Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2106/2023 31.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Abulbəyli kəndində yerləşən reyestr nömrəsi **********12 -10301 olan çıxarışda göstərilən torpaq sahəsinin ölçülməsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması, cavabdehin torpaq sahəsindən çıxarılması, orada olan dəmir listlərin və dəmir dirəklərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə aralarında olan qarşılıqlı razılaşma əsasında onun Tovuz rayonu, Abulbəyli kəndində yerləşən ümumi sahəsi 95.8 kv.m. fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.032 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuş, notarius həm torpağın, həm də fərdi yaşayış evinin texniki sənədlərini tam araşdırmışdır. Həm topaq sahəsi, həm də fərdi yaşayış evi üzərində S.Musayevin sərəncam hüququ olduğundan mübahisə olunan mülkü ixtiyarlı şəxs kimi ona satmışdır. O, müqavilədə nəzərdə tutulan məbləği tam ödəmişdir. Cavabdeh ona satılan torpaq sahəsi ilə bitişik həyətyanı torpaq sahəsi var. Cavabdeh ona satılan torpaq sahəsini dəmir listlə əhatəyə almaqla ona məxsus torpaq sahəsini tutmuşdur. Ancaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Ona satılan torpaq sahəsinin çox hissəsi isə faktik cavabdehin istifadəsindədir. Bundan başqa cavabdeh torpaq sahəsini qanunsuz tutduğuna görə daşınmaz əmlakın dövlət reyestri xidmətinin 15 saylı Tovuz Ərazi idarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına mane olur. Bu səbəbdən həmin torpaq sahəsinin və fərdi yaşayış evinin texniki sənədlərini əldə edə bilməmişdir. Hətta həmin sənədlərin hazırlanması üçün xidmət haqqını da ödəmişdir. Mübahisəni cavabdehlə öz aralarında həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən torpaq sahəsinin ölçülməsinə edilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və göstərdi ki, iddiaçının aldığı torpaq sahəsi onun torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsinin koordinatları onun torpaq sahəsinə düşür. Buna görə də ölçmə işləri aparan mütəxəssislərə mane olmuş və ölçmə işləri aparmalarına imkan verməmişdir. Lakin hazırda həqiqətin aşkar edilməsi üçün mübahisəli torpaq sahəsinin ölçülməsinə etirazı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX Seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində 0,032 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 95,8 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X1 məxsusdur. Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, AN-İ 108699 saylı alqı-satqı müqaviləsindən görünür ki, X2 xüsusi mülkiyyətində olan Tovuz rayonu, Abulbəyli kəndində 0,032 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 95,8 kv.m. olan fərdi yaşayış evini 12000 manat müqabilində İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ərizənin icrası zamanı daşınmaz əmlaka baxış keçirilən zaman fərdi yaşayış evi üzərində mübahisə olduğu aşkar edilmişdir. Ona görə də fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflər arasında yaranmış hüquq münasibətləri qanuni sahiblikdə olan torpaq sahəsində edilən qanunsuz müdaxilənin və sərhədlərin müəyyən edilməsinə yaradılan maneənin aradan qaldırılması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası qanunvericiliyinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə almış, lakin mülkiyyət hüquqları mövcud duruma görə qeydə alına bilmir. Lakin bu hal onun iddia qaldırmasını istisna etmir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar» 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, «mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Baxılan işdə iddiaçı mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması anına qədər həmin evin hüquqi əsası olan (titul) sahibi sayılır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin mərkəz hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı notarial qaydada alqı-satqı yolu ilə aldığı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün daşınmaz əmlakın reyestr xidmətinə müraciət etmiş, xidmətdən mərzçəkmə işlərinin həyata keçirilməsi üçün mütəxəssislər gəlmiş, lakin cavabdeh tərəfindən həmin mütəxəssislərə işlərini görməsi üçün imkan yaradılmamışdır. Ona görə də iddiaçının mülkiyyət hüquqları qeydə alına bilmir. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 238.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu bəndində göstərilmişdir ki, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq xidmətin vəzifələrindən biridir. Məhkəmə qeyd edir ki, iddiaçı sərhədlərinin müəyyən edilməsini tələb etdiyi torpaq sahəsinin titul sahibidir və bu tələb onun qanunla qorunan mülkiyyət hüquqlarından irəli gəlir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanuni sahiblikdə olan torpaq sahəsi ilə qonşu torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilib sənədləşdirilməsi üçün inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmır. Bununla da iddiaçının hüquqları pozulur. Hazırda isə cavabdeh iddia tələbini özü etiraf etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən reyestr nömrəsi **********12 -10301 olan çıxarışda göstərilən torpaq sahəsinin ölçülməsinə edilən maneə aradan qaldırılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında satılmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən reyestr nömrəsi **********12- 10301 olan çıxarışda göstərilən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssislərinə edilən maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2106/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2106/2023
31.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver