Məhkəmə qərarları › İş №2(062)-1375/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1375/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1375/2023 20.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 124,2 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Şəbnəm, xx.xx.2012-ci il təvəllüdlü Elton və xx.xx.2014-cü il təvəllüdlü Elvin adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun olmadığı üçün ayrılmışlar və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, Cavabdeh1 ilə evlənən zaman Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən evə gəlin köçmüşdür. Onun və uşaqlarının həmin evdən başqa yaşamağa yerləri yoxdur. Cavabehlər isə onun həmin evdə köçüb yaşamasına icazə vermirlər. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbinin dəlillərini müdafiə etdi və izahatında göstərdi ki, gəlin köçən zaman cavabdehlərin Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 124,2 kv.m. olan fərdi yaşayış evinə köçmüşdür. Cehiz əşyaları həmin evə yığılmış, uşaqları da həmin evdə doğulmuşdur. Evdən çıxarılan bir günə kimi cavabdehlərlə birgə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Hazırda ona məxsus cehiz əşyaları da həmin evdədir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hesab edir ki, onun və uşaqlarının həmin evdə yaşama hüququ vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, iddiaçı onun keçmiş gəlinidir. Tovuz rayonu, Dondar Quşçu kəndində onun ümumi sahəsi 124,2 kv.m. olan fərdi yaşayış evi vardır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı oğlu Firuz ilə evlənən zaman qeyd olunan evə gəlin kimi köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Uşaqları da həmin evdə doğulmuşdur. İddiaçının uşaqları ilə birlikdə evə köçürülməsinə razıdır və hazırda iddiaçıya məxsus cehiz əşyaları da evdədir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-548 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Şəbnəm, xx.xx.2012-ci il təvəllüdlü Elton və xx.xx.2014-cü il təvəllüdlü Elvin adlı uşaqların anası X1 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh1 alınaraq X2 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ İ 403143 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında olan nikah pozulmuş və bu barədə xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. Doğum haqqında AZ İİ 073765 saylı, AZ İİİ 416537 saylı və AZ İİ 821601 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Şəbnəm, xx.xx.2012ci il təvəllüdlü Elton və xx.xx.2014-cü il təvəllüdlü Elvin adlı uşaqların atası Cavabdeh1, anası isə X3r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə 2007-ci ilin yanvar ayından köçdüyünü nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə oradan istifadə hüququ olan şəxsin münasibətlərindən bəhs olunduğuna görə, bu normanın hazırki işə tətbiq edilməsinin mümkünlüyü üçün ilk növbədə mübahisəli yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmasını zəruridir. Mübahisəli mənzilin hüquqi statusu ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının gəlin köçdüyü və cavabdehlərin iddiaçını yaşamağa imkan vermədiyi mübahisəli fərdi yaşayış evi rəsmi dövlət qeydiyyatından keçməmişdir və mülkiyyətdə deyildir. Evə dair yalnız Cavabdeh2 adına texniki pasport tərtib edilmişdir. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həllin tapmalıdır. Çünki Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mübahisəli evdən fasiləsiz istifadə etmiş, rəsmi nikahdan olan uşaqlarıı həmin evdə doğulmuş, ümumi təsərrüfat aparmış və evdən çıxarılana kimi orada yaşamışdır. Bununla da iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi qanunamüvafiqdir. Eyni zamanda birgə nikahdan doğulmuş uşaqları da onunla birlikdə evə köçürülməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X4 uşaqları ilə birlikdə cavabdehlərə məxsus Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 124,2 kv.m. olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı X4 xx.xx.2008-ci il təvəllüdlü Şəbnəm, xx.xx.2012-ci il təvəllüdlü Elton və xx.xx.2014-cü il təvəllüdlü Elvin adlı uşaqları ilə birlikdə Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus ümumi sahəsi 124,2 kv.m. olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar