Məhkəmə qərarları › İş №2(062)-1492/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1492/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1492/2024 09.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evindən cavabdehin uşaqları və əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil xərci kimi ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ata mülkündə yaşayır. Mərhum ərinə məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsində ümumi sahəsi 106,6 kv.m. fərdi yaşayış evi mövcud olmuşdur. Əri vəfat etdikdən sonra onun vərəsələri kimi oğlu və özü qalmışdır. Oğlu Abbasəli cavabdeh ilə 2012-ci ildə evlənib ailə qurmuş və 2023-cü ildə onlar arasında olan nikah pozulmuşdur. Hazırda keçmiş gəlini onu evə buraxmır və özü də evdən könüllü çıxmır. Oğlu da ona etibarnamə vermişdir ki, keçmiş arvadını fərdi yaşayış evindən çıxarsın. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun oğlu ilə 2012-ci ildə evlənib ailə qurmuşdur. Həmin tarixdən bu yana cavabdeh mübahisəli fərdi yaşayış evində yaşamışdır. Hazırda da yaşamağa davam edir. Bu səbəbdən məcbur qalıb fərdi yaşayış evindən özü çıxmışdır. Oğlu ilə cavabdeh arasında olan nikah 2023-cü ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Özü 2023-cü ilin aprel ayının 1-dən evdən aralarında yaranmış mübahisəyə görə çıxmışdır. Onun gəlini ilə birlikdə yaşaması mümkün deyildir. Aralarında olan mübahisə cavabdehin onun oğlundan aliment tələb etməsi üzrə yaranmışdır. Bunu haqsızlıq kimi qəbul etmişdir. Necə olar bilər ki, eyni evdə yaşasınlar ancaq cavabdeh onlardan aliment tələb etsin. Cavabdeh onun mübahisəli fərdi yaşayış evindən çıxmasını tələb etməmişdir, sadəcə olaraq özü haqsızlığa tab gətirməmiş və evdən könüllü çıxmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüquqlarını məhdudlaşdırığını göstərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının oğlu Abbasəli Novruzov ilə 2012-ci ildə ailə quraraq nikahlarını xx.xx.2012-ci ildə rəsmi şəkildə qeyd etdirmişlər. Evlənən vaxt gəlin kimi həmin fərdi yaşayış evinə köçmüşdür. Cehiz əşyaları da həmin evə yığılmışdır. Abbasəli Novruzov ilə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Uşaqları da mübahisəli fərdi yaşayış evində dünyaya gəlmişdir. Hazırda da uşaqları ilə birlikdə orada yaşayırlar. İddiaçının oğlu ilə aralarındakı nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Buna baxmayaraq iddiaçı ilə birgə yaşamağa davam etmişdir. İddiaçı özü könüllü olaraq 2023-cü ilin aprel ayında evi tərk etmişdir. İddiaçı ilə aralarında yaranan mübahisə zamanı hər dəfə onu evdən çıxarmaq ilə hədələdiyi üçün o da öz növbəsində iddiaçının oğlundan yaranan aliment borcunu tələb etmişdir. Məhz buna görə iddiaçı evi könüllü tərk etmişdir. Hazırda iddiaçının və oğlunun ona əmlak tələbi üzrə 5000 manat, aliment borcu üzrə 15000 manata yaxın borcu vardır. Ümumilikdə ona iddiaçı tərəf 20000 manat verəcəyi halda evdən çıxmağa hazırdır. Onun mübahisəli fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Yeganə gedəcəyi yer atasının evidir. Atasının isə onun uşaqlarını saxlamaq kimi vəzifəsi yoxdur. Hesab edir ki, çıxarılacaq qətnamə zamanı onun himayəsində olan azyaşlı uşaqların da mənafeyi nəzərə alınmalıdır. Bundan başqa mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun keçmiş əri Abbasəli Novruzova məxsusdur. Bu kimi hal onun və uşaqlarının da evdə payının olmasına dəlalət edir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə X7 arasında olan xx.xx.2012-ci il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqlar anasının yanında saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 məxsus olmuşdur. Torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X4 məxsus olmuşdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü il tarixdə aparılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V-262 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X2 vərəsələri arvadı İddiaçı və oğlu X5r. Miras əmlak isə ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum X3 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X4 məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2024-cü il tarixdə aparılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi, habelə, yaşayış sahəsindən istifadə üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Evdən çıxarılma tələbi ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin mənzilindən çıxarılmasını tələb etmək hüququna malikdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdehin evdən istifadə hüququnun olub-olmaması, habelə, keçmiş ailə üzvü kimi onun bu hüququnun saxlanılıbsaxlanılmaması araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının mənzil hüququndan bəhs edən 43-cü maddəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh ilə iddiaçının oğlu Abbasəli Novruzov xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Cavabdeh ailə qurduqdan sonra gəlin kimi hazırda iddiaçı və onun oğlu – cavabdehin keçmiş əri Abbasəli Novruzovun birgə mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki ümumi sahəsi 106,6 kv.m. olan fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh hazırki vaxta kimi orada yaşayır. Bir sözlə cavabdeh mübahisəli fərdi yaşayış evindən hazıra kimi fasiləsiz və etirazsız istifadə edir. Onun uşaqları da həmin evdə dünyaya gəlmiş və ona məxsus cehiz əşyaları da orada yerləşir. Cavabdehin başqa yaşayış yeri yoxdur. Onunla iddiaçının oğlu arasında olan nikah xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə yaşayış sahəsində yaşayan şəxslər arasındakı münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının keçmiş gəlinini çıxarmaq istədiyi mübahisəli fərdi yaşayış evi onunla birgə cavabdehin keçmiş əri olan Abbasəli Novruzovun mülkiyyətindədir. Yəni cavabdehin keçmiş əri fərdi yaşayış evi üzrə paylı mülkiyyətçidir. Belə olan halda isə cavabdehin özünün saxlanılmasın tələb etmək hüququ yaranmış olur. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrindən bəhs edən Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilmişdir: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzilə iddiaçının oğlunun ailə üzvü olaraq yəni arvadı kimi köçmüşdür və hüquqları Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşür. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Hazırki mübahisə üzrə cavabdehin özünün yaşayış evinin olmamasını, özünü başqa yerdə yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması aşkardır. Bunu məhkəmə işinin mübahisəsiz halı kimi qəbul edir. Bu nöqteyi-nəzərdən məhkəmə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət – beş il müddətinə saxlanılmasını ədalətli hesab edir. İddiaçının mülkiyyət hüquqlarının pozulmasına dair onun vəkilinin yanaşması üzrə qeyd olunur ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; mütənasib olmalı; bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evindən beş il müddətinə istifadə hüququnun saxlanması du prinsiplərə zidd deyildir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarı). İşin faktik hallarından aydın olur ki, cavabdehin keçmiş əri uzun müddət Rusiya Federasiyasındadır və onun uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəməli olduğu aliment borcu hədsiz çoxdur. Bir sözlə cavabdehin keçmiş əri valideynlik vəzifələrini layiqincə icra etmir. Uşaqların saxlanılması yalnız ana kimi cavabdehin üzərindədir. Bu aspektdən məhkəmə hesab edir ki, cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddət daxilində saxlanılması ədalətli və qanunidir. Uşaqları təkbaşına böyüdən ananın himayəsində yetkinlik yaşına çatmamış məktəblilərin olması onun başqa yerdə özünü və uşaqlarını saxlaması üçün mənzillə təmin edə bilməsi baxımından mümkün olmayan haldır. Belə bir durumda həmin şəxsin evdən çıxarılması məhkəmə tərəfindən qanuni hesab edilmir. Məhkəmə göstərir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Hazırda da müəyyən edilmiş cavabdehin istifadə hüququ müddəti bu cür differensasiyalaşdırılmış yanaşmaya əsaslanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar