli fərdi yaşayış evinin oğlu Şirəliyə heç bir aidiyyəti yoxdur. Hazırda orada heç kim yaşamır. Oğullarının hər ikisi onunla birlikdə ata mülkündə yaşayırlar. İddiaçının fərdi yaşayış evinə köçürülməsinə qəti şəkildə narazıdır. Oğlu Kamil həmin fərdi yaşayış evinə köçüb orada yaşayacaqdır. Şirəli isə onunla birlikdə qalacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş Banu adlı uşaq anasının yanında saxlanılmış, habelə, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşına çatana kimi anası üçün hər ay cavabdehdən 40 manat məbləğdə alimentin alınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 və Cavabdeh2 adına qeydiyyata alınmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X8 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini anası Cavabdeh2 bağışlamışdır. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsini oğlu X6 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2022-ci ildə aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2023-cü ildə aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-ci ildə aparılmışdır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı maddi hüquq normaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının mənzil hüququndan bəhs edən 43-cü maddəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh Şirəli Məmmədov 2021-ci ilin avqust ayında faktik ailə münasibətlərinə girməklə ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmi qeyd etdirmişlər. İddiaçı Tacirə Məmmədova gəlin kimi Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki mübahisəli fərdi yaşayış evinə köçmüşdür. İddiaçıya məxsus cehiz əşyaları da həmin fərdi yaşayış evinə yığılmış, habelə, onların birgə yaşayış və nikahlarından doğulmuş Banu adlı uşaq da həmin evdə dünyaya gəlmişdir. İddiaçı Tacirə Məmmədova 2023-cü ilin may ayına kimi mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmin tarixdə isə iradəsinə zidd olaraq evdən çıxarılmışdır. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin ev iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsində olan fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmaz. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə analogiyadan istifadə olunmaqla həll olunmalıdır. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (adı çəkilən Qanunun 1.0.10-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi. Hazırkı işdə ilk iki hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı fərdi yaşayış evindən məhrum edilib. Ona görə də sonuncu halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehlərin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda iddiaçını uşaqları ilə birlikdə yaşadığı və birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı evdən istifadə etməkdən məhrum etmişdir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsində göstərilmişdir ki, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə bir məqamı da qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni formada təzahür etmişdir. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlərlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsaslıdır. Həmçinin cavabdehlərin mübahisəli ev üzərində mülkiyyət hüququ olmadığından onun iddiaçıya və uşağına qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Tacirə Məmmədova azyaşlı uşağı – xx.xx.2022-ci il təvəllüdlü Banu adlı uşağı ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsindəki fərdi yaşayış evinə köçürülməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı X7 azyaşlı uşağı – xx.xx.2022-ci il təvəllüdlü Banu adlı uşağı ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha torpaq sahəsindəki cavabdehlər X8 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçı X5 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar