Məhkəmə qərarları › İş №2(062)-279/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-279/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-279/2023 21.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 ilə birlikdə Tovuz rayonu Düz Çırdaxan kənd, S.S.İ qəsəbəsində yerləşən 18 saylı evin 18 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Əri Cavabdeh2 gizir hərbi rütbəsində hərbi qulluqçu kimi Gəncə şəhərində hərbi xidmətdə olduğundan onunla birlikdə birgə nikahlarından sonra 2003-cü ildə aldıqları özlərinə məxsus bir otaqlı mənzildə bir müddət Gəncə şəhərində yaşamışlar. Daha sonra 2009-cu ildə həmin mənzili sataraq ailələri üçün ünvan 1 evin 18 saylı mənzilini almışlar və yaşamaq üçün həmin mənzilə köçmüşlər. Nikahları pozulanadək bu mənzildə ailələri ilə yaşamışlar. Əri Cavabdeh2 hərbiçi olduğuna görə, yəni gələcəkdə dövlət tərəfindən mənzillə təmin olunması üçün mübahisəli mənzili qaynanası Cavabdeh1 adına rəsmiləşdirmişlər. Mübahisəli mənzilin Cavabdeh1 adına olması formal xarakter daşıyır. Cavabdeh1 həmin mənzildə onlarla birlikdə ümumiyyətlə yaşamamışdır. O, digər oğlu X11 ilə birlikdə yaşayır. Birgə nikahlarında iki uşaqları var. Nikahları Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, iki azyaşlı uşaqları ilə birlikdə 2009-cu ildən pasport qediyyatına alınmaqla ünvan 1 evin 18 saylı ünvanda yaşamış, Cavabdeh2 ilə mənzildən istifadə etmiş və birgə təsərrüfat aparmışdır. Nikahları pozulan tarixdən sonra cavabdeh onu və uşaqlarını mübahisəli mənzildən qovmuşlar. Sözü gedən mübahisə predmeti olan mənzil order əsasında qaynanası Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Lakin həmin mənzil faktiki olaraq onların ailəsinə məxsusdur. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 2008-ci ildə Gəncədəki evi sataraq 2009-cu ilin mart ayının 17-18-arasında qaynanasının adına olan evə köçmüşlər. Qaynanası həmin evi Gəncədəki evin satışından əldə edilən pul vəsaiti hesabına almışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki,mübahisə predmeti olan mənzili o, 07 oktyabr 2008-ci ildə X11 adlı şəxsdən almışdır. O, həmin mənzili alanda iddiaçı əri ilə birlikdə Gəncə şəhərində yaşayırdı. Onun həmin evə hər hansı hüquqları mövcud deyildir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2001-ci ildə Təranə ilə evlənmiş, ata yurduna gəlin köçmüşdür. Gəlin köçrəkəın ev atasının adına olmuşdur. Toydan bir həftə sonra Gəncə şəhərinə köçmüşlər. İki il kirayədə yaşamışlar. Daha sonra orderlə xidməti mənzil verilmişdir. 2009-cu ilədək Gəncə şəhərində yaşamış, ondan sonra Tovuz rayonundakı hərbi hissəyə iş yeri dəyişdirildiyindən mart ayında arvadı və uşaqları ilə birlikdə anasının adına olan evə köçmüşdür Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 Tovuz rayonu Düz Cırdaxan kəndi S.S.İ qəsəbəsində istifadədə olan 0.0145 ha torpaq sahəsində 18 saylı, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində 77,3 kv.m ümumi sahəsi, 40.8 kv.m yaşayış, sahəsindən ibarət 3 otaqlı mənzil tam mülkiyyətindədir. İşə əlavə edilmiş alqı-satqı müqaviləsinin saurətindən görünür ki, Cavabdeh1 mübahisə predmeti olan mənzili 07 oktyabr 2008-ci ildə əldə etmişdir. İşə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X7 və X1 rayonunun Düz Çırdaxan kəndi, ev 18, mənzil 18 nömrəli evdə qeydiyyatdadırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər 2001-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmiş, iddiaçı X3 baba yurfduna gəlin köçmüş, həmin evdə yaşadıqdan bir həftə sonra X5 arvadı ilə birlikdə Gəncə şəhərinə köçmüş, 2009-cu ilin mart ayına qədər Gəncə şəhərində yaşamışlar. İddiaçı iddia edir ki, Cavabdeh1 adına olan onun vəsaiti hesabına alınmışdır. Ona görə də onun həmin evdən istifadə hüququ vardır. Məhkəmə iddiaçının yuxarıda qeyd edildiyi dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçının vəsaiti hesabına Cavabdeh1 ev əldə etməsi mübahisə predmeti olmasa da belə, iddiaçı qeyd edilən əsasla həmin evə köçürülməsini istəyir. Məhkəmə iddiaçının qeyd edilən tələbini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ilin mart ayında hazırki iş üzrə Cavabdeh1 adına olan mənzilə köçmüş və onuna mülki hüquq münasibəti həmin vaxtdan yaranmağa başlamışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından o mübahisəli mənzilə dair istifasdə hüququna malik deyildir. Buna baxmayaraq iddiaçının Gəncədəki mənzilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması da istisna edilmir. Məhkəmə yetkinlik yaşına çatmış 2002-ci il təvəllüdlü Abbasov Röyalın evə köçürülməsinə münasibətdə onu qeyd edir ki, həmin şəxs artıq yetkinlik yaşına çatdığından onun özünün qeyd edilən iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki iş üzrə iddiaçı isə onun əvəzinə iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Beləlikə məhkəmə bu qənaətə gəlir ki, fərdi yaşayış evindən istifadə hüququ yaranmayan şəxsin həmin evdən istifadə hüququ tanına və evə köçürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və X6 qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 cavabdehlər Cavabdeh1 və X6 qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar