Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1335/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yolun açılması və özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «yolun açılması və özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Hacallı kəndində yerləşən cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yolun açılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Hacallı kəndində qeyri-yaşayış binası, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeyri-yaşayış binası qeydə alınmışdır. Hacallı kəndi Ermənistan Respublikası ilə sərhəd olduğu üçün islahat aparılmamışdır. Həyətyanı torpaq sahələrinə müvafiq şəhadətnamə verilməmişdir. Cavabdehə də məxsus Hacallı kəndində fərdi yaşayış evi vardır. Cavabdeh ona məxsus evin, həyətyanı torpaq sahəsinin və qeyri-yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolu tutmuşdur. Yolun eni əvvəllər 8-10 metr olmuşdur. Lakin cavabdeh ümumi istifadədə olan yolu tutaraq öz istifadəsində olan həyətyanı torpaq sahəsinə birləşdirmiş və daş hasarla əhatəyə almışdır. Cavabdeh həmin torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi istifadə edir. Hətta orada inşaat işləri apararaq çardaq tikdirmişdir. Bu barədə Hacallı bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etmişdir. Hətta Tovuz rayon İcra Hakimiyyətində belə yolun açılması ilə bağlı məsələ qaldırmışdır. Lakin şikayətləri nəticə verməmişdir. Cavabdehin apardığı tikinti işlərinə heç bir icazə alınmamışdır. Cavabdeh onun evinə, həyətyanı torpaq sahəsinə və qeyri-yaşayış binasına gediş-gəliş yolunu zəbt edərək gediş-gəlişini məhdudlaşdırmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, gediş-gəliş yolu tələb edir. Ərazidə ona məxsus qeyri-yaşayış binası vardır. Orada yaşamırlar sadəcə olaraq cavabdehin zəbt etdiyi yol anbara gedən yoldur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, mübahisəli torpaq sahəsi mərhum atası X1 anbar binasının yerləşdiyi torpaq sahəsidir. Həmin torpaq sahəsi 2000-ci ildən onların faktiki istifadəsindədir və iddiaçının sökülməsini tələb etdiyi tikililər 20 ildən artıqdır ki, inşa edilmişdir. Bunu iddiaçı özü də bilir. İddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə ayrıca gediş-gəliş yolu mövcuddur. Hətta iddiaçı özünə məxsus fərdi yaşayış evini təzəlikcə inşa etdirmiş və tikinti materialları həmin yol ilə aparılmışdır. Yəni onun tərəfindən iddiaçıya məxsus əmlaklar üçün nəzərdə tutulmuş gediş-gəliş yolu tutulmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Əlibəyli kəndində xüsusi mülkiyyət hüququ üzrə 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Tovuz RKCİ-yə məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Tovuz rayonu, Əlibəyli kəndində yerləşən Tovuz RKCİ-yə məxsus 95,4 kv.m. ümumi sahəsi olan mağazanın hüquq subyekti İddiaçıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Əlibəyli və Hacallı kəndləri Ermənistanla sərhəd boyunca yerləşdiyindən həmin kəndlərdə islahat aparılmamışdır. Ona görə də ƏMDX-nin bazasında həmin kəndlər barədə hər hansı elektron xəritə materialları mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin şimal və cənub tərəfinə Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulmuş və 50.5 metrə qədər daş hasara alınmışdır. Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və baza məlumatlarında da hər hansı məlumat mövcud deyil. Qeyd: Rəyin tərtib edilməsi Əlibəyli və Hacallı kəndlərində islahat getmədiyinə görə və həmin kəndlər barədə ƏMDXnin elektron bazasında hər hansı məlumat olmadığına görə yalnız ortofoto görüntülərinə və faktiki istifadəyə istinad edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və torpaq qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri gediş-gəliş yolunun açılması və tikilinin sökülməsi üzrə yaranan mübahisədir. Mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan sübutlar iddia tələbinin rədd edilməsinə əsas verir. İddia tələbindən göründüyü kimi, iddiaçı hüquq subyekti olaraq ona məxsus olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən Tovuz RKCİ-yə aid 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb edir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. İddia tələbinin həllində eyni zamanda iddia tələbini şərtləndirən digər hüquq normaları da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələri). Bu normaların tətbiq edilməsi üçün, orada əksini tapmış dispozisiya şərtlərinin mövcud olduğunu müəyyən etmək zəruridir. Məhkəmə tərəfindən obyektiv nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki sahədə mütəxəssis dəvət edilmiş və müvafiq mütəxəssis rəyi alınmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə–mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. (Mülki Prosessual Məcəllənin 64.1,79.1 və 97.1-ci maddələri). Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə ilə müəyyən edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus (hüquq subyekti İddiaçı) qeyri-yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına gedişgəliş yolu iddiaçının iddia etdiyi yerdən nəzərdə tutulmamışdır. Hansı ki, həmin rəyə əlavə olunan ortofoto görüntülərə istinad edilərək tərtib edilmiş plan sxemindən bunu aydın görmək olur. Həmin plan sxemdən müəyyən edilir ki, gediş-gəliş yolu kimi nəzərdə tutulmuş Əlibəyli-Hacallı yolu cavabdeh tərəfindən zəbt edilməmişdir. Doğrudur ki, cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsi vardır. Ancaq həmin yer gediş-gəliş yolu üçün nəzərdə tutulmuş ərazi deyildir. Həmin torpaq sahəsinin gediş-gəliş yolu kimi olması yalnız iddiaçının özü tərəfindən iddia edilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən yol kimi iddia olunan torpaq sahəsi ilə ona məxsus qeyri-yaşayış binasının arasında başqa boş torpaq sahəsi də mövcuddur. Bu ona dəlalət edir ki, zəbt edilmiş ərazi ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının ümumiyyətlə birbaşa əlaqəsi yoxdur. Yəni birbaşa əlaqə olmadığından həmin ərazinin gediş-gəliş yolu olması ağlabatan deyildir. Plan sxemdən bu hallar aydın görünür. Zəbt edilən ərazinin ümumi istifadədə olması halı olsa belə, iddiaçıya məxsus qeyriyaşayış binasına gediş-gəliş yolu oradan nəzərdə tutulmadığından iddianın təmin edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə diqqətə çatdırır ki, zəbt olunan bir ərazi olsa belə ilk növbədə bu halların iddiaçının hüquqlarını pozması şəraiti baş tutmalıdır ki, onun həmin ərazinin zəbtdən azad edilməsi və orada olan tikililərin sökülməsini tələb etmək hüququ yaransın. Hazırki mübahisə üzrə isə zəbt edilmiş ərazinin iddiaçının mülkiyyətinə olması və ya onun mülkiyyətində olan əmlaklara gediş-gəliş yolunu məhdudlaşdırması halı yoxdur. Yəni iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa sahib deyildir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki və torpaq qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «yolun açılması və özbaşına tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1335/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1335/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver