Məhkəmə qərarları › İş №2(062)-142/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-142/2024

22.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-142/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Bozalqanlı kəndi ərazisində yerləşən mərhum anası X1 miras qalmış evdən və torpaq sahəsindən Cavabdeh payına düşən hissəyə dair Cavabdeh ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Tovuz rayonu Bozalqanlı kəndində yaşayır. 26 mart 2005-ci ildə Tovuz rayonu Bozalqanlı kənd sakini Cavabdeh ilə akt tərtib edərək onun mərhum anası olan X5 adına olan yaşayış mülkündən qardaşı oğlu Cavabdeh payına düşən mülkün əvəzinə kənar yerdən həyatyanı torpaq sahəsi alıb ev tikdirmək üçün o Cavabdeh köhnə pul olan ******* manat pul vermişdir. Pulu verən zaman cavabdeh, cavabdehin yoldaşı, o və kənd icra nümayəndəsinin əməkdaşı 26 mart 2005-ci il tarixli əl yazması olan akt tərtib edərək pulun verildiyini rəsmiləşdirmişlər. Həmin akt müvafiq qaydada təsdiq edilmişdir. Bununla bağlı onun bir cox şahidləri vardır. Bundan əlavə alqı-satqını təsdiq edən əlyazma da mövcuddur. Həmin pulu cavabdeh ondan alıb torpağı sənə satdım demişdir. Onların razılaşmasına əsasən Ceyhun sözügüdən torpaq sahəsinə münasibətdə aralarında olan alqı-satqını yaxın günlərdə rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Bunun üçün də həmin sənədləri özündə saxlayırdı ki, ən geci bir həftə ərzində alqı-satqını notariat kontorunda rəsmiləşdirsinlər. Hətta bunun üçün o Tovuz rayon dövlət notariat kontoruna da müraciət etmiş, lakin Ceyhun yaxın günlərdə rəsmiləşdirərək deyə ondan xahiş etmişdir. Daha sonra o cavabdehi axtarıb tapa bilmədiyinə görə aralarında olan alqı-satqını rəsmiləşdirə bilməmişdir. Bu illər ərzində ailə vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasında yaşamış, bunun üçün da imkan tapıb həmin torpağı adına rəsmiləşdirmək üçün müvafiq oranlara müraciət edə bilməmişdir. Həmin torpaq cavabdehin adına qalmaqda davam edir. Sözügedən evi adına rəsmiləşdirib ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda düşmək istəyir. Buna görə də mülkün faktiki mülkiyyətçisi hesab edilir. Ona görə də, Tovuz rayonu Bozalqanlı kəndi ərazisində yerləşən mərhum anası X1 miras qalmış evdən və torpaq sahəsindən Cavabdeh payına düşən hissəyə dair Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə hər hansıalqı-satqı müqaviləsi bağlanılmamışdır. Evin mülkiyyətçisi onun nənəsi olmuşdur. O istəsə də belə bir müqavilə bağlaya bilməzdi. Ona görə də işə mahiyyəti üzrə baxaraq iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində Tovuz rayonu Bozalqanlı kəndində ümumi sahəsi 54,5 kv.m, 0,1052 ha torpaq sahəsi olan fərdi yaşayış evi vardır. İş materiallarında olan JN-144F KOD-50300088 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsinin surətindən görünür ki, X6, Cavabdeh və X4 mülkiyyətinə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.11 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan MH 00110643 seriyalı çıxarışdan görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində istifadədə olan 0.015 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 56,5 kv. m. yaşayış, 61,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2-216-2004 saylı qətnaməsinin surətindən görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən X2 adına olan 1982-ci ildə daşdan tikilmiş üç yaşayış otaqlı ev X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestri xidmətinin 15 saylı Tovuz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********08 saylı məktubundan görünür ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən mərhum X2 payına düşən 1/3 hissəsinin miras əmlak kimi oğlu X7 və nəvəsi Cavabdeh tərəfindən ¼ hissədən ibarət vərəsəlik payı, X4 isə ¾ hissədən ibarət vərəsəlik payı müəyyən edilmişdir. İş materiallarında olan 26 mart 2005-ci il tarixli aktdan görünür ki, X4 anası X2 adına olan yaşayış mülkündən qardaşı oğlu Cavabdeh payına düşən mülkün əvəzinə kənar yerdən həyat yanı torpaq sahəsi alıb ev tikdirmək üçün oğlu Cavabdeh ******* manat pul vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2110 saylı arayışdan görünür ki, Cavabdeh, X6 və X12 rayonu Bozalqanlı kəndində yerləşən torpaq sahəsinin mülkiyyətçiləridir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bəhram Əliyevin iştirakı ilə 26 mart 2005-ci ildə Tovuz rayonu Bozalqanlı kənd sakini Cavabdeh ilə akt tərtib edilərək onun mərhum anası olan X5 adına olan yaşayış mülkündən qardaşı oğlu Cavabdeh payına düşən mülkün əvəzinə kənar yerdən həyat yanı torpaq sahəsi alıb ev tikdirmək üçün o Cavabdeh ******* manat pul vermişdir. Pulu verən zaman cavabdeh, cavabdehin arvadı, o, kənd icra nümayəndəsinin əməkdaşı akt tərtib edərək pulun verildiyini rəsmiləşdirmişlər. Onların razılaşmasına əsasən Ceyhun sözügüdən torpaq sahəsinə münasibətdə aralarında olan alqı-satqını yaxın günlərdə rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən yayındığından o məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçının tələbi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsindən ib arətdir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İşin hallarından göründüyü kimi tərəflər arasında mübahisə 2005-ci ilin mart ayında yaranmışdır. Yəni, həmin ildə tərəflər arasında X3 adına olan yaşayış evinin cavabdehin payına düşən hissəsinin satılması barədə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə tərəflər arasında imzalanmışdır. Aktdan göründüyü kimi həmin vaxtı hələ cavabdeh qeyd edilən əmlakın mülkiyyətçisi olmayaraq həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə sahib olmamışdır. Əks halda aktda cavabdehə məxsus əmlakdan söhbət gedərdi. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinin tələbləri şamil edilməlidir. Belə ki, həmin maddəyə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Mülki Məcəllənin 393-cü maddəsinəəsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh gələcəkdə əldə edəcəyi əmlakı digər tərəfə verməyi öhdəsinə götürsə də, həmin müqavilə notariat qaydasında təsdiq edilməli olduğundan tərəflər arasındakı münasibətin hər hansı hüquqi qüvvəsi yoxdur. Məhkəmə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair məsələyə də digər tərəfd ən hüquqixqiymət verərək onu qeyd edir ki, İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-nin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Məhkəmə hesab edir ki, əmlak cavabdehin adına mövcud olsa da belə alqı-satqı(akt) müqaviləsi bağlanılarkən yuxarıda göstərilmiş qaydalara riayət edilmədiyindən həmin əqd etibarlı hesab edilərək bağlanılmış hesab edilə bilməz. Bundan başqa da iddiaçı əqdin bağlanılmamasını əks tərəfin təqsiri ucbatından baş verməsini və məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasına dair sübutlarını da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar