Məhkəmə qərarları › İş №2(062)-2483/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2483/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2483/2024 06.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «evdən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin uşaqları Akif və Fəridə ilə birlikdə onun mülkiyyətində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,80 kv.m. olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış əsasında onun adına qeydə alınmışdır. Cavabdeh onun gəlini olmuşdur və oğlu ilə ailə qurduqdan sonra onun evində yaşamış, habelə, qeydiyyata düşmüşdür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Lakin hələ də cavabdeh azyaşlı uşaqları ilə birlikdə ona məxsus evdə yaşayırlar. Hazırda mülkiyyətində olan evdə təmir işləri aparmaq istəyir, lakin cavabdehin özünün həmin evdə yaşaması və ona məxsus əşyaların orada olması təmir işlərinin aparılmasına mane olur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, fərdi yaşayış evi 40 ilə yaxın müddətdir ki, onun mülkiyyətindədir. Cavabdeh oğlu Asəf ilə 2010cu ildə ailə həyatı quraraq onun mülkiyyətində olan evə gəlin köçmüşdür. Cavabdehə məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Hazırki vaxta kimi cavabdeh ona məxsus evdə yaşayır. Oğlu ilə cavabdehin arasında olan nikah münasibətlərinə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Lakin cavabdeh evdən çıxmır. Halbuki, onların bir evdə yaşamaları mümkün deyildir. Daim aralarında mübahisə baş verir. Hətta mübahisələrin birində qudası tərəfindən öz evində döyülmüşdür. Bu barədə məhkəmə qərarı da vardır. Bir sözlə onların birgə yaşaması mümkünsüz haldır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2010-cu ildə iddiaçının oğlu X8 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqları doğulmuşdur. Mübahisəli fərdi yaşayış evinə gəlin köçən bir gündən iddiaçı özü könüllü olaraq evin bir otağını onun sahiblik və istifadəsinə vermişdir. Hətta iddiaçının razılığı əsasında mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına düşmüşdür. Hazırki vaxta kimi də fasiləsiz olaraq həmin fərdi yaşayış evində yaşayır. İddiaçının oğlu Asəf ilə aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Lakin yaşamağa başqa yeri olmadığı üçün mübahisəli fərdi yaşayış evində yaşamağa davam edir. Onun mübahisəli fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Evdən istifadə hüququnun tanınmasını istəyir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0239 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 90,80 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1713 saylı qətnaməsindən görünür ki, X8 ilə X7 arasında olan xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqlar anaları X2 yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 hər ay bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ İ 494319 saylı şəhadətnamədən görünür ki, X8 ilə X7 arasında olan nikah məhkəmə qətnaməsi üzrə pozulmuş və bu barədə nikahın pozulması akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə qeydiyyat aparılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 zərərçəkmiş şəxs İddiaçı döydüyü üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Doğum haqqında AZ İİ 638475 və AZ İİİ 401019 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqların atası X8, anası isə X6r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi, habelə, Mənzil Məcəlləsinin müddəaları üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin mənzilindən çıxarılmasını tələb etmək hüququna malikdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdehin evdən istifadə hüququnun olub-olmaması, habelə, keçmiş ailə üzvü kimi onun bu hüququnun saxlanılıbsaxlanılmaması araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının mənzil hüququndan bəhs edən 43-cü maddəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,80 kv.m. olan fərdi yaşayış evi xx.xx.1987-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh X7 iddiaçının oğlu X8 ilə xx.xx.2010cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqları doğulmuşdur. Onlar arasında olan nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdeh hələ də iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evində yaşamağa davam edir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə yaşayış sahəsində yaşayan şəxslər arasındakı münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrindən bəhs edən Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilmişdir: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik və ondan istifadə etməkdə sərbəst olduğundan, onun pozulmuş mülkiyyət hüququnun bərpa və müdafiəsinin təmin edilməsi baxımından cavabdehin ona məxsus mübahisəli daşınmaz əmlakdan çıxarılması qanuni və ədalətli olar. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda cavabdehin uşaqlarının da evdən çıxarılması məqsədəmüvafiqdir. Çünki Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X7 uşaqları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Сavabdeh X7 xx.xx.2011-ci il təvəllüdlü Akif və xx.xx.2014-cü il təvəllüdlü Fəridə adlı uşaqları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,80 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar