Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1674/2024 12.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması» barədə ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 ilə onun qohumluq münasibətində yəni atası olması faktının, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 ilə onun qohumluq münasibətində yəni anası olması faktının və xx.xx.2007-ci ildə vəfat etmiş X13 ilə qohumluq münasibətində yəni qardaşı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində X9 ilə X14 birgə yaşayışlarından doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində anasının adı X3 qeyd olunmuşdur. Eyni zamanda doğulan zaman valideynlərinin rəsmi nikahı olmadığı üçün onun doğum haqqında şəhadətnaməsində ata adı yeri boşdur. Atası ilə anası arasında nikah xx.xx.1962-ci ildə bağlanmışdır və anası «Tağıyeva» soyadını götürmüşdür. X22 xx.xx.2012-ci ildə, anası Həbibə Tağıyeva xx.xx.2003-cü ildə vəfat etmişlər. Bundan başqa qardaşı İlham da xx.xx.2007-ci ildə vəfat etmişdir. Mərhum atası, anası və qardaşından Tovuz rayonu, Aşağı Quşçu kəndində 0,26 ha torpaq sahəsi qalmışdır. Torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmiş, lakin, qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün müraciəti müsbət nəticələnməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə doğulmuşdur. X2r. Ata qrafası boşdur. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X4r. Ata qrafası boşdur. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 ilə X18 nikahlarını xx.xx.1962-ci il tarixdə rəsmi olaraq 30 nömrə ilə qeyd etdirmişlər. Nikahdan sonra arvada «Tağıyeva» soyadı verilmişdir. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 110, 111 və 113 nömrəli arayışlardan görünür ki, X9 xx.xx.2012-ci il tarixdə, X16 xx.xx.2003-cü ildə, X13 isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Aşağı Quşçu kənd ZDS İcraiyyə Komitəsinin arxivdə saxlanılan 1966-1968-ci il tarixli 10 nömrəli təsərrüfatbaşına kitabın 535-ci şəxsi hesabında təsərrüfat X7 adınadır. X1 Zirəddin Binnət oğlunun ailə üzvü kimi yəni oğlu olaraq göstərilmiş və 1958-ci il tarixdə doğulması qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış qohumluq münasibətində olma faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Tağıyev Zirəddin oğlu ilə X11 birgə yaşayışlarından doğulmuşdur. Həmin vaxt valideynlərinin rəsmi nikahı olmamışdır. Ona görə ona məxsus doğum qeydi aparılan zaman ata qrafası boş saxlanılmış, anası kimi isə X10 göstərilmişdir. Onun valideynlərinin nikahı xx.xx.1962-ci ildə rəsmi qeyd edilmişdir. Həmçinin ərizəçinin mərhum qardaşı İlham Tağıyev də xx.xx.1959-cu il tarixdə Tağıyev Zirəddin oğlu ilə X11 birgə yaşayışlarından doğulmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan hallar Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və həmin arayışa əlavə olunan təsərrüfatbaşına kitabdan çıxarış ilə təsdiqin tapır. Belə ki, arayışa əlavə olunan təsərrüfatbaşına kitabdan təsdiq edilmiş çıxarışdan aydın olur ki, Aşağı Quşçu kənd ZDS İcraiyyə Komitəsinin arxivdə saxlanılan 1966-1968-ci il tarixli 10 nömrəli təsərrüfatbaşına kitabın 535-ci şəxsi hesabında təsərrüfat X7 adınadır. Onun arvadı kimi X16, oğlanları kimi 1959-cu il təvəllüdlü İlham, 1965-ci il təvəllüdlü Sahəddin, 1962-ci il təvəllüdlü Şərafəddin və 1958-ci il təvəllüdlü Nizaməddin göstərilmişdir. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 2 və 2.1-ci bəndləri). Göründüyü kimi Ərizəçi qohumluq münasibətini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədin alınmaması vərəsəlik hüquqlarını həyata keçirməyə keçirməyə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələri) Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı «qohumluq münasibətində olma faktının təsdiq olunması » barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun atası olması faktı, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun anası olması faktı və xx.xx.2007-ci ildə vəfat etmiş X13 ilə qohumluq münasibətində - yəni həmin şəxsin onun qardaşı olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1674/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1674/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver