Məhkəmə qərarları › İş №2(062)-2725/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2725/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2725/2024 23.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X3, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən məhrum X7 məxsus olan əvvəllər yaşadıqları yaşayış binasına köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 1999-cu ildə ailə qurmuşdur. O, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən qaynanası X7 məxsus evə köçmüş, Elçinlə birgə yaşayışlarından xx.xx.2000-ci ildə oğlu Həsən anadan olmuşdur. 1999-cu ildən 2023-cü ilin yay ayına kimi mübahisə olunan evdə yaşamışlar. Arada yaranan narazılğa görə faktiki olaraq ayrılmışlar və o kirayədə yaşayır. Cavabdehlər onu və oğlunu evədə yaşamağa qoymurlar və onları evdən çıxarmışlar. Onunla cavabdehlər arasında maddi hüquq münasibətləri 1999-cu ildən yaranmışdır və o, həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfatı birgə idarə etmişdir. Evlənən gündən Elçin və onun ailə üzvləri onu ailə üzü kimi qəbul etmiş və onlar birgə təsərrüfatda idarə etmişdir. Hesab edir ki, həmin evdən onun və oğunun istifadə hüququ var və ona görə də, həmin evə köçrülməlidir. İddiaçı2 Elşin oğlu mübahisə olunan evdə anadan olmuş və orada yaşamışdır. Anası ilə birgə cavabdehlər onları evdən çıxarmışlar. Hazırda kirayədə yaşayırlar, başqa yerdə yaşayış yerləri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin evdə Elçinin digər oğlu qalır. Bu səbəbdən də Həsənin köçürülməsinə etiraz edir. Elnarənin isə ümumiyyətlə qardaşı ilə nikahı olmamışdır. O ümumiyyətlə həmin evə köçürülə bilməz. Odur ki, iddianın rədd eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X8 izahatında göstərdi ki,onun qardaşının digər oğlu orada yaşamasaydı o Həsənin həmin evə köçürülməsinə etiraz etməzdi. Ancaq hazırda iddianın rədd edilməsini məhkəmədən xahiş edir.Keçən yay Həsən həmin evə qonaq kimi gələrək 1-2 gün yaşamışdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 izahatında göstərdi ki, o evli olmaqla atasından miras qalmış evdə yaşamır. O 1990-cı ildən ordan çıxmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. X9 izahatında göstərdi ki, o 40 ilə yaxındır ki, Gəncə şəhərində yaşayır. Hazırda atasından miras qalmış evdə qardaşı Elçinin digər oğlu qalır. Ona görə də Həsən həmin evə köçürülə bilməz. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir . Belə ki, göründüyü kimi iddiaçılar X1 məxsus evə köçürülməklərini xahiş edirlər. X1 məxsus fərdi yaşayış evinin olması mübahisə predmeti deyildir. Eyni zamanda məhkəmədə o da müəyyn edilmişdir ki, X7 məxsus ev onun ölümündən sonra rəsmi qaydada miras kimi qəbul edilməmişdir. Məhkəmə İddiaçı1 münasibətdə iddiaya hüquqi qiymət verərək onu qeyd edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1 ilə rəsmi nikah münasibətində olmasına dair sənədlərini məhkəməyə təqdim etməmişdir. Özünün bildirdiyinə görə onların nikahları qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, İddiaçı1 hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmə iddianı İddiaçı2 münasibətdə əsaslı hesab edir. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı2 mərhum X5 vərəsəsidir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 miras qalmış əmlak istər faktiki, istərsə də, rəsmi qaydada hər hansı vərəsə tərəfindən qəbul edilməmişdir. Mübahisəli evdə yaşayan isə mərhumun ikinci dərəcə vərəsəsi, yəni Cavabdeh1 digər qardaşıdır. İddiaya verilmiş etirazdan müəyyən edilir ki, Həsən 2002-ci ildə mübahisəli evdə yaşamışdır. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında yaşayış sahəsindən istifadə hüququnun mahiyyəti ilə bağlı hüquqi mövqelərini formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İşin hallarından göründüyü kimi 2002-ci ildə Həsənin həmin evdə yaşaması üçün hər hansı etiraz edilməmişdir. Düzdür Mülki Məcəllənin tələbləri baxımından miras açıldığı andan vərəsələrin mülkiyyəti olsa da işdən görünür ki, Həsənin köçmək istədiyi fərdi yaşayış evi vərəsələr tərəfindən istər faktiki, istərsə də rəsmi qaydada miras əmlak kimi qəbul edilməmişdir.Belə ki, məhkəmədə iştirak edən cavabdeh və üçüncü şəxslər izahatlarında göstərdilər ki, miras faktiki olaraq Elçinin digər oğlunun sahibliyindədir və orada təkcə o öz ailəsi ilə birlikdə yaşayır. Bundan başqa da məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 bir oğlunun həmin evə köçürülüb, digəri oğluna isə etiraz etməsi də ədalətli deyildir. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki,İddiaçı2 əvvəl yaşadığı ev vərəsələr tərəfindən istər faktiki, istərsə də rəsmi qaydada qəbul edilməyib, onun pozulmuş hüuqlarıl bərpa edilərək o mübahisəli evə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı2 Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən X7 məxsus evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar