Məhkəmə qərarları › İş №2(062)-228/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-228/2023

10.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-228/2023 10.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı3 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X9 Xidmət Mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X9 Xidmət Mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz Dövlət Notariat Kontorunda 12 may 2006-cı il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN 799 nömrəli dövlət aktında göstərilən torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara ailə üzviləri ilə birlikdə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə 1,16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN 799 nömrəli dövlət aktı əsasında onların adına qeydə alınmışdır. Həmin torpaq sahəsini özləri istifadə etmişdir. Bəzi hallarda isə ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Bu mövsümdə torpaq sahəsini özü istifadə etmək istəyərkən cavabdehlər torpaq sahəsinə onları buraxmamış və həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Aralarında yaranmış mübahisə zamanı məlum olmuşdur ki torpaq sahəsi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Əslində isə mülkiyyətində olan torpaq sahəsini heç vaxt satmamışdır. Həmin alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 ilə qardaşı X3 və qardaşım arvadı X1 torpaq payına düşən hissəni alqı-satqı etsələr də cavabdeh onu aldadaraq alqı-satqı müqaviləsində onun və qızı Zeynabın torpaq sahəsini alqı-satqı etmişdir. Cavabdeh1 uzun müddət alqı-satqının predmetini ondan gizli saxlamışdır. Belə ki, alqı-satqı müqaviləsində onun torpağının satılmasına dair qeyd olunmasından xəbəri olmamışdır. Torpağını yaxın vaxtlaradək özü istifadə və sahiblik etmişdir. Hazırda cavabdehlər onların torpaq sahəsindən qanunsuz istifadə edir və çıxmırlar. Hesab edirlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların torpağını qanunsuz ələ keçirmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi onların iradəsinə zidd olaraq tərtib edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, alqı-satqı müqaviləsində olan imza ona məxsusdur. Sadəcə olaraq alqı-satqı müqaviləsinin mahiyyətinin nədən olmasını anlamamışdır. Əslində niyyəti torpaq sahəsini satmaq olmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış və İddiaçı1 tərəfindən könüllü olaraq imzalanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman hər hansı qanun pozuntusuna yol verilməmiş, torpaq sahəsinin dəyəri onun tərəfindən satıcılara ödənilmişdir. Müqavilə bağlandıqdan sonra hazırki vaxta kimi hazırda çıxarılması tələb olunan torpaq sahəsi onun sahiblik və istifadəsində olmuşdur. Bu gün də torpaq sahəsi onun sahibliyindədir və daşınmaz əmlakın dövlət reyestrindən qanunla müəyyən edilmiş qaydada çıxarış almış, torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi hazırlanmışdır. İddiaçı1 öz iradə ifadəsini əks etdirən alqı-satqı müqaviləsini uzun illər sonra mübahisələndirməsi onun üçün anlaşılan deyildir. İddiaçıların torpaq sahəsi özlərinin də orada vardır. Çünki o iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini almışdır. Geri qalan hissə yenə də iddiaçıların mülkiyyətindədir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. İş üzrə İddiaçı2, Cavabdeh2, üçüncü şəxslər X9 Xidmət Mərkəzinin Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Torpağa mülkiyyət hüququna dair” JN 799 KOD 50300118 saylı dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə X5, X4, X2, İddiaçı1 və İddiaçı2 Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,16 ha torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın xx.xx.2006-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X6 və X1 vəkalətli nümayəndəsi İddiaçı1 (eyni zamanda azyaşlı İddiaçı2 əvəzində) tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən 1,16 ha torpaq sahəsinin 5658,62 kv.m. hissəsi Cavabdeh1 satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən 0,5659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 567-ci maddəsində qeyd olunmuşdur ki, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələri). Mülki Məcəllənin 144.1-ci maddəsində əkstin tapmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilir ki, X6 və X1 vəkalətli nümayəndəsi İddiaçı1 (eyni zamanda azyaşlı İddiaçı2 əvəzində) tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə verilmiş Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən 1,16 ha torpaq sahəsinin 5658,62 kv.m. hissəsi Cavabdeh1 satılmışdır. Müqavilə onu bağlamış tərəflərin iradə ifadəsini əks etdirmiş və notarial qaydada təsdiq edilmişdir. Hazırda alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda isə iddiaçı müqavilənin onun iradə ifadəsini əks etdirməməsini iddia edərək alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə - insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi - iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir. Əqdin etibarsızlığının hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. İddiaçı yalnız özünə məxsus olan torpaq sahəsini satmadığını bildirsə də, dövlət aktında mülkiyyətə verilən torpaq sahəsi birgə mülkiyyətə verilmişdir. Yəni torpaq sahəsi üzrə paylar müəyyən edilməmişdir ki, iddiaçının göstərilən dəlili ağlabatan olsun. Eyni zamanda bu dəlil belə mötəbər sübutlarda təsdiqin tapmamışdır. Ona görə də məhkəmə iddia tələbini “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə əsassız hesab edir. Bu səbəbdən də iddia tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsi üzrə araşdırmanın aparılmasına lüzum görülməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X9 Xidmət Mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar