Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1986/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və yarımçıq tikilidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (uşaqları Gülçin və Elçinlə birlikdə) və Cavabdeh2 onun mülkiyyətində olan Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində olan yarımçıq tikilidən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Tovuz rayonu Bayramlı kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi və həmin tolpaq sahəsində yarımçıq tikili vardır. Həmin torpaq sahəsi müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları Dövlət qeydiyya haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, ********** nömrəli çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oglu qanunsuz olaraq onun mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndində yerləşən ümumi sahəsi 0,06 ha torpağ sahəsindən və yarımçıq tikilidən qanunsuz istifadə edir. Bir neçə dəfə onunla söhbət aparmış və onlara həmin torpaq sahəsinin və yarımçıq tikilinin onun mülkiyyətində olduğunu və həmin torpaq sahəsindən və yarımçıq tikilidən çıxmasını tələb etməsinə baxmayaraq onlar, torpaq sahəsindən və yarımçıq tikilidən çıxmır, əksinə onu öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olur. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndində yerləşən 0,06 ha torpaq sahəsindən və inşa etdirdiyi yarımçıq tikilidən könüllü olaraq çıxmadıqlarına görə onlar, məhkəmə qətnaməsi əsasında məcburi qaydada həmin torpaq sahəsindən və yarımçıq tikilidən çıxarılmalıdırlar. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıya məxsus olan torpaq sahəsinə çəkdiyim xərc nə zaman verilərsə o da ordan o zaman çıxacaq. Onun iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı hüquqları yoxdur. Ancaq Rəqsanə onu aladadaraq xalasının torpağını öz adına rəsmiləşdirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaya etiraz edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2017-ci il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsin Tovuz rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Tovuz rayon Bələdiyyəsi Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Eyni zamanda alqı-satqı müqaviləsi əsasında torpağa qanuni sahiblik edərək, ondan istifadə hüququ vardır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər iddiaçıya məxsus Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində olan yarımçıq tikilidən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində olan yarımçıq tikilidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1986/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1986/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver