Məhkəmə qərarları › İş №2(062)-227/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-227/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-227/2025 13.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə “doğum faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən övladı Quliyev Ərdǝm Vasif oğlunun xx.xx.2024-cü ildə Tovuz Rayonu Yuxarı Öysüzlü kəndində doğulması faktının müəyyən olunmasına, doğum haqqında şəhadətnamədə ata qrafasında X4, soyad qrafasında Quliyev, ana qrafasında Ərizəçi qeyd edilməsinə və doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs üzərinə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X4 ilə rəsmi nikaha daxil olmadan ailə qurmuş və onların faktiki yaşayışından xx.xx.2019-cu ildə Əli və xx.xx.2024-cü il tarixdə Ərdəm adlı iki uşağı anadan olmuşdur. Bir müddət mehriban yaşamış, sonra ayrılmışlar. Əli adlı uşağın atalığı müəyyən edilməsi və alimentlə bağlı məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Əli adlı uşağın atalığı müəyyən edilmiş və aliment kəsilmişdir. Daha sonra barışmışlar. xx.xx.2024-cü il tarixdə uşaq tibb müəssisəsindən kənarda yaşadıqları evdə dünyaya gəlmişdir. Həmin uşağa sənəd alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də müvafiq tibb sənədləri təqdim edə bilmədiyi üçün imtina edilmişdir. Hazırda doğum faktının müəyyən olunması, bundan sonra bu və ya digər sənədləşdirmə işlərinin aparılaraq qaydasına salınması, uşağa atalıq verməklə uşağına maneəsiz doğum haqqında şəhadətnamə alınmasına görə doğum faktının məhkəmə qaydasında müəyyən olunması üçün zərurət yaranmışdır. Həmçinin o, ev şəraitində uşağı doğmuş və ev şəraitində doğuma köməklik göstərmiş şəxslər də bu faktı təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, övladı xx.xx.2024cü il tarixdə anadan olmuşdur. Faktiki nikahda olduğu əri ilə rəsmi nikaha daxil ola bilməmişlər. Oğlunun doğumu zamanı isə maddi imkanları olmadığından xəstəxanaya gedə bilməmişlər. Uşağın doğum faktı müəyyən olmadığı üçün doğum haqqında şəhadətnamə ala bilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 208 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş X5 doğumunu təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə doğum akt qeydinin tərtib edilməsinin mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tovuz rayon icra hakimiyyəti başçısının Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və Yuxarı Öysüzlü kəndinin bəzi sakinləri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1998-ciil tarixində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə cinsi oğlan olan uşaq dünyaya gətirmişdir. Uşaq hazırda sağdır və anası ilə birlikdə yaşayır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1354/2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, cavabdeh X2 xx.xx.2019-cu il təvəllüdlü Əliyə münasibətdə atalığı müəyyən olunsun. xx.xx.2019-cu il təvəllüdlü Əliyə yeni doğum haqqında şəhadətnamə verilsin. xx.xx.2019 cu il təvəllüdlü Əliyə yeni doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında X2 adı yazılsın. xx.xx.2019-cu il təvəllüdlü Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019- cu il tarixdən başlayaraq X1 Ərizəçi xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment və xx.xx.2019-cu il təvəllüdlü Əlinin 3 yaşına çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq X1 Ərizəçi xeyrinə hər ay 30 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olusun. 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. İşin faktiki halları. Ərizəçi xx.xx.2024-cü il tarixdə oğlu – Ərdəm doğulmuşdur. Uşağın doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək ərizəçinin oğlunun doğum faktını təsdiq edən heç bir sənəd əldə edilə bilməmişdir. Bu səbəbdən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərək uşağın doğum faktının təsdiq edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 166. Doğumun qeydə alınması qaydası. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi. Ərizəçinin tələbindən görünür ki, o, məhkəmədən oğlu Ərdəmin xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə tibb müəssisəsindən kənarda, ev şəraitində oğlan uşağı dünyaya gətirmişdir. Lakin uşaq tibb müəssisəsindən kənarda doğulduğundan ərizəçi uşağın doğumu ilə əlaqədar doğum haqqında arayış ala bilməmiş, elə bu səbəbdən vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 4.3-cü bəndində qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi kişi cinsli uşağın xx.xx.2024-cü il tarixdə Tovuz rayonunda tibb müəssisəsindən kənarda doğulması faktının mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi kişi cinsli uşağın xx.xx.2024-cü il tarixdə Tovuz rayonunda tibb müəssisəsindən kənarda doğulması faktı müəyyən edilməli, qalan hissələrdə isə iddia təmin edilməməlidir. Ərizənin uşağın adının Ərdəm, soyadının Quliyev və ata adının Vasif kimi müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Göründüyü kimi doğum haqqında şəhadətnamədə uşağın ad, soyad və ata adının hansı isimlərlə göstərilməsi məsələsi məhkəmə tərəfindən deyil, göstərilən qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsi tərəfindən həll edilir. Uşağın atasının X4 olmasının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ərizəçinin izahatından və şahid ifadələrindən belə müəyyən olunur ki, ərizəçinin uşağın atası kimi göstərdiyi X4 hazırda sağdır, atalığın tanınması ilə bağlı mübahisə yoxdur. Belə olan təqdirdə X2 atalığı onun və uşağının anasının qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması ilə bağlı mübahisə olduqda bu Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ərizənin Maraqlı şəxs üzərinə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı öhdəlik qoyulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, doğumun qeydə alınmasından əsassız imtina edildikdə, qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi (AA*******) kişi cinsli uşağın xx.xx.2024-cü il tarixdə Tovuz rayonunda tibb müəssisəsindən kənarda doğulması faktı iş materiallarında olan kifayət qədər mötəbər və təkzibedilməz sübutlarla tam sübut olunduğundan ərizə qismən təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi (AA*******) kişi cinsli uşağın xx.xx.2024-cü il tarixdə Tovuz rayonunda tibb müəssisəsindən kənarda doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar