Məhkəmə qərarları › İş №2(062)-3640/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3640/2025

06.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3640/2025 06.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Yuxarı Öysüzlü kəndində xüsusi mülkiyyətində olan mənzilindən Cavabdeh istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə və həmin evdən cavabdehə məxsus əşyaların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia onunla əsaslandırılmışdır ki, reyestr nomrəsi **********30-05101-093002 saylı çıxarışa əsasən Tovuz Rayonu Yuxarı Öysüzlü kəndində yerləşən mənzil dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Əvvəllər mübahisə olunan mənzil X1 məxsus olmuşdur. O, həmin mənzili alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin mənzil Nurəddinin adına olduğu vaxt cavabdeh məhkəmənin qərarı mübahisə olunan mənzilə köçürülmüşdür. Sonradan cavabdeh məhkəmədə istifadə hüququnun kompensasiya olunması tələbinə dair iddia qaldırmış və onun iddiası təmin olunmamışdır. Həmin qətnamədədə cavabdehin faktiki olaraq orada yaşamadığı müəyyən olunmuşdur. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(104)-1516/2016 saylı qətnaməsi ilə həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi 2016-ci ildə icra olunmuş və iddiaçı mübahisə olunan evə köçürülsə də həmin evdə yaşamamış həmin ildə də könüllü olaraq evdən çıxmış və atası evinə köçmüşdür. Mübahisə olunan fərdi yaşayış evində Balaxanım 2016-cı ildən yaşamır. Cavabdehin həmin evdə istifadə hüququ olsa da, onun həmin evdə yaşamağa ehtiyacı olmamışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehə fərdi yaşayış evində istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh mübahisəli evdə yaşadığı halda, onun həmin mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilərdi. Balaxanım isə həmin evdən 2016-cı ildən istifadə etmir, orada yaşamır, uşaqları ilə birgə atası evində yaşayır. Bir gün də olsun 2016-cı ildən halhazıra kimi cavabdeh mübahisəli olan evdə yaşamamışdır. Bundan başqa mübahisə olunan fərdi yaşayış evinin mülkiyyətçisi dəyişmişdir və mülkiyyətçi özüdür. Cavabdeh isə onun ailə üzvü deyildir. Cavabdeh mənzilində 2 ədəd yataq çarpayısı, stol və stul vardır. Həmin əşyaların onun mülkiyyətində uzun illərdir istifadəsiz qalması və onun formal olaraq istifadə hüququnun hələ də qalması onun hüquqlarını pozur. 9 ildən artıqdır cavabdeh onun mülkiyyətində olan evdən istifadə etmir, belə ki, Balaxanımın həmin evdə yaşamağa ehtiyacı yoxdur. 9 ildən artıqdır ki, davamlı və fasiləsiz olaraq valideynlərinə məxsus evdə yaşamaqla mübahisə evdən istifadəyə ehtiyacı qalmadığını təsdiq edir. Əgər onun yaşamağa evi olmasa idi, köçürüldüyü evdən istifadə edərdi. Uşaqları ilə birgə orda yaşayardı. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin mübahisəli evdə yaşamağa ehtiyacı olmadığından başqa yaşayış sahəsində yaşayır. Bu səbəbdən də istifadə hüququna malik olan cavabdeh davamlı olaraq başqa yerdə yaşayır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(104)-1516/2016 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı övladları ilə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən X5, X3 və X2 yaşadıqları fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1304/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməmiş, iddiaçı Cavabdeh X4 qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair idddiası qanunsuz və əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(062)-1298/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-1304/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, reyestr nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 86.50 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir… Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(104)-1516/2016 saylı qətnaməsi ilə Cavabdeh Tovuz Rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evə köçürülməsi qət edilmişdir. Hazırda ev reyestr nomrəsi **********30-05101- 093002 saylı çıxarışa əsasən dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Məhkəmə Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından məhkəmə qətnaməsinə əsasən mənzilə köçürülmə ilə bağlı yaranan istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi və bunun üçün kompensasiyanın ödənilməməsi mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırki iş üzrə cavabdehin mübahisəli mənzildən istifadəyə olan ehtiyacının aradan qalxması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə iddiaçının ərizəsində cavabdehin özünün deyil, atasının evinə getdiyini, onun şəxsi əşyalarının hələ də həmin evdə qalmasını qeyd etməsi cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını dolayı olaraq təsdiq edir. Bütün bunları nəzərə alaraq cavabdehin həmin mənzildə hər hansı səbəbdən yaşamaması onun mənzildən istifadəyə olan ehtiyacının aradan qalxdığını hesab etməyə əsas vermir. Cavabdehin mənzilə köçürülməsi ilə bağlı servitut hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı tərəfindən cavabdehin mübahisəli mənzildən istifadəyə olan ehtiyacının aradan qalxması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehin mənzildən istifadə hüquqlarından könüllü istifadə etməməsi nəticəsinə gəlmək mümkün olmadığından, cavabdehin mübahisəli mənzildən istifadəyə olan ehtiyaclarının aradan qalxması iş materialları ilə öz təsdiqini tapmadığından iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar