Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-271/2024 04.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bayramova (Ceniyeva) Güllüzar Məhəmməd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN 0057 saylı dövlət aktında göstərilən ona və ailə üzvülərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 saylı qərarı ilə verilmiş Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması və orada cavabdehlər tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 saylı qərarı ilə ona və ailə üzvülərinə Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlər həmin torpaq sahəsini zəbt edərək orada torpaq sahəsinin təyinatına zidd olaraq fərdi yaşayış evləri inşa etmişlər. Bu səbəbdən onun və ailə üzvülərinin həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmələri mümkünsüz olmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, torpaq sahəsi mülkiyyət hüququ üzrə ona və ailə üzvülərinə məxsus olsa da, oradan qanunsuz olaraq cavabdehlər istifadə edir. Hətta cavabdehlər orada fərdi yaşayış evi də inşa etmişlər. Lakin daşınmaz əmlakın reyestr xidməti onun torpaq sahəsini naturada müəyyən etmək istəmir. Torpaq sahəsinə uzun illər, getməmişdir. Ona görə baş verənlərdən gec xəbər tutmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində ona məxsus fərdi yaşayış evi yoxdur. Lakin orada uzun illərdir ki, əkin işləri aparır. Belə ki, mübahisəli torpaq sahəsində yonca əkmişdir. Torpaq sahəsini alqı-satqı üzrə almışdır. İddiaçının özünün də bundan məlumatı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində 2008-ci ildən fərdi yaşayış evi inşa etdirməklə orada yaşayır. Həmin torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Mütəxəssis tərəfindən də gəlib ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin harada yerləşməsi bilinmir. Çünki həmin ərazidə çoxlu sayda evlər inşa edilmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində 2008-ci ildə fərdi yaşayış evi inşa etdirməklə ailə üzvüləri ilə birlikdə yaşayır. Torpaq sahəsini dəyərini ödəməklə almışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ümumiyyətlə bilinmir ki, harada yerləşir. Onunla birgə ətrafda da çoxlu sayda evlər inşa edilmişdir. Hətta onlar ev inşa edən zaman iddiaçı özü də gəlmiş və orada fərdi yaşayış evi tikilməsinin şahidi olmuşdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bayramova (Ceniyeva) Güllüzar Məhəmməd qızı iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində 2008-ci ilin yanvar ayından fərdi yaşayış evi inşa etdirməklə ailə üzvüləri ilə birlikdə orada yaşayır. İddiaçının torpaq sahəsi onlar tərəfindən zəbt edilməmişdir. Ümumiyyətlə iddiaçıya məxsus torpaq sahəsini mütəxəssislər belə naturada müəyyən edə bilməmişdir. Çünki həmin ərazidə faktik vəziyyət tamam dəyişdirilmişdir. Onlarla yanaşı başqa şəxslər tərəfindən də orada fərdi yaşayış evləri inşa olunmuşdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Torpağa mülkiyyət hüququna dair» JN 0057 saylı dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinə Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəmə qərardadlarına cavab olaraq verilmiş mübahisələndirilən əraziyə baxış keçirilməsi barədə arayışlardan görünür ki, torpaq islahatı zamanı kolxoz və sovxozların ərazisində təsdiq olunmuş kompleks yerquruluşu layihələrinə əsasən hər bir ailəyə orta torpaq normasına uyğun bölgü layihəsi hazırlanmışdır. Həmin layihəyə uyğun olaraq vətəndaşlara Dövlət Aktları verilməklə torpaq payları ilə təmin edilmişdir. Lakin sonradan kəndin yaşayış məntəqələrinə yaxın pay torpaq sahələrində əhalinin artımına uygun vətəndaşlar tərəfindən fərdi yaşayış evləri tikilmiş, küçələr salınmış və faktiki olaraq yaşayış massivi formalaşmış və əvəllər mövcud olmuş istifadə vəziyyəti tamamilə dəyişdirilmişdir. Halbuki, həmin torpaq sahələri vətəndaşlara əkin məqsədilə verilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası ilə bağlı ərazilərdə ölçmə işləri aparlan zaman həmin ərazilər faktiki istifadə vəziyyətinə uyğun layihələndirilərək mövcud evlər, yollar qeyd edilmişdir. Sözügedən ərazidə islahat dövründə tərtib edilmiş bölgü layihəsinin (bu layihədə pay torpaqlarının geometriyası əks olunsa da dəqiq koordinatda olmamışdır) dəyişməsi və eləcə də həmin ərazilərin pay torpaq sahəsi kimi istifadə olmadığı səbəbindən vətəndaşların pay torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Tovuz rayon Abulbəyli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlar ilə müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2008-ci ildən Tovuz rayonu, Abulbəyli kəndi ərazisində 0,06 ha torpaq sahəsində 120 kv.m. fərdi yaşayış evi, Cavabdeh2 xx.xx.2008-ci ildən Tovuz rayonu, Abulbəyli kəndi ərazisində 0,09 ha torpaq sahəsində 90 kv.m. fərdi yaşayış evi, X1 isə xx.xx.2008-ci ildən Tovuz rayonu, Abulbəyli kəndi ərazisində 0,06 ha torpaq sahəsində 140 kv.m. fərdi yaşayış evi tikdirərək hazırki vaxta kimi orada yaşayır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin düzgün həlli üçün ilk növbədə iddiaçının işin faktik halları kimi təsvir etdiyi faktik əsasların təhlil olunması, ən əsası iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində «Torpağa mülkiyyət hüququna dair» JN 0057 saylı dövlət aktı əsasında mülkiyyətçidir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinə Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onun və ailə üzvülərinin mülkiyyət hüququ «Torpağa mülkiyyət hüququna dair» JN 0057 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Hazırda isə iddiaçının və ailə üzvülərinin mülkiyyətinə verilmiş torpaq sahəsi naturada müəyyən oluna bilmir. Ona görə də cavabdehlərin iddiaçının və ailə üzvülərinin mülkiyyətinə verilmiş torpaq sahəsini tutması və orada hər hansı işlər görməsi aşkar edilməmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Lakin bu zaman həqiqətən də torpaq sahəsinin zəbt edilməsi təsdiqin tapmalıdır. Mülki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisini işə cəlb etmişdir. Lakin mütəxəssis rəy verə bilməmiş və bunun əsası kimi göstərmişdir ki, Abulbəyli kəndində yaşayış məntəqələrinə yaxın pay torpaq sahələrində əhalinin artımına uygun vətəndaşlar tərəfindən fərdi yaşayış evləri tikilmiş, küçələr salınmış və faktiki olaraq yaşayış massivi formalaşmış və əvəllər mövcud olmuş istifadə vəziyyəti tamamilə dəyişdirilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası ilə bağlı ərazilərdə ölçmə işləri aparlan zaman həmin ərazilər faktiki istifadə vəziyyətinə uyğun layihələndirilərək mövcud evlər, yollar qeyd edilmişdir. Sözügedən ərazidə islahat dövründə tərtib edilmiş bölgü layihəsinin (bu layihədə pay torpaqlarının geometriyası əks olunsa da dəqiq koordinatda olmamışdır) dəyişməsi və eləcə də həmin ərazilərin pay torpaq sahəsi kimi istifadə olmadığı səbəbindən vətəndaşların pay torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, iddiaçı və ailə üzvülərinin mülkiyyətinə Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilsə də, həmin torpaq sahəsinin koordinatları dəqiq müəyyən deyildir. Yəni torpaq sahəsi naturada yer səthinə köçürüldükdə müəyyən oluna bilmir. Naturada müəyyən olunmayan torpaq sahəsinin isə hər hansı şəxslər tərəfindən zəbt edilib-edilməməsi müəyyən oluna bilməz. Çünki ilk növbədə zəbt olunması iddia olunan torpaq sahəsinin yer səthində ölçüləri müəyyən edilməlidir ki, daha sonra cavabdehlərin istifadəsi kimi təqdim olunan yerin həmin torpaq sahəsinin hüdudları daxilində olub-olmaması aşkar edilsin. Hazırki işin halları isə iddia tələbinin əsassız olmasına dəlalət edir. İddia müddətinin tətbiq edilməsini məhkəmə qanunamüvafiq saymır. Çünki hazırki tələb mülkiyyətin müdafiəsi üzrədir və iddia müddəti tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı müvafiq inzibati məhkəmədə daşınmaz əmlakın dövlət reyestri xidməti orqanına qarşı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbi ilə bağlı iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) köçürülməsi yerquruluşu işlərinin aparalımasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 2-ci bəndində göstərilir ki, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin» Nizamnaməsinin 3.1.16, 3.1.20 və 3.1.26-cı bəndlərinə görə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək orqanın vəzifələrinə aiddir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-271/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-271/2024
04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver