Məhkəmə qərarları › İş №2(062)-25/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-25/2024

19.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-25/2024 19.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0.1125 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlərin inşa etdirdiyi tikilinin onların öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0.1625 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışı mövcuddur. Təxminən 2022-ci il dekabr ayında məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt edərək orada müxtəlif növ ağaclar əkmiş, yarım tikili inşa etmiş və həmin tikilini ticarət məqsədi ilə istifadə etməkdədir. Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ona məxsus torpaq sahəsinin sərhəddində yerləşir. Cavabdeh1 onun istifadəsində olan və onun torpaq sahəsi ilə sərhəd təşkil edən ərazidən 2 metr eninə 20 metr uzununa olmaqla, həmçinin mübahisəli torpaq sahəsinin sol istiqamətindən 20 metr uzunluğunda olmaqla ona məxsus torpaq sahəsini zəbi etmişdir. Onun torpaq sahəsi ilə sərhəd təşkil edən ərazidən 2 metr eninə 20 metr uzununa zəbt etdiyi ərazidə yarım tikili tikərək ticarət üçün istifadə edir. Mübahisəli torpaq sahəsinin sol istiqamətindən 20 metr uzununa olan ərazidə isə, müxtəlif növ ağaclar əkərək həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Cavabdeh1 zəbt etdiyi torpaq sahəsini boşaltmasını bildirsə də o, bundan imtina etmiş və həmin torpaq sahəsini onun qanuni sahibliyinə qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, mütəxəssilərlə birlikdə torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə faktiki istifadəni Cavabdeh1 həyata keçirsə də, sonuncunun əri Cavabdeh2 həmin torpaq sahəsinə dair bələdiyyənin ilkin sənədləri mövcuddur. Lakin həmin bələdiyyə sənədində göstərilən koordinatlardan kənara çıxaraq onlara iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişlər.Belə olduqda Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o və əri Cavabdeh2 özlərinə məxsus torpaq sahəsindən istifadə edirlər.Onlar iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən 0.1625 ha torpaq sahəsi İddiaçı adınadır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyinin verilməsi barədə” məktubundan görünür ki, mübahisələndirilən ərazi və İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.1125 ha torpaq sahəsi Tovuz rayonu Aşağı Quşçu kəndində deyil Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşir və Tovuz rayonu Aşağı Quşçu kəndində İddiaçı mülkiyyətində 0.1625 ha torpaq sahəsinin olması barədə 15 saylı Tovuz Ərazi İdarəsinin baza məlumatlarında heç bir məlumat aşkarlanmamışdır. Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən (mübahisələndirilən) Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 48 kv.m-ə qədər hissəsi və tikilinin isə 19 kv.m-ə qədər hissəsi İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.1125 ha torpaq sahəsi ilə üstüstə düşür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlu kəndində yerləşən X1 istifadəsində olan torpaq sahəsinin 48 kv.m-ə qədər hissəsinin və tikilinin 19 kv.m-ə qədər hissəsinin İddiaçı **********38 reyestr nömrəli çıxarışla mülkiyətində olan 0.1125 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən 1. torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bundan başqa, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 nömrəli protokolunun, 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istinad olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyeva Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında (76254/11 №-li ərizə) məhkəmə qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” işi üzrə 18 iyun 2002-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər. Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarında məhkəmə qeyd edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olubolmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərci ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddia qismən təmin edilyindən məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv.metrə qədər, tikilinin 19 kv.metr hissəsindən çıxarılsınlar və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək İddiaçı verilsin. İddiaçı mülkiyyətində olan 0,1125 ha torpaq sahəsindən inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülsün. 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar