Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1380/2023 21.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional «Asan» Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə və üçüncü şəxs X3 qarşı «nikahın etibarsız sayılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Tovuz regional «Asan» Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə və üçüncü şəxs X3 qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Qovlar şəhər İcra Nümayəndəliyində xx.xx.1991-ci il tarixdə 33 nömrə ilə qeydə alınmış nikah aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4 ilə xx.xx.1988-ci il tarixdə 10 sayla nikah qeydiyyatından keçməklə evlənmişdir. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ərinə münasibətdə vərəsəlik hüququ ilə bağlı X11 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət edən zaman ona məlum olmuşdur ki, mərhum əri onunla nikahda olduğu müddət ərzində X5 ilə də nikah qeydindən keçmişdir. Halbuki, onunla nikahda olan şəxsin başqa şəxs ilə nikaha girməsi mümkünsüzdür. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbinin dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hazırda ərinə münasibətdə sənədlərdə uyğunsuzluq olması səbəbi ilə vərəsəlik hüququndan istifadə edə bilmir. Çünki elektron portaldan ərinin iki nikahı çıxır. Hansı ki, mərhum əri onunla nikahda ola-ola üçüncü şəxs ilə nikah qeydindən keçmişdir. Bildiyi qədər qanunverici bu halı qadağa etmişdir. Habelə həmin şəxsi tanımır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin üzrlü hesab edilməsi üçün məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında İV-ЖГ 411204 saylı şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı nikahlarını xx.xx.1988-ci il tarixdə, 10 nömrə ilə Tovuz rayon X8 qeyd etdirməklə ailə qurmuşdur. Ölüm haqqında AZ İİ 099357 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 93 nömrə ilə qeydiyyat aparılmışdır. Tövuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 650 saylı arayışdan görünür ki, X2 ilə X5 nikahlarını xx.xx.1991-ci ildə 33 nömrə ilə Tovuz rayon Qovlar şəhər İcra Nümayəndəliyində qeyd etdirmişlər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə nikahın etibarsızlığı üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına Azərbaycan SSR-nin xx.xx.1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş Nikah və Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Çünki etibarsızlığı tələb edilən nikah qeydi 1991-ci il tarixdə aiddir və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 2-ci maddəsində qeyd olunmuşdur ki, SSR İttifaqının və müttəfiq respublikaların nikah və ailə qanunvericiliyi Əsaslarına uyğun olaraq, bu Məcəllə nikaha daxil olma qaydasını və şərtlərini müəyyən edir, ailədə ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında, ailənin digər üzvləri arasında şəxsi və əmlak münasibətlərini, övladlığa götürmə, qəyyumluq və himayəçiliklə, uşaqların tərbiyəyə götürülməsi ilə əlaqədar münasibətləri, nikahın pozulması qaydasını və şərtlərini, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydasını tənzim edir. Həmin Məcəllənin 13-cü maddəsində qeyd olunmuşdur ki, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də ər-ərvadın və uşaqların şəxsi və əmlak hüquqlarının və mənafeyinin mühafizəsi məqsədi ilə müəyyən edilir. İddia tələbinin mərkəz hüquq norması Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsidir. Həmin normada göstərilmişdir ki, nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Nikahın bağlanmasına mane olan hallardan bəhs edən Nikah və Ailə Məcəlləsinin 17ci maddəsində göstərilmişdir ki, nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaş-bacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə mərhum X4 ilə xx.xx.1988-ci il tarixdə 10 sayla nikah qeydiyyatından keçməklə evlənmişdir. Lakin həmin nikah qeydi pozulmadığı halda iddiaçının mərhum X10 üçüncü şəxs Solmaz Qasımova ilə xx.xx.1991-ci il tarixdə yenidən nikaha girmişdir. Hansı ki, həmin vaxt qüvvədə olan və yuxarıda göstərilən Məcəllənin tələblərinə əsasın bu hal birmənalı olaraq nikahın bağlanmasına yol verə bilməzdi. Göstərilən xüsusatlar isə mübahisələndirilən nikah qeydinin etibarsız olmasına əsas verir. Nikah və Ailə Məcəlləsinin nikahın etibarsız hesab edilməsi qaydasından bəhs edən 49-cu maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yaranmır. Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka Azərbaycan SSR Mülki Məcəlləsinin 111-125-ci maddələrinin qaydaları tətbiq olunur. Nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir. Ər-arvaddan biri nikahda olduğunu digərindən gizlətdikdə, nikah etibarsız hesab edilərkən məhkəmə onunla etibarsız nikahda olmuş şəxsin saxlanması üçün ondan bu Məcəllənin 32-36-cı maddələrinə uyğun surətdə vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı, bu Məcəllənin 23, 24, 27-29-cu maddələrində müəyyən edilmiş müddəaları tətbiq edə bilər. Nikahın bağlanması üçün maneçiliklər olduğunu bilməyən ər (arvad) nikah etibarsız hesab edildikdə, nikah qeydə alınan zaman seçdiyi familiyanı saxlaya bilər (Nikah və Ailə Məcəlləsinin 53-cü maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Tovuz rayonu, Qovlar şəhər İcra Nümayəndəliyində xx.xx.1991-ci il tarixdə 33 nömrə ilə qeydə alınmış nikah aktı etibarsız hesab edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Tovuz rayonu, Qovlar şəhər İcra X1 ilə X5 arasında xx.xx.1991-ci il tarixdə 33 nömrə ilə qeydə alınmış nikah aktı etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1380/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1380/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver