Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1585/2023 15.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı nümayəndəsi X1 Tovuz regional “ASAN”xidmət mərkəzinin Notariat ofisinə qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakdan payın müəyyən edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göründüyü kimi nümayəndə iddiaçı ilə yaxın olduğunu təsdiq edən sənəd ərizəsinə əlavə etməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə isə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə iddia ərizəsinin imzalanması səlahiyyəti etibarnamədə xüsusi olaraq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada Tovuz rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1585/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1585/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver