Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2216/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Hunanlar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********69 olan çıxarışda göstərilən ona məxsus 0,1518 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Hunanlar (əvvəlki Girzan) kəndi ərazisində islahat aparılaraq sakinlərə pay torpaq sahələri paylanmışdır. Həmin sakinlərdən biri kimi atası X3 və ailə üzvülərinə JN 125 KOD 503000 saylı Dövlət Aktına əsasən 0,76 ha torpaq sahəsi verilmişdir. Həmin ailə üzvülərindən biri də özü olmuşdur. Torpaq sahəsini o və ailə üzvüləri istifadə etmişlər. Həmçinin 126, 127 və 128 nömrəli Dövlət Aktları ilə ardıcıl olaraq dayısı Famil İsmayılova, babası Məhərrəm İsmayılova və digər X5a torpaq sahələri verilmişdir. X5 ilə 2000-ci ildən sonra arvadı arasında mübahisə yaranmış və rəsmi olaraq ayrılmışlar. Bundan sonra dayısının keçmiş arvadı Cavabdeh1 128 nömrəli Dövlət Aktı ilə X5a verilmiş torpaq sahəsini tələb etmişdir. Torpaq sahələri həmin dövrdə İslahat Komissiyasının sədri tərəfindən başqa şəxslərə verildiyi üçün ona və ailə üzvülərinə məxsus torpaq sahəsinin 0,20 ha hissəsi Cavabdeh1 təklif edilmişdir. Həmin vaxt atası razılaşmışdır. Çünki münasibətləri normal olmuşdur. Sonradan isə İsmət Səfərovun qardaşı Cavabdeh3 onlara qarşı münasibəti dəyişmiş və qərəzli mövqe tutmuşdur. Ona ziyan vurmaq məqsədi ilə torpaq sahəsini qanunsuz zəbt etmişlər. Onları torpaq sahəsindən məhkəmədən kənar yolla çıxartmışdır. Bundan sonra isə Cavabdeh1 ona qarşı məhkəmədə torpaq sahəsindən çıxarılmaya dair iddia qaldırmışdır. Ağır xəstə olduğuna görə proseslərdə iştirak edə bilməmişdir. Keçirilmiş ekspertizadan belə xəbəri olmamışdır. Cavabdeh1 tərəfindən verilmiş iddia təmin edilmişdir. Qətnamədən isə vaxtında apellyasiya şikayəti verə bilməmişdir. JN 125 KOD 503000 saylı Dövlət Aktı əsasında ona düşən paya dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda isə cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt ediblər. Orada cavabdehlər əkin işləri ilə məşğul olurlar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə mürcaiət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçının dayısının keçmiş arvadıdır. xx.xx.1998-ci il tarixli Tovuz rayonu Aqrar İslahat Komissiyasının 15 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Hunanlar kəndində (əvvəlki adı Girzan kəndi) 0,46 hektar torpaq sahəsi verilmişdir. Hüquqları JN128 (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Onlar iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. Əksinə iddiaçı onların mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və onun torpaq sahəsindən çıxarılması barədə qətnamə vardır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü hesab edilməsi barədə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********69 olan çıxarışdan görünür ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadına cavab olaraq verilmiş mütəxəssis rəyindən görünür ki, iddia edilən torpaq sahəsinin daxilində Cavabdeh1 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-128 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin 485 k.v.m. hissəsi yerləşir. Həmin torpaq sahəsində hər hansı iş aparılmamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı «Torpağa mülkiyyət hüququna dair» JN 128 KOD 50300048 saylı Dövlət Aktı üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə Səfərova (İsmayılova) İsmət Abuzər qızı və X1 mülkiyyətinə Tovuz rayonu Girzan (indiki Hunanlar) kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0,46 ha torpaq sahəsinin zəbt etdiyi 2346 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarnın izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin düzgün həlli üçün ilk növbədə iddiaçının işin faktik halları kimi təsvir etdiyi faktik əsasların təhlil olunması, ən əsası iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Bu baxımdan araşdırma aparıldıqda müəyyən edilir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********69 olan çıxarış təqdim edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini iddia edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********69 olan çıxarış əsasında Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X2, İsmayılova (Səfərova) İsmət Abuzər qızı və X1 mülkiyyətinə Tovuz rayonu Girzan (Hunanlar) kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,46 ha torpaq sahəsi verilmişdir. Onların hüquqları «Torpağa mülkiyyət hüququna dair» JN 128 KOD 50300048 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Hazırda isə mülkiyyət hüququ üzrə iddiaçıya məxus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi halı yoxdur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərn torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Lakin bu zaman həqiqətən də cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi təsdiqin tapmalıdır. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisini işə cəlb etmişdir. Mülki Prosessual Məcəllənin 60-cı maddəsində göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Mütəxəssis tərəfindən rəy verilərək göstərilmişdir ki, iddia edilən torpaq sahəsinin daxilində Cavabdeh1 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-128 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin 485 k.v.m. hissəsi yerləşir. Həmin torpaq sahəsində hər hansı iş aparılmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçının və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının mülkiyyətində olan qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr nömrəsi **********69 olan çıxarışda göstərilən Tovuz rayonu, Hunanlar kəndində yerləşən 0,1518 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən də aydın olur ki, iddiaçının cavabdehlər tərəfindən zəbt olunmasını iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsindən kənar bir yerdir. Hansı ki, həmin yerin də 485 k.v.m. hissəsi cavabdehlərə məxsus JN-128 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin hüdudları daxilindədir. Bu halda cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət gedə bilməz. Göründüyü kimi işin halları isə iddia tələbinin əsassız olmasına dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2216/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2216/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver