Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-163/2023 06.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona məxsus olan, reyestr nömrəsi **********75-10301 olan çıxarışla ona məxsus 0,08 ha torpaq sahəsinin zəbt edilmiş 13 kv metr hissəsindən Cavabdeh çıxarılması və həmin torpağın ətrafına çəkilmiş hasarın üzərində inşa edilmiş daş hörgünün cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,08 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********75-10301 olan çıxarışla xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda göstərilən torpaq sahəsinin 13 kv metr hissəsini cavabdeh özbaşına istifadə edir. Həmin ərazidə özünün tikdiyi hasarın üzərində daş hörgü inşa etmişdir. Dəfələrlə Cavabdeh şifahi şəkildə həmin torpaq sahəsindən çıxmağını bildirmişdir, lakin cavabdeh torpaqdan çıxmamışdır. Odur ki, ona məxsus olan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 13 kv metr hissəsini qanunsuz olaraq tutub istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və həmin torpağın ətrafına çəkilmiş hasarın üzərində inşa edilmiş daş hörgünün cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********75-10301 olan çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kənd ərazisində 0,08 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş məktubdan görünür ki, işlə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə göndərilsə də, cavabdeh mübahisəli ərazidə mütəxəssislər gedən zaman iştirak etmədiyindən rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, tərəflərin ara sərhədində yerləşən iddiaçının mübahisələndirdiyi 13 kv metrlik sahə cavabdeh tərəfindən sonradan hasara alınaraq onun tərəfindən istifadə olunur və hasarın sonradan inşa edilməsi açıqaydın görünür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,08 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********75-10301 olan çıxarışla xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyi alınması mümkün olmasa da, məhkəmə işdə olan sənədləri və şəkilləri araşdıraraq iddia tələbinə qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi zəbt olunaraq hasar inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, reyestr nömrəsi **********75-10301 olan çıxarışla qeydə alınmış 0,08 ha torpaq sahəsinin zəbt edilmiş 13 kv metr hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpağın ətrafına çəkilmiş hasarın üzərində inşa edilmiş daş hörgünün cavabdehin hesabına sökülməlidir. İddia qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddiaçı şəhid ailəsi olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 100 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh reyestr nömrəsi **********75-10301 olan çıxarışla İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin zəbt edilmiş 13 kv metr hissəsindən çıxarılsın. Torpaq sahəsinin ətrafına çəkilmiş hasarın üzərində olan daş hörgü cavabdehin hesabına sökülüb götürülsün. Cavabdeh 100 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-163/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-163/2023
06.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver