Məhkəmə qərarları › İş №2(062)-3252/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3252/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3252/2024 23.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus reyester nömrəsi **********46-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh 5000 manat kompensasiya verməklə adlarını qeyd etdiyi idman avadanlıqları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən fərdi yaşayış evi ona məxsus reyester nömrəsi **********46-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Hazırda Cavabdeh ilə nigahları pozulmuş və birgə nigahdan anadan olan uşaqlar onun yanında saxlanılamsı və aliment barədə qərar qəbul edilmişdir. Cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan evdə yaşayır. O, dəfələrlə cavabdehdən ona məxsus olan evdən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina edir. Cavabdeh bununlada qanuna zidd hərəkətləri onun mübahisə olunan tarpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək kompensasiyanın məbləğinin 8000 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiəe dərək təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini və iddiaçıdan 8000 manat kompensasiya alaraq evdən çıxmağına razı olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı çıxarış”ın surətindən görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaçı onun mülkiyyətində olan mənzilə cavabdehin kompensasiya ödənilməklə mənzildən çıxarılmasını xahiş etmişdir. Əvvəla cavabdehin həmin yaşayış sahəsinə istifadə hüququnu yaranıb-yaranmadığı müəyyən edilməli və mübahisəyə münasibətin yarandığı zaman qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, həqiqətən də iddiaçının öz mülkiyyətində olan evlə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı Cavabdeh Məmmadalı oğlu tərəfindən kifayət qədər maneələr mövcuddur ki, bu halların mövcudluğu mülkiyyətçinin hesabına istifadəçi Cavabdeh Məmmadalı oğluna davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi ilə bağlı məsələyə baxılmasını mümkün hesab edir. Cavabdeh kompensasiyanın məbləğini mübahisələndirməyərək, həmin məbləği qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh Məmmadalı oğluna 8000(səkkiz min) manat kompensasiya verilməklə onun həmin evdən istifadə hüququna xitam verilməli və o əşyaları ilə birlikdə mübahisəli evdən çıxarılmalıdır. edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir . Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 01 sentyabr 2000-ci ildən sonra yaranan münasibətlər üzrə mülkiyyətçiyə məxsus evdən onun ailə üzvüləri və digər şəxslərin istifadə hüquqlarının həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). Bununla bağlı göstərilməlidir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi hazırki mübahisəli işə analoji olan mülki işə dair öz hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, “.Ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyət toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyasından əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin hüquqi mənasına görə, yaşayış binasının tərkib hissəsinə dair istifadə hüququna xitam verilməsi haqqında mülkiyyətçi ilə istifadəçi arasında razılaşma olmadıqda, müvafiq bazar qiymətinə uyğun kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin haqlı tələbidir və məhkəmə bu tələbi qanunauyğun olduğundan, təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında həmçinin, qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərinə hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təklif edilmiş 8000 manat məbləğində kompensasiya yetərlidir və Cavabdeh Məmmadalı oğluna bir neçə il və davamlı şəkildə, oxşar şəraitli evdə yaşamaq imkanı verir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Məmmadalı oğluna 8000(səkkiz min)manat məbləğində kompensasiya verilməklə onun İddiaçı məxsus olan ümumi sahəsi 268,1, torpaq sahəsi 0,11 ha olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, İddiaçı 8.000 (səkkiz min) manat kompensasiya məbləği alınaraq Cavabdeh Məmmadalı oğluna ödənilməli, İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh Məmmadalı oğlu əşyaları ilə birlikdə Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki fərdi yaşayış evindən çıxarılmalıdır. Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Məmmadalı oğluna 8000(səkkiz min)manat məbləğində kompensasiya verilməklə onun İddiaçı məxsus olan ümumi sahəsi 268,1, torpaq sahəsi 0,11 ha olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı 8.000 (səkkiz min) manat kompensasiya məbləği alınaraq Cavabdeh Məmmadalı oğluna ödənilsin. İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh Məmmadalı oğlu əşyaları ilə birlikdə Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar