Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2765/2023 01.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə 01 dekabr 2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Tovuz rayonu Ağdam kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə 1999-cu ildə el adəti qaydasında evlənmiş, nikahlarını 2001-ci ildə qeyd etdirmişlər. Birgə nikahlarından bir nəfər uşaqları olmuşdur. Uşaq yetkinlik yaşına çatmışdır. Cavabdeh ilə evləndikdən sonra münasibətləri normal olmuş, sonradan münasibətləri pisləşməyə başlamışdır. Cavabdehin yaşadığı evi birgə nikah dövründə əsaslı təmit etdirmişlər. Başqa yerdə evi və torpaq sahəsi yoxdur. Ona məxsus cehiz əşyaları da hazırda göstərilən evdədir. Odur ki, Tovuz rayonu Ağdam kəndində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə qəbzinə imza etsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır, ona görə də aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, tərəflər 25 yanvar 2001-ci ildə nikah qeyd etdirmişlər. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə üzrə arayışdan məlum olur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 21 yanvar 2001-ci ildə Aytən adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş 5-79-6/2-62-2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 1980-ci il təvəllüdlü Tovuz rayonu Ağdam kənd sakini İddiaçı hal-hazırda baldızı X1 adına olan təsərrüfatda qeydiyyatdadır. Ev təsərrüfatlar uçotu kitabında X1 adına 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 48 kv metr olan yaşayış evi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 1999-cu ildə el adəti qaydasında evlənmiş, nikahlarını 25 yanvar 2001-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 yanvar 2001-ci ildə Aytən adlı uşaqları olmuşdur, uşaq yetkinlik yaşına çatmışdır. Tərəflər evləndikdən sonra münasibətləri normal olmuş, sonradan münasibətləri pisləşməyə başlamışdır. Hal-hazırda mübahisəli evdə cavabdeh yaşayır. Tovuz rayonu Ağdam kənd sakini İddiaçı hal-hazırda baldızı X1 adına olan təsərrüfatda qeydiyyatdadır. Ev təsərrüfatlar uçotu kitabında X1 adına 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 48 kv metr olan yaşayış evi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 1999-cu ildən yaranmışdır. Bu səbəbdən mövcud mübahisə ilə bağlı yaranan münasibətlərin həllinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, mübahisənin həlli mümkün deyil. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında olan münasibətlərə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Bu səbəbdən mövcud hüquq münasibətləri 1999-cu ildə yarandığından mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin normaları tətbiq olunmaqla həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Ona görə də iddiaçının mübahisəli evə köçürülməsinə mane olan hal olmadığından o, cavabdehin yaşadığı evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və işin faktiki hallarına qiymət verərək hesab edir ki, İddiaçı Tovuz rayonu Ağdam kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı gəlin köçdüyü, Tovuz rayonu Ağdam kəndində yerləşən, Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2765/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2765/2023
01.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver