Məhkəmə qərarları › İş №2(062)-3033/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3033/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3033/2025 30.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeydə alma faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi “doğumun qeydə alma faktının müəyyən edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Göysu kəndində anadan olma faktının müəyyən olunmasına, ona doğum haqqında şəhadətnamə verilərkən ata adının X6, ana adının X5 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1963- ci il tarixdə X6 ilə X2 birgə nikahlarından Ermənistan Respublikasının Basarkeçər rayonunun Göysu kəndində anadan olmuşdur. 1988-ci ilin sentyabr ayında onu və digər azərbaycanlıları erməni quldur dəstəsi ailəsi ilə birgə yaşadıqları kənddən zorla çıxarmışlar. Onlar həmin ildə Tovuz rayonunda məskunlaşmışlar. Ata və anası Tovuz rayonunda vəfat edərək Hunanlar kəndinə dəfn olunmuşdur. Onların birgə nikahlarından 10 uşaqları olub və üç uşağı vəfat edib. O, 13 fevral 1989-cu il tarixdə X8 ilə evlənib ailə qurmuş və onunla birgə nikahlarından 4 uşaqları anadan olmuşdur. Onlar Ermənistandan qovulanda ona məxsus doğum haqqında şəhadətnamə orada qalmışdır və yenidən həmin şəhadətnamənin əldə etməyi qeyri mümkündür. Şəxsiyyət vəsiqəsində onun doğum tarixi xx xxx 1963- cü il qeyd edilmişdir. Maraqlı şəxsə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ona doğum haqqında şəhadətnamə verilmədiyindən dövlətin verdiyi güzəştlərdən istifadə edə bilmir. Onun adına yenidən doğum akt qeydi kitabında akt qeydiyyatı aparılması mümkün deyildir. Belə ki, doğum haqqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərin toplanması qeyri mümkündür. Ona görə də bu fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, Ərizəçi onun doğma bacısıdır. Ərizəçi atası həqiqətən X6, anası isə X4r. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, onların gəlinləridir və X9 ilə eynməzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 1389 nömrəli arayışın surətindən müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə Tovuz rayonu Hunanlar kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 06 nömrəli akt qeydi tərtib edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 1328 nömrəli arayışın surətindən müəyyən olunur ki, X6 xx.xx.2001-ci il tarixdə Tovuz rayonu Hunanlar kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 211 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktıaır üzrə yoxlama aparılmış, Ərizəçi doğumu barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Doğum akt qeydinin bərpası Tovuz regional ASAN Xidmət mərkəzində Ədliyyyə Nazirliyinin qeydiyyat şöbəsində mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsini xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Göysu kəndində anadan olma faktının müəyyən olunmasına, ona doğum haqqında şəhadətnamə verilərkən ata adının X6, ana adının X5 qeyd olunması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1963-cü ildə Basarkeçər rayonunun Göysu kəndində X6 və X2 nikahından doğulmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında Ərizəçi həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırki ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsndən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəm müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda Ərizəçi doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Göysu kəndində doğumu faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində ata adının “X6”, ana adının “X5” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Göysu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində ata adının “X6”, ana adının “X5” kimi qeydiyyat aparılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar