Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2180/2024 13.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X1 və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasına qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasına qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmrin etibarsız hesab edilməklə ləğv olunması, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdən Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmişdir. 2024-cü ilin may ayının əvvəlində ona məlum olmuşdur ki, verilmiş xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmr ilə işdən azad edilmişdir. Belə ki, bağça müdiri onun xəbəri olmadan barəsində tərtib edilmiş əsassız aktlar ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əsas kimi isə qeyd olunmuşdur ki, guya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmir və etik davranış qaydalarını pozur. Hesab edir ki, həmin əmr qanunsuzdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, səbəbsiz yerə işdən çıxarılmışdır. Hansı ki, cavabdeh ilə əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Hətta cavabdeh ondan öz şəxsi istəklərinə görə bağça üçün gələn qida məhsullarını belə onun ailə üzvülərinə verməsini xahiş etmiş, o da öz növbəsində cavabdehin bu xahişini yerinə yetirmişdir. Yəni münasibətləri bu dərəcədə yaxın olmuşdur. Lakin bir müddət sonra cavabdeh ondan durduq yerə işdən çıxmasını xahiş etmişdir. Ona bu barədə ərizə verməyi təklif etmişdir ki, öz razılığı ilə işdən çıxsın. Sözsüz ki, cavabdehin bu təklifinə müsbət cavab verməmişdir. Çünki, ailəsinin maddi təminatını həmin iş yeri ilə qarşılayır və yaşlı ata-anasına o baxır. Cavabdeh özündən uydurmalar edərək aktlar tərtib etdirmişdir ki, guya onun tərəfindən iş rejiminin ahəngi pozulur, işçilərə təzyiq edilir, habelə, o iş vaxtı iş yerində olmur və.s. Hansı ki, bunların hamısı yalandır. Tərtib edilmiş aktların heç birindən onun məlumatı olmamışdır. Cavabdeh ilə onun münasibətlərini pozan şəxs Təhsil Şöbəsinə əvəzedici müdir kimi gələn Məhəbbət Hüseynova olmuşdur. Həmin şəxsdən sonra onların arasında olan münasibət korlanmış və cavabdeh ona bildirmişdir ki, artıq düzgün işləyəcəkdir. Heç nə əvvəlki kimi olmayacaq. Cavabdeh bildirmişdir ki, ona töhmət verildiyi üçün o da öz növbəsində ona töhmət verməlidir. Bununla razılaşmamışdır ki, işində hər hansı problem yoxdur. Belə olan halda nə üçün ona töhmət verilməlidir. Daha sonra cavabdeh ona bildirmişdir ki, artıq töhmət verməyə zərurət qalmadı. Lakin onun məlumatı olmadan əsassız olaraq ona töhmat elan edilmişdir. Bundan sonra onu həmkarların iclasına dəvət etmişlər. Onu Ema adlı həmkarlar komitəsinin sədri çağırmışdır. İclasa gələndə çox əsəbi olduğu üçün orada cavabdeh ilə arasında qarşıdurma yaranmışdır. Təqdim olunan sənədləri əsəbindən cırmışdır. Barəsində verilmiş işdən çıxarılma barədə əmri qanunsuz sayır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax- Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, tərtib edilmiş aktlarda bütün qeyd olunanlar iddiaçı tərəfindən edilmişdir. Hətta bu barədə telefonda video görüntülər var və işçilər də şahidlik edə bilərlər. İddiaçı gündəlik normal iş faəliyyətini pozmuş, dəfələrlə iş yerində olmamış, onu mütəmadi olaraq təhqir etmiş, habelə, ona qarşı həmkarlar ittifaqı komitəsinin iclasında mobil telefon atmışdır. Eyni zamanda iclas protokolun cırmışdır. Həmin hadisələrdən əvvəl də iddiaçı əmək funksiyasından kənara çıxdığı üçün ona töhmət verilmişdir. Ona tənbeh verməzdən əvvəl izahat verməsini təklif etmiş, lakin, iddiaçı özü izahat verməkdən imtina etmişdir. Bu halın belə video görüntüsü vardır. İddiaçı bağçanın xadimələri ilə hədsiz kobud rəftar etmiş, onları təhqir etmişdir. Bu barədə işçilər ona dəfələrlə müraciət etmişdir. İddiaçının diqqətinə bunu çatdırıb dəfələrlə şifahi irad kimi bildirsə də, o öz hərəkətlərinə davam etmişdir. Məhz bu kimi amillər iddiaçının işdən çıxarılması barədə əmr verilməsinə zərurət yaratmışdır. Hətta iddiaçı ona verilən töhmət əmrini divardan asıldığı yerdən cırıb yerə atmışdır. İddiaçını heç vaxt məcbur etməmişdir ki, ərizə yaz könüllü olaraq işdən çıx. Bu formada demişdir ki, onların iki yolu vardır. Ya o ərizə yazaraq işdən çıxmalıdır, ya da özü. Çünki iddiaçının hərəkətləri normal iş rejiminə imkan vermir. Şahidlərin də ifadələrindən aydın olur ki, iddiaçı dəfələrlə iş yerində olmamış, əmək funkasiyasını yerinə yetirməmiş, habelə, onu təhqir edərək onunla əlbəyaxa olmuşdur. Bağçanın arxa qapısı onun göstərişi üzrə bağlandığı üçün iddiaçı onu nalayiq sözlərlə işçilərin gözü önündə təhqir etmiş və üzərinə hücum çəkərək əynində olan kostyumu cırmışdır. Bu hadisənin eynisi həmkarlar təşkilatının iclasında da baş vermişdir. Bu səbəblərdən iddiaçının işdən çıxarılmasını qanuni hesab edir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, bağçada tərbiyəçi vəsifəsində çalışır. Hadisə olan günü bağçanın arxa qapısı müdir tərəfindən bağlanmışdır. Bu hala özü də əsəbləşmiş və iradını İddiaçı bildirmişdir. Sonradan eşitmişdir ki, bu hadisəyə görə iddiaçı ilə cavabdeh kobud formada mübahisə etmişlər. Özü şəxsən hadisəni görməmişdir. Həmkarlar komitəsinin iclasında olan zaman İddiaçı ilə cavabdeh Günay Dadaşova dalaşmışlar. İddiaçı ona mobil telefon atmışdır. Mobil telefon komputerin monitoruna dəyərək yerə düşmüşdür. İddiaçıya töhmət vermə barədə əmri eşitmiş, lakin işçi olaraq həmin əmr ilə tanış edilməmişdir. Hətta özü həm iddiaçı, həm də, cavabdeh ilə müəyyən vaxtlarda mübahisə etmişdir. Bu barədə müdir kimi cavabdehə məlumat versə də, cavabdeh ona bildirmişdir ki, özünüz həll edin. Bir dəfə tərəflərin mübahisəsini görmüş bu zaman isə iddiaçı açarı möhkəm formada cavabdehə atmışdır. Bu zaman açar onun tərəfindən havada tutulmuşdur. Özünün iş saatı səhər saat 08:00-dan saat 11:30-a qədər, 14:30-dan saat 18:00-a kimi olur. İşdə olmayan vaxtı iddiaçının iş yerində olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, bağçada xadimə-dayə kimi fəaliyyət göstərir. İş saatı 08:00-dan saat 16:00-a kimidir. İddiaçı ilə cavabdehin mübahisəsini görmüşdür. Lakin baş vermə səbəbin bilməmişdir. Həmkarlar iclasında onlar mübahisə etmişdir. Bu mübahisə iddiaçı tərəfindən ərizə verilməməsi ilə bağlı olmuşdur. İddiaçı mübahisə zamanı müdir olan Günay Dadaşovaya mobil telefonunu atmışdır. Keçirilmiş iclasın protokolunu iddiaçının cırmasını görməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, bağçada xadimə-dayə kimi fəaliyyət göstərir. Öz işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin buna baxmayaraq iddiaçı onu və digər xadimələri təhqir etmişdir. İddiaçı onların həm özlərini həm də ölülərini təhqir etmişdir. Bağçanın arxa qapısı müdir tərəfindən bağlanmışdır. Bu səbəbdən müdir işə gələndə iddiaçı onun üzərinə getmişdir. Müdirə demişdir ki, hər kəs sənin ölünə-dirinə söyür. Nə üçün qapını bağlamısan. Müdir də cavabdehin demişdir ki, Gülnar səndən başqa bu bağçada söyüş işlədən yoxdur. Həmin vaxt iddiaçı cavabdeh Günay Dadaşovanın əynində olan paltarı cırmışdır. Lakin müdir bunun müqabilində iddiaçıya hər hansı hərəkət etməmişdir. Daha sonra həmkarlar iclasında iddiaçı işçiləri yaltaq adlandırmış və müdiri də təhqir etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, bağçada tərbiyəçi-müəllimə kimi faəliyyət göstərir. İddiaçının ona və digər işçilərə daim pis rəftarı olmuşdur. Belə ki, onları dəfələrlə iddiaçı təhqir etmişdir. Həmkarlar komitəsinin iclasında iddiaçı müdiri və işçiləri təhqir etmiş və cavabdehə mobil telefonu atmışdır. Həmçinin həmkarlar iclasının protokolunu belə cırıb atmışdır. Özü şəhid ailəsidir və ondan başqa üç şəhid ailəsi də orada çalışır. İddiaçı onların ölülərini təhqir etmişdir. Baş verən mübahisələrin birində iddiaçı cavabdehin əynində olan paltarı belə dartıb cırmışdır. İddiaçıya töhmət əmri verilmişdir və əmr divardan asılmışdır. Lakin iddiaçı özü elə həmin gün əmri divardan cıraraq yerə atmışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, bağçada tərbiyəçi-müəllimə kimi faəliyyət göstərir. İddiaçı daim işçilərə qarşı pis rəftar etmişdir. Belə ki, onların özlərini və ölülərini pis sözlərlə təhqir etmişdir. Bağçanın arxa qapısı müdir tərəfindən bağlandığı üçün səhər tezdən iddiaçı müdir işə gələn zaman onun üzərinə getmiş, yaxasından tutaraq onun əynində olan paltarı cırmışdır. Həmçinin müdiri pis sözlərlə təhqir etmişdir. Mübahisə zamanı iddiaçı müdirə demişdir ki, sən kimsən ki, bağçanın arxa qapısını bağlatdırırsan. Bundan sonra həmkarlar komitəsinin iclası keçirilmiş və iddiaçı orada da işçilər qarşıq cavabdehi təhqir etmiş, habelə, müdirin üzərinə mobil telefon atmışdır. Ümumiyyətlə iddiaçı üçün iş saatı anlayışı olmamışdır. İddiaçı istədiyi zaman işə gəlmiş, istədiyi zaman işdən çıxaraq getmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, bağçada tərbiyəçi-müəllimə işləyir. Həmçinin bağça üzrə həmkarlar komitəsinin sədridir. Bağçanın arxa qapısı bağlandığı üçün iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. Özünün iş otağı ikinci mərtəbədə olsa da, səs-küyə aşağı düşmüşdür. Aşağı düşən zaman görmüşdür ki, cavabdeh müdirin əynində olan paltar cırılmışdır. İşçilər bildirmişdir ki, bunu iddiaçı etmişdir. Bu səbəbdən edilmiş müraciət üzrə həmkarlar komitəsinin iclası keçirilmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı içəri girən zaman onlara nalayiq söyüşlərlə demişdir ki, məni işdən çıxara bilməzsiz. Daha sonra iclas protokolun cırmış, habelə, cavabdehə mobil telefon atmışdır. Bütün işçilər iddiaçı tərəfindən iclas zamanı təhqir edilmişdir. O qədər sarsıntı keçirmişdir ki, Mərkəzi Klinikada müalicə almışdır. İddiaçının verilən töhmətdən xəbəri vardır və əmri görmüşdür. Lakin həmin əmr də iddiaçı tərəfindən divardan götürülərək cırılıb yerə atılmışdır. İddiaçı daimi iş yerinin normal ahəngini pozmuşdur. Onun üçün iş saatı anlayışı olmamış, istədiyi zaman işə gəlmiş, istədiyi zaman işdən çıxmışdır. İddiaçı işçiləri daimi təhqir etmiş, hətta bəzi işçilərə fiziki güc belə tətbiq etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, bağçada paltaryuyan kimi çalışır. Bağçanın arxa qapısı bağlandığı üçün iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. Bu zaman iddiaçının söyüş işlətdiyinin şahidi olmuşdur. Deyilən sözlər nalayiq ifadələr olmuşdur. Cavabdeh müdir olaraq iddiaçıya hər hansı reaksiya verməmişdir. İddiaçı sakitləşməmiş, hətta müdirin yaxasından tutaraq onun əynində olan paltarı cırmışdır. Şəxsən şahidi olmuşdur. Bu səbəbdən həmkarlar komitəsinin iclası keçirilmiş, iclas zamanı iddiaçı bütün işçiləri və müdiri nalayiq sözlərlə təhqir etmişdir. Hətta müdirə mobil telefonu atmışdır. İclas protokolu belə iddiaçı tərəfindən cırılmışdır. İddiaçıya töhmət verilməsindən xəbəri olmuşdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12, tibb bacısı X14, tərbiyəçilər X13, X21 və aşpaz X22 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təsərrüfat müdiri İddiaçı rəhbərliyin xəbəri olmadan süd məhsullarını bəzi işçilərə vermişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X1 verdiyi xx.xx.2024-cü il tarixli, 320 nömrəli əmrdən görünür ki, təsərrüfat müdiri İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət növündə intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X1 bağçanın Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı təqdimatdan görünür ki, təsərrüfat müdiri İddiaçı vəzifə funksiyalarını səhlənkar şəkildə icra etdiyi, qeyri-etik hərəkətləti ilə müəssisənin kollektivinin iş ahəngini pozmağa cəhdlər göstərməsi, dəfələlərlə qeyri iş vaxtı bağçaya gələrək şübhə yaradan işlərlə məşğul olması, əmək intizamına və etik davranış qaydalarına riayət etməyə dəvət edildiyinə, barəsində müvafiq inzibati tənbeh tədbirləri görüldüyünə, lazımi maarifləndirici söhbətlər aparıldığına baxmayaraq daxili intizam qaydalarına əməl etməməsi, işində dönüş yaratmaması səbəbindən onun işdə qalıb- qalmaması məsələsinin müvafiq iclasda müzakirə edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının X28 Komitəsinin qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardan görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12, tərbiyəçilər X13, X10, X16, X23, xadiməçi-dayə X3, tibb bacısı X14, tikişçi X11 və paltaryuyan X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin gün saat 08:15-də bağçanın təsərrüfat müdiri İddiaçı həyətdə işçilərin qarşısında müdir X6 nalayiq sözlərlə təhqir etmiş və onun üzərinə hücum edərək əynindəki kostyumu dartıb cırmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12, tərbiyəçilər X13, X10, X16, X23, X26, X2, X21, X17, xadimə-dayələr X25, X4, X3, X15, X7, tibb bacısı X14, tikişçi X11 və paltaryuyan X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmkarlar təşkilatının iclası zamanı bağçanın təsərrüfat müdiri İddiaçı özünə məxsus mobil telefonu müdir X8 atmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12 və əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı akt tərtib olunan tarixlərdə iş yerini özbaşına olaraq iş saatlarında rəhbərliyə məlumat vermədən tərk etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X1 verdiyi xx.xx.2024-cü il tarixli, 345 nömrəli əmrdən görünür ki, bağçanın təsərrüfat müdiri İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Əsas kimi işçi barəsində olan aktlar və həmkarlar təşkilatının razılığı göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri X12, tərbiyəçilər X13, X10, X16, X23, X21, xadimə-dayələr X25, X3 və paltaryuyan X9 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, həmkarlar təşkilatının iclası zamanı tərtib edilmiş protokol bağçanın təsərrüfat müdiri İddiaçı tərəfindən işçilərin gözü önündə cırılmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarnın izahatını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Mülki iş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmənin qənaətinə görə mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Mübahisənin həllindən qabaq məhkəmə göstərir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). İddianın hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsidir. Həmin maddədə deyilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 300-cü maddəsi, işçinin işə bərpası və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün vacib şərtlər kimi nəzərdə tumuşdur: İşəgötürənin əmək müqaviləsini Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi; Məhkəmə diqqətə çatdırır ki, göstərilən normanın hazırki mübahisəyə düzgün tətbiq edilməsi üçün ilk növbədə işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi əsasları araşdırılmalıdır. Mülki iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirən zaman bir neçə dəfə iş yerində olmaması, habelə, əmək funksiyasını layiqincə yerinə yetirməməsi, eyni zamanda əmək intizamına, müəssisədaxili intizam qaydalarına əməl etməməsi və iş yoldaşlarının qanuni mənafelərini pozması səbəb olmuşdur. Belə ki, İddiaçı bağçada təsərrüfat müdiri kimi fəaliyyət göstərir və rəhbərliyin məlumatı olmadan bağça üçün gəlmiş süd məhsullarını anbardan bağçanın işçilərinə vermişdir. Hansı ki, bununla o əmək funksiyasından kənara çıxmışdır. Bu səbəbə görə bağça müdiri tərəfindən ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə müvafiq olaraq töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı özünün həmin töhmət əmrindən məlumatının olmamasını göstərsə də, mülki iş materialları və şahidlərin ifadələri ilə həmin dəlil təkzib edilmişdir. Bundan başqa İddiaçı bağçada təsərrüfat müdiri kimi fəaliyyət göstərən zaman xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iş saatlarında iş yerini işəgötürənə məlumat vermədən tərk etmişdir. Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndi). Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» bəndinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri olaraq müəyyən edilmişdir. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır (Əmək Məcəlləsinin 89-cu maddəsinin İ hissəsi). Eyni zamanda onun tərəfindən xx.xx.2024-cü il tarixdə bağça müdiri Günay Dadaşova təhqir edilmiş, habelə, müdirin üzərinə gedilərək üzərində olan kostyum onun tərəfindən dartılaraq cırılmışdır. Buna səbəb bağça müdirinin öz səlahiyyətləri çərçivəsində bağçanın arxa qapısını bağlatdırması barədə göstəriş verməsi olmuşdur. Həmçinin bağçada keçirilmiş həmkarlar komitəsinin iclası zamanı iddiaçı öz hərəkətlərinə davam etmiş və iclas zamanı bağça müdiri olan cavabehi təhqir edərək ona özünə məxsus mobil telefonu atmışdır. Daha sonra isə iclas zamanı tərtib edilmiş protokolu cırıb atmışdır. Yəni iddiaçı tərəfindən əmək və müəssisədaxili intizam qaydalarına riayət edilməmişdir. Hansı ki, Əmək Məcəlləsinin 10-cu müddəsinin «b» bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri olaraq müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən ümumiyyətlə bağçanın digər işçilərinin də hüquqları pozulmuş və onların iş fəaliyyətinə maneçilik törədilmişdir. Belə ki, işçilər şahid qismində ifadə verən zaman mütəmadi olaraq iddiaçı tərəfindən təhqirə məruz qaldıqlarını bildirmişlər. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin «e» bəndinə əsasən iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Məhkəmə göstərir ki, mülki işin yuxarıda sadalanan halları tərtib edilmiş aktlardan və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş işçilərin ifadələrindən məlum olur. Hansı ki, cavabdeh tərəfindən bütün bunlar sübuta yetirilmiş, iddiaçı tərəfindən isə əksi təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən əmr qanuni əsaslarla verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə müvafiq olaraq əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 187-ci maddəsinin İ hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması zamanı bütün prosessual tələblərə riayət edilmişdir. Belə ki, iddiaçının izahatının alınması tələb edilmiş, lakin o izahat verməkdən imtina etmiş. İddiaçı həmkarlar ittifaqının üzvü olduğu üçün onun işdən çıxarılması barədə həmkarlar təşkilatının razılığının alınması üçün cavabdeh tərəfindən təqdimatla müraciət edilmiş və razılıq alınmışdır. Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yəni 70-ci maddənin «ç» bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçinin əmək funksiyalarını və vəzifə borcunu yerinə yetirməməsinin formal olaraq mövcud olması kifayət deyildir. İşçinin bu əməlləri iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nətiəcələnmiş olmalıdır. Bu nəticələrin mövcudluğunu işəgötürən sübut etməlidir. Hazırda baxılan işdə işəgötürən bu cür sübutları təqdim etmişdir. Məhz həmin sübutlar üzrə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əmək intizamı pozulmuş, əmək funskiyası lazımi qaydada yerinə yetirilməmiş, iş yerinin normal ahəngi olduğu çərçivədən kənara çıxarılmış, əmək kollektivinin üzvülərinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək növündə intizam tənbehi verə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri əsaslıdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsaslı səbəblər olmuşdur və bu əsaslar şübhə altına alına bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasına qarşı «əmrin etibarsız sayılması və işə bərpa» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2180/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2180/2024
13.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver