Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2200/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Hunanlar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********76 reyestr nömrəli çıxarışda göstərilən 0,1518 ha, **********78 reyestr nömrəli çıxarışda göstərilən 0,1518 ha və **********77 reyestr nömrəli çıxarışda göstərilən 0,1518 ha torpaq sahələrindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, reyestr nömrəsi **********76 olan çıxarış üzrə 0,1518 ha torpaq sahəsi onun adına qeydə alınmışdır. Mübahisə olunan torpaq sahəsi Tovuz rayonu, Hunanlar kəndində yerləşir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini tutmuş və əkin sahəsi kimi istifadə edir. Bundan başqa həmin torpaq sahələrinə bitişik bacıları Səringül və Qəmətelə məxsus torpaq sahələri də razılaşmalarına əsasən onun tərəfindən istifadə edilir. Yəni ona icarəyə verilmişdir. Reyestr nömrəsi **********78 olan çıxarış üzrə 0,1518 ha torpaq sahəsi X1 adına, reyestr nömrəsi **********77 olan çıxarış üzrə isə 0,1518 ha torpaq sahəsi digər bacısı X2 adına qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahələrini də zəbt etmişdir. Dəfələrlə cavabdehin torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bildirir ki, torpaq sahələri icra nümayəndəliyi tərəfindən ona satılmışdır. Halbuki, cavabdehin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 21 ildən artıq bir müddət hərbi qulluqçu olmuşdur. Xidmətin başa vurub gəldikdən sonra mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək qərarına gəlmişdir. Lakin həmkəndlisi olan cavabdeh buna imkan verməmişdir. Cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahələrindən biri onun mülkiyyətində olan, digərləri isə bacılarının ona icarəyə verdiyi torpaq sahələridir. Bacılarına məxsus olan torpaq sahələri üzərində icarə hüquqları reyestrdə qeydə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, torpaq islahatı zamanı iddiaçının atası pay torpaq sahəsini yaşadığı evin qabağından götürmüşdür. Ona görə hesab edir ki, onun istifadə və sahiblik etdiyi torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əlaqəsi yoxdur. Özünün də qeyd etdiyi kimi iddiaçı uzun illər hərbi qulluqçu kimi xidmət etmişdir. Torpaq sahəsindən ümumiyyətlə xəbəri olmamışdır. Buna baxmayaraq hazırda ondan torpaq sahəsi tələb edir. Eyni zamanda bələdiyyə ilə icarə müqaviləsi bağlayaraq 25 illik torpaq sahəsini icarəyə götürmüşdür. Həmin sənədlərdən başqa hüquqmüəyyənedici sənədləri yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********76 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********77 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1517 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********78 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi göstərilən torpaq sahəsinin sərhədləri daxilində İddiaçı məxsus **********76 reyestr nömrəli 0,1518 ha pay torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsinə aid cavabdehə məxsus hər hansı mülkiyyət haqqında sənəd yoxdur. Torpaq sahəsində Cavabdeh tərəfindən ərik ağacları əkilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 009 nömrəli icarə müqaviləsindən görünür ki, Tovuz rayonu, Girzan Bələdiyyəsi tərəfindən Cavabdeh Girzan kəndi ərazisindən 02 hektar torpaq sahəsi icarəyə verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********76 olan çıxarış əsasında Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırda həmin torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda müəyyən edilmişdir ki, qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********77 olan çıxarış üzrə X4 məxsus Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1517 ha torpaq sahəsi və qeydiyyat tarixi xx.xx.2024-cü il, reyestr nömrəsi **********78 olan çıxarış üzrə X3 məxsus Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqları qeydə alınmamışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli reyestr nömrəsi **********76 olan torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisini işə cəlb etmişdir. Mülki Prosessual Məcəllənin 60-cı maddəsində göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Mütəxəssis tərəfindən rəy verilərək göstərilmişdir ki, elektron baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi göstərilən torpaq sahəsinin sərhədləri daxilində İddiaçı məxsus **********76 reyestr nömrəli 0,1518 ha pay torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsinə aid cavabdehə məxsus hər hansı mülkiyyət haqqında sənəd yoxdur. Torpaq sahəsində Cavabdeh tərəfindən ərik ağacları əkilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Cavabdehin isə mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi yoxdur. Onun torpaq sahəsindən istifadə etməsi qanuni əsaslara söykənmir. Cavabdehin təqdim etdiyi icarə müqaviləsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin icrarə müqaviləsi torpaq sahəsinin onun mülkiyyətində olması demək deyildir. Çünki torpaq sahəsi üzrəində onun hər hansı hüquqları qeydə alınmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddiaçının bacılarının mülkiyyətində olan torpaq sahələrindən də cavabdehin çıxarılması hissəsində iddianı əsaslı hesab etmir. Çünki iddiaçı həmin torpaq sahələrini uzun müddətli icarəyə götürdüyünü bildirsə də, bu barədə məhkəməyə icarə müqaviləsi və hüquqların qeydə alınması ilə bağlı sənədlər təqdim etməmişdir. Torpaq sahəsi üzərində icarə hüququndan bəhs edən Torpaq Məcəlləsinin 51-ci maddəsində qeyd olunmuşdur ki, Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 66-cı maddəsinin İİ bəndinə və 67-ci maddəsinin İ bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Məhkəmə sadalanan normaları rəhbər tutaraq hesab edir ki, mövcud vəziyyətdə iddiaçı bacılarının mülkiyyətində olan torpaq sahəsindən özünü icarəçi kimi qiymətləndirib cavabdehin çıxarılmasını tələb etmək üzrə subyektiv hüquqa sahib deyildir. Ona görə də, iddia bu hissədə təmin edilə bilməz. Odur ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Hunanlar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********76 reyestr nömrəli çıxarışda göstərilən 0,1518 ha torpaq sahəsindən çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Hunanlar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********76 reyestr nömrəli çıxarışda göstərilən 0,1518 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2200/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2200/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver