Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1578/2024 22.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvülərinə məxsus Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,53 hektar torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvülərinə məxsus Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,53 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evləri də mövcuddur. Torpaq sahəsi xx.xx.1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 23 saylı qərarı ilə onlara verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətlərində olması barədə JN-546A saylı şəhadətnamə mövcuddur. Lakin cavabdeh tərəfindən torpaq sahəsi özbaşına olaraq tutulmuş və ona məxsus təsərrüfata xeyli ziyan vurulmuşdur. Nəticədə cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulur. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mübahisəli torpaq sahəsinə onun tərəfindən müxtəlif ağaclar əkilmişdir. Artıq üç ildir ki, cavabdeh həmin ağaclardan onun istifadəsinə imkan vermir. Hansı ki, ağacların barı ilə dolanmasını təmin edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi babasından atasına, atasından isə ona qalmışdır. Faktiki olaraq torpaq sahəsi uzun illərdir ki, onların sahibliyindədir. Mütəxəssislər tərəfindən də ölçmə işləri aparılmış və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməməsi aşkar edilmişdir. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Torpağın mülkiyyətə verilməsinə dair» JN-546A KOD 50302028 saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə Tovuz rayonu, Bayramlı kəndi ərazisindən 0,53 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq verilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-546A KOD 50302028 saylı şəhadətnamədə göstərilən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətinə verilmiş Tovuz rayonu, Bayramlı kəndi ərazisində yerləşən 0,53 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi göstərilən 4118 kv.m. torpaq sahəsinin üst-üstə düşmə halı yoxdur. Baza məlumatlarına əsasən İddiaçı məxsus JN 546A nömrəli şəhadətnamədə olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. İddia edilən torpaq sahəsinin daxilində meyvə bağı mövcuddur və Cavabdeh uzun müddətli istifadəsindədir. Tikili mövcud deyil. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarnın izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin düzgün həlli üçün ilk növbədə iddiaçının işin faktik halları kimi təsvir etdiyi faktik əsasların təhlil olunması, ən əsası iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı tərəfindən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-546A nömrəli şəhadətnamə təqdim edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə Tovuz rayonu, Bayramlı kəndi ərazisindən 0,53 ha torpaq sahəsi verilmişdir. Onun və ailə üzvülərinin mülkiyyət hüququ «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 546A KOD 50302028 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda isə mülkiyyət hüququ üzrə iddiaçıya məxus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi hal yoxdur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Lakin bu zaman həqiqətən də cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi təsdiqin tapmalıdır. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisini işə cəlb etmişdir. Mülki Prosessual Məcəllənin 60-cı maddəsində göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Mütəxəssis tərəfindən rəy verilərək göstərilmişdir ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-546A KOD 50302028 saylı şəhadətnamədə göstərilən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 23 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətinə verilmiş Tovuz rayonu, Bayramlı kəndi ərazisində yerləşən 0,53 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi göstərilən 4118 kv.m. torpaq sahəsinin üstüstə düşmə halı yoxdur. Baza məlumatlarına əsasən İddiaçı məxsus JN 546A nömrəli şəhadətnamədə olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, iddiaçı və ailə üzvülərinə Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilsə və onların mülkiyyət hüququ «Torpağın mülkiyyətə verilməsinə dair» JN-546A KOD 50302028 saylı şəhadətnamə ilə rəsmiləşdirilsə də həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmə halı yoxdur. Cavabdehin faktik istifadə etdiyi torpaq sahəsi iddiaçının və ailə üzvülərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Həmin yer tamam başqa torpaq sahəsidir. Belə ki, mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahələrinin faktik vəziyyətini əks etdirən sxemdən görünür ki, İddiaçı məxsus «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 546A KOD 50302028 saylı şəhadətnamədə göstərilən 0,53 ha torpaq sahəsi ilə cavabdehin faktik istifadəsi kimi təqdim edilən 4118 kv.m. torpaq sahəsi arasında xeyli məsafə vardır. Göründüyü kimi işin halları isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1578/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1578/2024
22.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver