Məhkəmə qərarları › İş №2(062)-3161/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3161/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3161/2024 23.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra –mübahisəli mənzil) xx.xx.2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında mülkiyyətində olan 0,0514 torpaq sahəsində 322.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (**********65-10301 reyestr nömrəli, qeydiyyat №2**********) ona məxsusdur. Cavabdehlər Cavabdeh1 Əlǝs oğlu və arvadı Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında qanunsuz olaraq yaşayırlar. Halbuki, Cavabdeh1 0.25 ha həyətyanı torpaq sahəsi və 124 kv/m olan fərdi yaşayış evi vardır. Buna baxmayaraq cavabdehlər özlərinə məxsus evdə deyil, məhz onun evində yaşayırlar. Cavabdeh olan oğlu Cavabdeh1 bir övlad kimi ona baxmır, valideyn olaraq onu saymır və ona qarşı kobud rəftar edərək həyat yoldaşı olan digər Cavabdeh2lə birlikdə onu şəxsi mülkündən didərgin salmışdır. Hazırda o, həyətdə yerləşən və iki otaqdan ibarət olan daxmaya sığınmaq məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehlərə şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını bildirsə də, cavabdehlər qanunsuz əməllərini davam etdirirək onun qanunla qorunan mülkiyyət hüquqularını kobud şəkildə pozurlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o yaşadığı evə kifayət qədər xərc çəkmişdir. Haızrda o çəkilmiş xərc tələbinə dair məhkəməyə müraciət etmişdir. O evə çəkilmiş xərc verilərsə o o evdən çıxacaqdır. Düzdür atası tərəfindən onun adına başqa yerdə torpaq sahəsi alınsa da o orada yaşamır. Belə ki, otaqlardan yalnız biri təmirlidir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evi xx.xx.2017-ci ildəndir İddiaçı mülkiyyətinədir. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdehlərdə biri iddiaçının oğlu, digəri isə onun gəlinidir. Cavabdeh1 iddiaçının oğlu olmaqla, o mülkiyyətçinin razılığı ilə arvadını həmin evə köçürmüşdür. İddiaçılar tərəfindən dolyası iləı onların həmin evdə istifadə hüquqlarının mövcudluğu qəbul edilmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. Mübahiə ondan ibarətdir ki, onların yaşayış sahəsinə olan ehtiyac aradan qalxdığından onların həmin evdən istifadə hüquqlarına xitam verilməklə, onlar həmin evdən çıxarılmalıdırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, həqiqətən də iddiaçının öz mülkiyyətində olan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı oğlu və gəlini tərəfindən kifayət qədər maneələr mövcuddur ki, bu halların mövcudluğu mülkiyyətçinin hesabına istifadəçilər Cavabdeh1 və Cavabdeh2 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi və yaxud yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması ilə bağlı məsələyə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilirəkən müəyyən edilmişdir ki, həqiqətən də mülkiyyətçinin özü öz mülkiyyətindən tamamilə məhrum edilmiş, onun mülkiyyətində olan evdə oğlu və gəlini yaşayır. Mülkiyyətçinin özü isə 90 yaşdan yuxarı yaşa malik olmaqla həmin həyətdə tikilmiş yarasız otaqda yaşayır. Bu işə əlavə edilmiş yerində baxış protokolu və foroşçəkillərdən də aydın şəkildə görünür. Halbuki cavabdeh özü etiraf edir ki, atası tərəfindən ona başqa yerdə torpaq sahəsi alınmış, onun adına rəsmiləşdirilmiş, hətta üzərində tikili də inşa edilmişdir ki, həmin yayayış evinin bir və yaxud bir neçə otağı yaşayış üçün yararlıdır. Məhkəmə qeyd edir ki, başqa yerdə yaşayış sahəsinə malik olan Cavabdeh1 və onun arvadı iddiaçının mülkiyyətində olan evdən tam istifadə etməklə mülkiyyətçini mülkiyyət hüquqlarından məhrum etmişlər. Belə ki, Tovuz rayonu X1 xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, Cavabdeh1 adına 350814 nömrəli 0,098817 ha və 350815 nömrəli 0,175721 ha, cəmi 0,275 ha torpaq ayrılmışdır.O cümlədən işdəki Tovuz rayonu Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, Cavabdeh1 təsərrüfatında adına 0,25 ha həyətyanı torpaq sahəsi və 1988-ci ildə tikilmiş sahəsi 124 kv.m olan yaşayış evi qeydə alınmışdır. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.Yəni, mahiyyət etibarilə servitutdur. Bu hüquqi mövqedən çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi bu vaxta qədər cavabdehlərə yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğundan ona həmin hüquq verilmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi onun həmin yaşayış sahəsindən istifadə üçün artıq hər hansı hüquqi marağı da qalmamış, o yaşadığı və iddiaçıya məxsus olan evə çəkilmiş xərci tələb edir. Bundan başqa da cavabdehlərə iddiaçı tərəfindən yaşayış sahıəsi inşa edilməklə onların yaşayış sahəsinə olan ehtiyacları həmin şəxs tərəfindən aradan qaldırılmışdır. Cavabdehlər hazırda həmin evdən istifadə hüququna ehtiyaclarının olmasına dair sübutlarını da məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarda sərgilədiyi hüquqi mövqeyi baxımından onu qeyd edir ki, bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən cavabdehlərin istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlərin həmin yaşayış sahəsindən servitut kimi istifadə etmək imkanları aradan qalxmışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar.Beləliklə mülkiyyətçi X3 Hüseynovaya bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən edilmədiyindən və cavabdehin həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qaldırıldığından onun bu hüququna kompensasiya verilmədən xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməklə onlar həmin evdən çıxarılmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar