Məhkəmə qərarları › İş №2(062)-193/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-193/2023

10.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-193/2023 10.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrisinin Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə verilən JN-128 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən cizgilər daxilində yerləşən torpaq sahəsindən Cavabdeh Sayad oğlunun çıxarılmasına və cavabdehdən onlara vurduğu maddi zərər olan 800 (səkkiz yüz) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixli Tovuz rayonu Aqrar İslahat Komissiyasının 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Hunanlar kəndində (əvvəlki adı Girzan kəndi) 0,46 hektar torpaq sahəsi verilmişdir. Cavabdehlə həmkəndlidirlər və əvvəllər də bir-birilərini tanımışlar. Cavabdeh ona və ailə üzvlərinə məxsus torpağı qeyri-qanuni tutmuş və hətta oraya əkdikləri ailələrinin maddi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutduqları əkin sahəsini də özbaşına otarmışdır. Bundan sonra aralarında mübahisə olmasına baxmayaraq ailələrinə məxsus torpaq sahəsinin 0,30 ha hissəsini tutaraq ətrafını dəmir torla əhatələyərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Qeyd edirlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Həmin torpaq sahəsi onlar və bu torpaq üzərində mülkiyyət hüququna məxsus olan digər şəxslər tərəfindən heç bir şəxsə satılmamış və ya bağışlanılmamışdır. Daim öz istifadələrində olmuşdur. Qeyd edilir ki, JN128 (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən cizgilər daxilində olan torpaq sahəsi onlara məxsusdur. Cavabdeh isə həmin torpağın çox hissəsini tutmuşdur. Torpağı tutan zaman cavabdeh ona məxsus olan 250 kq pomidoru məhv etməklə 125 manat, 3 sotda əkdiyi 300 kq lobyanı məhv etməklə 300 manat, 3 sot ərazidə əkdiyi 300 kq kartofu məhv etməklə 300 manat, 15 kq olan 30 ədəd kələmi məhv etməklə 75 manat dəyərində maddi ziyan vurmuşdur. Cavabdehdən torpaq sahəsindən çıxmasını, torpaq sahəsinə çəkilmiş dəmir toru sökərək onlara vurulmuş maddi ziyanı ödəməyi tələb etsələr də cavabdeh onlara məhəl verməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, verilmiş ekspert rəyi razıdır. Rəydən də göründüyü kimi cavabdeh onun və ailə üzvülərinin mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Həmçinin cavabdeh tərəfindən onlara maddi ziyan da vurulmuşdur. Neçə vaxtdır ki, torpaq sahəsi cavabdehin sahibliyindədir və orada olan əkini hamısını qəsdən cavabdeh məhv etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 da digər İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Torpağa mülkiyyət hüququna dair» JN 128 KOD 50300048 saylı Dövlət Aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X1, İsmayılova (Səfərova) İsmət Abuzər qızı və İddiaçı2 mülkiyyətinə Tovuz rayonu Girzan (Hunanlar) kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,46 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2023-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, JN-128 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Tovuz rayonu Girzan (hazırda Hunanlar) kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.46 ha torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün deyil, buna səbəb dövlət aktında göstərilən torpaq sahəsinin konfiqurasiyası və koordinatları ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları arasında uyğunsuzluqlar vardır. Yəni dövlət aktında göstərilən torpaq sahəsi faktiki istifadə vəziyyətində bir neçə torpaq istifadəçisinin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Bu cür uyğunsuzluqların aradan qaldırılması üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Tovuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və TEKUİS məlumat bazasına inteqrasiya edilmişdir. Adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. İddiaçıların istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 526 kv.m-ə qədər hissəsi baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyəti kimi işlənmiş torpaq sahəsi ilə eynilik təşkil edir. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 2346 kv.m-ə qədər hissəsi baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyəti kimi işlənmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2924 saylı rəydən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin məlumatlarına əsasən, JN-128 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Tovuz rayonu Girzan (hazırda Hunanlar) kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.46 ha torpaq sahəsinin naturada müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçıların istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 526 kv.m-ə qədər hissəsi baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyəti kimi işlənmiş torpaq sahəsi ilə eynilik təşkil edir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 2346 kv.m-ə qədər hissəsi baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyəti kimi işlənmiş torpaq sahəsi ilə üst-üstə düşür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi, habelə maddi ziyanın ödənilməsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. İddia tələbinin torpaq sahəsindən çıxarılma barədə hissəsi ilə bağlı məhkəmə göstərir ki, Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə diqqətə çatdırır ki, iddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis, habelə ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 2346 kv.m-ə qədər hissəsi baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyəti kimi işlənmiş torpaq sahəsi ilə üstüstə düşür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis və ekspert rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçılarınvə cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehin isə mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Onun torpaq sahəsindən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mütəxəssis rəyində dövlət aktında göstərilən torpaq sahəsinin konfiqurasiyası və koordinatları ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları arasında uyğunsuzluqlar olması, yəni dövlət aktında göstərilən torpaq sahəsi faktiki istifadə vəziyyətində bir neçə torpaq istifadəçisinin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi göstərilsə də, bu hal cavabdehin torpaq sahəsindən zəbt etdiyi hissədən çıxarılmamasına əsas vermir. Çünki mövcud vəziyyətdə dövlət aktı iddiaçıların adına işlənmişdir və qüvvədədir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi torpaqdan çıxarılmaya dair hissədə əsaslıdır və cavabdeh rəydə göstərilən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmalıdır. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan maddi hüquq normaları iddia tələbinin maddi ziyanla bağlı hissəsinin qanuni əsasını təşkil edən normalardır. Əgər iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunanlar sübuta yetiriləcəyi halda iddianın təmin edilməsi qanuni əsaslara söykənəcəkdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyanla bağlı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehin ona əkin sahəsini məhv etməklə maddi ziyan vurması, habelə həmin ziyanın 800 manat təşkil etməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də iddia tələbi maddi ziyanla bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iş üzrə ekspertiza xərcinin əvəzi kimi 100 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Torpağa mülkiyyət hüququna dair» JN 128 KOD 50300048 saylı Dövlət Aktı üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə Səfərova (İsmayılova) İsmət Abuzər qızı və İddiaçı2 mülkiyyətinə Tovuz rayonu Girzan (indiki Hunanlar) kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0,46 ha torpaq sahəsinin zəbt etdiyi 2346 kv.m hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 (bir yüz) manat pul Cavabdeh tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar