Məhkəmə qərarları › İş №2(062)-2873/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2873/2023

03.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2873/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, X1 Cavabdeh qarşı tikintiyə və təmirə çəkilmiş xərc tələbinə tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı cavabdcehin yaşayış və qeydiyyat yerini Tovuz rayonu Əlibəyli kəndi kimi göstərsə də, onun qeyd etdiyi FİN nömrə üzrə axtarış aparılarkən Cavabdeh yaşayış və qeydiyyat yerinin Tovuz Rayonunun Aşağı Öysüzlü kəndi olması müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin poçt məlumatları düzgün şəkildə qeyd edilməmişdir. Eyni zamanda iddia ərizəsindən göründüyü kimi ərizə imzalanmamışdır. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, göründüyü kimi ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia ərizəsi verilərkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Yəni, iddiaçı 206,04 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmişdir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, göründüyü kimi iddia ərizəsi tərəflərin sayına uyğun şəkildə əlavə edilməmişdir. Halbu ki, MPM-nin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar