Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1580/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Qovlar şəhərində yerləşən JN-144A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə ona və ailə üzvülərinə Tovuz rayonu, Qovlar şəhəri ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların hüquqları «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında rəsmiləşdirilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsində onun icazəsi olmadan fərdi yaşayış evi inşa etdirmiş, hazırda da orada yaşayır. Cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, torpaq sahəsini başqa şəxsdən pul ilə aldığını bildirərək bundan imtina etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda Gəncə şəhərində yaşayır və 2000-ci illərdən ora köçmüşdür. Cavabdehin orada ev inşa etdirməsindən 7-8 il əvvəl xəbər tutmuşdur. Çünki torpaq sahəsinə mütəmadi olaraq baş çəkməmişdir. Qaynı olan Məzahir ona xəbər vermişdir ki, torpaq sahəsində ev inşa olunur. Əlaqə saxlayaraq onlarla razılaşmaq istəmişdir. Belə ki, cavabdehdən 10.000 manat pul tələb etmişdir. Cavabdeh tərəf isə 5000 manat təklif etdiyi üçün razılaşmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini cavabdehin keçmiş əri olan X2 almışdır. Artıq 30 ildir ki, mübahisəli torpaq sahəsi onun faktiki sahibliyindədir. Cavabdeh bu müddət ərzində bir dəfə olsun belə torpaq sahəsinə gəlməmiş və orada hər hansı iş görməmişdir. İndiyə qədər də müraciət etməmişdir. Torpaq sahəsində 27 ildən artıq müddətdir ki, fərdi yaşayış evi inşa etdirmişdir. Ailə üzvüləri ilə birlikdə həmin torpaq sahəsində yaşayırlar. Cavabdeh yalnız 01 il içərisində onunla əlaqə saxlamış və torpaq sahəsini geri tələb etmişdir. Hansı ki, cavabdehin ümumiyyətlə torpaq sahəsinin mövcud olmasından belə xəbəri olmamışdır. Hazırda da məqsədi ondan pul almaqdır. Lakin hədsiz çox məbləğ tələb edir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, cavabdeh ilə qonşuluqda yaşayır. Aralarında cəmi iki ev vardır. Cavabdeh 30 ilə yaxın bir müddətdir ki, orada yaşayır. Özü ora köçən zaman cavabdeh orada fərdi yaşayış evi inşa etdirmişdir. İndiyə qədər də orada yaşayır. İddiaçını isə tanımır. Heç bir zaman iddiaçını torpaq sahəsində gəlib hər hansı işlər görməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, iddiaçını tanımır və heç bir zaman görməmişdir. Lakin cavabdehi tanıyır. Belə ki, cavabdeh ilə qonşuluq münasibətində yaşayır. Özü həmin əraziyə 2006-cı ildən köçmüşdür. Köçən zaman cavabdeh orada mübahisəli torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində yaşayırmış. İddiaçının torpaq sahəsində hər hansı iş görməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, iddiaçını tanımır. Cavabdeh ilə qonşudurlar. Cavabdeh 1996-cı ildən mübahisəli torpaq sahəsində ağaclar əkmiş, daha sonra isə 1997-ci ildən orada fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Hazırki vaxta kimi də cavabdeh ailəsi ilə birlikdə orada yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, cavabdeh ilə qonşuluqda yaşayır. Özü həmin əraziyə 1990-cı ildən köçmüşdür. Cavabdeh mübahisəli torpaq sahəsini Elxandan almışdır. Mübahisəli torpaq sahəsi daim cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Orada cavabdeh tərəfindən fərdi yaşayış evi inşa etdirilmişdir. Hazırda da orada yaşayır. İddiaçının isə Elxanın keçmiş arvadı kimi tanımışdır. İddiaçı torpaq sahəsindən heç bir vaxt istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdir ki, cavabdehi tanıyır. Özü həmin əraziyə 1996-cı ildən köçmüşdür. Cavabdeh isə ondan qabaq orada yaşamış və mübahisəli torpaq sahəsini istifadə etmişdir. Orada cavabdeh tərəfindən fərdi yaşayış evi inşa etdirilmişdir. Hazırda da orada yaşayır. İddiaçını mübahisəli torpaq sahəsinə gələn və ondan istifadə edən görməmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Torpağın mülkiyyətə verilməsinə dair» JN-414A saylı şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə İsayeva (Hüseynova) Tünzalə İdris qızına və onun ailə üzvülərinə Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq verilmiş mütəxəssis rəyindən görünür ki, islahata dair kompleks yerquruluşu layihəsinə əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» JN-414A şəhadətnamə ilə İsayeva (Hüseynova) Tünzalə İdris qızının mülkiyyətinə verilmiş Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin ərazidə elektron baza məlumatlarına əsasən cavabdehə aid heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Torpaq sahəsində Cavabdeh məxsus fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, şahidlərin ifadələrini, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin düzgün həlli üçün ilk növbədə iddiaçının işin faktik halları kimi təsvir etdiyi faktik əsasların təhlil olunması, ən əsası iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində «Torpağın mülkiyyətə verilməsinə dair» JN-414A nömrəli şəhadətnamə üzrə paylı mülkiyyətçidir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə iddiaçı və ailə üzvülərinə Tovuz rayonu, Qovlar şəhəri ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçının əri Elxan Hüseynov tərəfindən aralarında olan razılıq əsasında Cavabdeh satılmışdır. Mübahisəli torpaq sahəsi 30 ildən artıqdır ki, cavabdehin faktik sahiblik və istifadəsindədir. Cavabdeh orada 1997-1998-ci illərdə fərdi yaşayış evi inşa etdirmişdir. Bu günə qədər də cavabdeh həmin fərdi yaşayış evində yaşayır. İddiaçı son bir il müddətə kimi cavabdehə fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmasını tələb etməmişdir. Mülki işin mübahisə edilməyən halıdır ki, ümumiyyətlə iddiaçı mübahisəli torpaq sahəsindən istifadə etməmiş, cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilən zaman xəbəri olmamış, ona hər hansı iradını bildirməmişdir. Hazırda isə iddiaçı cavabdehin 30 ildən artıq inşa edib yaşadığı fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində cavabdeh 30 ildən artıq müddətdir ki, inşa etdiyi fərdi yaşayış evində yaşayır. İşin bu halı, iddia tələbinin bəsit məzmunda olan torpaq sahəsindən çıxarılması barədə tələb kimi araşdırılmasını deyil, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salınmasını, tərəflərin arasında mövcud olan vəziyyətin reallıqlarını müəyyən edib təhlil olunmasını tələb edir. Çünki cavadehin mübahisəli torpaqdan istifadə etməsi, həmin torpaq sahəsi üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Başqa sözlə, iddia tələbinin düzgün həlli üçün həm də cavabdehin mübahisəli evdən istifadə etməsinin hüquqi əsasının olub olmamaması müəyyən edilməlidir. Bu yöndə araşdırma aparılan zaman isə məlum olur ki, aqrar islahat aparılan dövrdə artıq mübahisəli torpaq sahəsi cavabdehin faktik sahibliyində olmuş və orada fərdi yaşayış evi inşa edilmişdir. Daha sonra isə aralarında olan razılaşma əsasında iddiaçının ərindən pul müqabilində torpaq sahəsi alınmışdır. Bunun bariz nümunəsidir ki, aqrar islahat aparılan zamandan bu yana iddiaçı da daxil olmaqla digər paylı mülkiyyətçilərin heç biri torpaq sahəsi ilə maraqlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsində isə göstərilirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunur ki, cavabdehin mübahisəli torpaq sahəsində yerləşən və özü tərəfindən inşa edilən fərdi yaşayış evində daimi yaşaması və təsərrüfat aparması məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi müəyyən olunub. Bu hal, həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən cavabdehin evdən istifadə hüququnun tanınması üçün əsasdır. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi isə həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158.3-cü maddəsi). Baxılan mülki iş üzrə də cavabdehin mübahisəli torpaq sahəsində yerləşən evdən qanuni əsaslarla yaranmış istifadə hüququ var və torpağa mülkiyyət hüququnun iddiaçıya keçməsi, həmin hüququn aradan qalxmasına əsas vermir. İşin halları ilə cavabdehin mübahisəli torpaq sahəsində yerləşən inşa etdirdiyi fərdi yaşayış evində 1997-ci ildən yaşayıb istifadə etməklə, sıx təsərrüfat-məişət bağlılığı müəyyən edildiyinə görə, habelə torpaq sahəsinə mülkiyyət hüququ iddiaçıya keçdiyi 1997-ci ildən sonrakı dövrdə (27 il) cavabdehə qarşı iddia qaldırıb torpaq sahəsindən istifadə etməyə son qoymasını tələb etməməsi, işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına uyğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymtələndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (Mülki Məcəllənin 560.3.4-cü maddəsi). Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair istifadə hüququ var və mübahisəli həyətyanı torpaq sahəsi həmin evin ayrılmaz tərkib hissəsi olmaqla, həmin evə xidmət edir. Ona görə də, cavabdehin sözü gedən torpaq sahəsindən çıxarılması qanuni əsaslara söykənmir. Həmçinin cavabdehin mübahisəli mübahisəli torpaq sahəsində yerləşən evdən istifadə hüquququnun olması torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; Başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; Mütənasib olmalı; Bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1580/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1580/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver