Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-33/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovs Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində olan tikintinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Aşağı Mürkülü kəndində yaşayır. Tovuz rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə Aşağı Mürkülü kəndində onun mülkiyyətinə verilmiş torpaq sahəsi Səmədov Vüqara verilmiş torpaq sahəsi ilə sərhəddir. Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi DTXK-nin Tovuz rayon torpaq şöbəsinin xx.xx.2004-cü ildə təsdiq etdiyi verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünə müvafiq olaraq mülkiyyətinə verilmişdir. Cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada mənzil tikmişdir və onu istifadə edir. Bununla bağlı ona dəfələrlə irad bildirilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. O, torpaq sahəsini boşaltmaqdan imtina etmiş və həmin torpaq sahəsi üzərində qeyri-qanuni tikinti aparmışdır. Bununla da cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, Cavabdeh zəbt etdiyi Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində olan tikintinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə dəfələrlə müraciət edərək qanunsuz hərəkətlərini dayandırmasını tələb etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, həmin torpaq sahəsinə onun hər hansı hüquqları yoxdur. O bələdiyyənin şifahi göstərişinə əsasən o, tikinti işləri aparmışdır. Burada onun səhvi olmayıb. İddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 13 iyun 2025-ci il tarixli 3-16-16/2-10/2549 saylı ekspertiza rəyindən görünür ki, baza məlumatlarına əsasən (TEKUİS) Cavabdeh istifadəsi kimi göstərilən torpaq sahəsinin 634.7 kv.m hissəsi İddiaçı məxsus JN-200B şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin 634.7 kv.m hissəsi faktiki olaraq hazırki iş üzrə cavabdeh tərəfindən istifadə edilir. Cavabdehin isə həmin torpaq sahəsinə hər hansı hüquqları mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin 634,7 kv.m hissəsindən mülkiyyətçinin maraqlarına zidd şəkildə Cavabdeh tərəfindən istifadə qanunsuzdur. Məhkəmə iş üzrə sübutları tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh Tovuz rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin 634,7 kv.m hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 634.7 kv.m olan hissəsindən çıxarılsın, həmin hissə üzərində olan tikili Cavabdeh hesabına sökülərək, torpaq sahəsi İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-33/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-33/2025
17.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver