Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2696/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 iştirakı ilə İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı «işə bərpa və əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 15 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı iddia qaldıraraq Tovuz Dövlət Sosial İqtisad Kollecində dalandar vəzifəsinə bərpa olunması və ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X4 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X4 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 30 iyul 2024-cü il tarixli 65 saylı əmrlə iddiaçının əmək fəaliyyətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. O, heç bir qaydanı pozmamışdır. Əvvəllər onu Azərbaycan Dili və Ədəbiyyatı müəllimi kimi işə götürmüşlər, sonradan orta təhsilli olduğuna görə lobarant kimi çalışmaq üçün vəzifəsini dəyişdirmişlər. Sonradan yəni 2024-cü ilin may ayında Kollecin müdiri dəyişən zaman, onlara məlum olmuşdur ki, iddiaçı lobarant kimi deyil, dalandar kimi fəaliyyət göstərməlidir. İddiaçı həmin vaxt o vəzifədə çalışmaq istəməmiş, ona görə də lobarant vəzifəsini icra edənlərlə birlikdə oturmuşdur. İddiaçı əvvəllər həmin kollecdə müəllim işlədiyinə görə sonradan dalandar işləməsi onun şəxsiyyətini alçaltdığına görə əmək funksiyasını yerinə yetirməmişdir. Dalandar vəzifəsini icra etməmişdir. Ona görə də iddiaçını 30 iyul 2024-cü il tarixində işdən çıxarmışlar. Hazırda iddiaçı dalandar kimi çalışmaq istəyir. Ona görə də, İddiaçı Tovuz Dövlət Sosial İqtisad Kollecində dalandar vəzifəsinə bərpa olunması və ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərk izahatında göstərdi ki, 30 iyul 2024-cü il tarixli əmr qanuni və əsaslıdır. İddiaçı uzun müddət öz vəzifəsi, yəni dalandar vəzifəsi üzrə işə çıxmamış, bu barədə hər dəfə akt tərtib olunmuşdur. Ona görə də əmrin əsaslı hesab edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 65 saylı əmrin surətindən görünür ki, xx.xx.2024-cü ildən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. İşə əlavə olunmuş aktlardan görünür ki, İddiaçı xəbərdarlıqlara baxmayaraq, 13 may 2024-cü il tarixdən başlayaraq öz vəzifəsini icra etməkdən imtina etmişdir. İşə əlavə olunmuş Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 24 saylı əmrdən çıxarışdan görünür ki, kollecin dalandarı İddiaçı əmək funksiyasını və verilən tapşırıqları yerinə yetirmədiyi üçün ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, töhmət elan edilmişdir. İşə əlavə olunmuş Tovuz Dövlət Sosial İqtisad Kolleci üzrə xx.xx.2024-cü il tarixli 27 saylı əmrdən çıxarışdan görünür ki, kollecin dalandarı İddiaçı əmək funksiyasını və verilən tapşırıqları yerinə yetirmədiyi üçün ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən, töhmət elan edilmişdir. İşə əlavə olunmuş 15 iyul 2024-cü il tarixli 6 nömrəli protokolun surətindən görünür ki, həmkarların heyət üzvləri və digər iştirak edənlər Tovuz Dövlət Sosial İqtisad Kollecinin işçisi (dalandarı) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi əsasında Tovuz Dövlət Sosial İqtisad Kollecində dalandar vəzifəsinə işə qəbul edilmişdir. Lakin may ayından sonra iddiaçı işləməmiş və öz vəzifəsini yerinə yetirməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq yenidən dalandar kimi əmək funksiyalarını yerinə yetirməmiş, dalandar vəzifəsini icra etməmişdir. İddiaçıya dalandar işinə çıxmadığına görə xəbərdarlıq məktubu gəlmiş və üzrlü səbəb göstərmədiyindən 30 iyul 2024-cü il tarixində işdən azad olunmuşdur. İşdən azad olunarkən müəssisə üzrə həmkarlar ittifaqına müraciət olunmuş Tovuz Dövlət Sosial X1 Təşkilatının 15 iyul 2024-cü il tarixli 6 saylı protokolu ilə İddiaçı ilə bağlanmış əmək müqavləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz olunmadığı qərara alınmışdır. Eyni zamanda məhkəmə aşağıda göstərilən hala münasibət bildirməyi zəruri hesab edir. İddiaçı AR Əmək Məcəlləsinin 79-cu maddəsinin istinad edərək himayəsində azyaşlı uşaqlarının olmasına görə onun işdən çıxarılmasına Əmək Məcəlləsində yol verilmədiyini bildirir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 1-ci hissəsində hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, 2ci hissəsində yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsini istisna edən hal kimi göstərilir. İddiaçının himayəsində xx.xx.2020-ci il təvəllüdlü Humay və xx.xx.2021-ci il təvəllüdlü Nihad adlı uşaqlar vardır və hər iki uşaq iddiaçının işdən çıxarılması barədə əmr verilərkən üç yaşına çatmışlar. Uşağını təkbaşına böyüdən işçilərə aid hissəyə gəlincə, məhkəmə hesab edir ki, iddiaçı həmin kateqoriyadan olan şəxslərdən sayılmır. Belə ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi mediasiya prosesində imzalanmış barışıq sazişindən görünür ki, İddiaçı əri Elnur Cəfərovla razılığa gəlmişlər ki, azyaşlı uşaqlar analarının himayəsində saxlanılır və Elnur Cəfərov azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 165 manat, cəmi 330 manat aliment ödəməyi öhdəsinə götürür. Bu hal onu deməyə əsas verir ki, iddiaçı uşağını təkbaşına böyüdən işçi sayılmır. O halda uşaqlarını təkbaşına böyüdən valideyn hesab oluna bilərdi ki, digər valideyn ölmüş olsun (məhkəmə qaydasında ölmüş elan edilsin, itkin düşmüş elan olunsun), valideynlik hüququndan məhrum edilsin, müəyyən müddətə müalicə müəssisəsində olsun, yaxud da azadlıqdan məhrumetmə yerlərində olmuş olsun. Məhkəmə baxışı zamanı bu göstərilən halların heç birinin olması müəyyən edilməmişdir. Belə olan halda AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri iddiaçı barəsində tətbiq oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı öz əmək funksiyalarını heç bir əsas olmadan yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən işəgötürən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən normalarına əsaslanaraq hesab edir ki, iddia təmin olunmamalıdır. İşəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 72-ci maddələri ilə müəyyən olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Cavabdeh təşkilat iddiaçının işdən çıxarılması barədə əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan əmək funksiyalarını yerinə yetirməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq davamlı olaraq dalandar vəzifəsini icra etməmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onun işdən çıxarılması üçün əsaslar olmuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad Kollecinə qarşı dalandar vəzifəsinə bərpa olunması və ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2696/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2696/2024
15.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver