Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1500/2023 05.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun cavabdehə məxsus Tovuz rayonu, Qandallar kəndində yerləşən ümumi sahəsi 266,90 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun atasıdır. Atasına məxsus Tovuz rayonu, Qandallar kəndində yerləşən ümumi sahəsi 266,90 kv.m. olan fərdi yaşayış evində doğulmaqla həmin evdə böyümüş, habelə ailə quraraq ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Əvvəllər aralarında hər hansı narazılıq olmasa da, son vaxtlar atasının onun ailə işlərinə qarışması səbəbindən aralarında mübahisə yaranmışdır. Atası onu 2022-ci ilin noyabr ayında ailəsi ilə birlikdə evdən çıxarmışdır. Məcbur qalıb ailəsi ilə birlikdə qohumların evinə sığınmışdır. Dəfələrlə özü və qohumları vasitəsi ilə atasından onu və ailəsini evə buraxmasını xahiş etsə də, atası heç kəsi eşitməmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, doğulduğu bir gündən bu yana kimi atasına məxsus mübahisəli evdə yaşamışdır. Evləndikdən sonra da ailəsi ilə birlikdə yaşamağa davam etmişdir. Ona və ailəsinə məxsus bütün əşyalar da həmin evdədir. Uşaqları da həmin evdə doğulmuşdur. Atası ilə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Lakin atası daimi olaraq onun ailə işləri müdaxilə etdiyi üçün aralarında narazılıq yaranmışdır. Atası ondan tələb etmişdir ki, ailəsi ilə birlikdə evi tərk etsin. Mübahisə daha da böyüməsin deyə ailəsini də götürüb evdən çıxmışdır. Lakin maddi durumu onun kirayədə yaşamasına və ya özünə ev almasına imkan vermir. Himayəsində iki azyaşlı uşaq vardır. Arvadı heç bir yerdə işləmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçı onun oğludur. Lakin buna baxmayaraq aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Sonuncu dəfə baş vermiş mübahisə nəticəsində isə oğlunu və ailəsini evdən çıxarmışdır. Hazırda oğlunun evə köçürülməsinə və onunla birlikdə yaşamağa davam etməsinə etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını qanunamüvafiq hesab edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Qandallar kəndində yerləşən ümumi sahəsi 266,90 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,5999 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh, İddiaçı və X2 məxsusdur. Doğum haqqında Xİ ЖГ 480222 saylı şəhadətnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X3r. Nikah haqqında AZ İ 786678 saylı şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 nikahlarını xx.xx.2012-ci il tarixdə, 501 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Doğum haqqında AZ İİİ 918852 və AZ İV 180277 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Vüqar və xx.xx.2018-ci il təvəllüdlü Nərmin adlı uşaqların atası İddiaçı, anası isə X4r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsində doğulduğu andan hazırki vaxta kimi yaşamasını alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı mübahisəli evdə doğulmuş, daimi olaraq orada yaşamış, oradan fasiləsiz olaraq istifadə etmiş, ümumi təsərrüfatı birgə aparmış və evdən çıxarılana kimi orada yaşamışdır. Bununla da iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Məhkəmə sadalanan normaları sistemli şəkildə təhlil edib, iş materialları baxımından hüquqi qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh məxsus Tovuz rayonu, Qandallar kəndində yerləşən ümumi sahəsi 266,90 kv.m. olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh məxsus Tovuz rayonu, Qandallar kəndində yerləşən ümumi sahəsi 266,90 kv.m. olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1500/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1500/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver