Məhkəmə qərarları › İş №2(062)-3783/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3783/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3783/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiacının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısının hər hansı əşyalarla tutulmasının qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından istifadə etməyinə Cavabdeh tərəfində yaradılan maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısını hər hansı bir əşyalarla tutulmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2024-cü ildə Tovuz şəhəri, Semzavod küçəsi, ev 7, 5 mənzili almış və aldığı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən xx.xx.2024-cü ildə ********** qeydiyyat nömrəsi, **********26-05101-093005 Daşınmaz Əmlakın Reyestr Nömrəsi ilə qeydiyyatdan keçmişdir. Lakin son zamanlar yaşadığı evin qarşı tərəfindəki evin sakini Cavabdeh onunla əsassız mübahisə yaradır və onu ailəsi illə birlikdə mənzilində yaşamağına imkan vermir. Belə ki, cavabdeh mənzilin həyətə açılan tərəfdə olan pəncərəsinin qarşısına şifer, ağac və dəmir parçaları ilə örtərək pəncərənin açılmasına və mənzilin havasının dəyişdirilməsinə, gün işığının düşməsinə imkan vermir. O, bir neçə dəfə cavabdedən mənzilindən istifadə edilməsinə yaratdığı süni maneələrin aradan qaldırılmasını və qonşu kimi yaşamağı təklif etməyinə baxmayaraq, cavabdeh öz qanunsuz əməllərinə son qoyamışdır. Cavabdehin qanunsuz əməllərinə son qoyulması üçün Tovuz Rayon İcra hakimyyəti Başçısının Tovuz şəhəri inzibati ərazisi üzrə nümayəndəliyinə müraciət edərək tədbir görülməsini xahiş emiş və nümayəndəliyin işçiləri cavabdehə irad bildirməsinə baxmayaraq cavabdeh qonşuluğa yaraşmayan əməllərinə son qoymamışdır. Hazırda ona məlum olmuşdur ki, qonşu mənzilə sahibdir, lakin onun həmin ərazidə yerləşən torpaq sahəsinə heç bir hüququ yoxdur. Rəsmi sənədlə ona məxsus mənzilin pəncərəsi qanunla heç kimə məxsus olmayan torpaq sahəsini qanusuz olaraq zəbt edərək, onun xüsusi mülkiyyətində olan məzilindən istifadə etməyinə maneə yaradır. Cavabdehin ümumi istifadədə olan torpaq sahəsini zəbt edərək onun ailəsinin həmin mənzildən istifadə etməyinə qərəzli maneçilik törədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçının pəncərəsi onun həyətinə baxır. Sonda o, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı Cavabdeh adınadır. İş materiallarında olan Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərrkəzinin xx.xx.2024-cü il tarixli, 10/9143 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7 mənzil 5 saylı mənzilin texniki paportu üzrə 4 saylı tikilinin iki pəncərə əvəzinə, faktiki olaraq bir böyük pəncərənin quraşdırıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, pəncərələrin inşa edilməsi məsələsi tikinti norma və qaydalarında nəzərdə tutulmamışdır. İddiaçı mülkiyyətində olan 5 saylı mənzilin pəncərəsi önündə dəmir şiferin quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və mənzilin pəncərəsinin qarşısını hər hansı bir əşyalarla tutulmasının qadağan edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində “İddiaçı mülkiyyətində olan, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7 mənzil 5 saylı mənzilin texniki pasportu üzrə 4 saylı tikilinin iki pəncərə əvəzinə, faktiki olaraq bir böyük pəncərənin quraşdırıldığı, İddiaçı mülkiyyətində olan 5 saylı mənzilin pəncərəsi önündə dəmir şiferin quraşdırıldığı müəyyən edilmişdir”. İddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı iddia edir ki, cavabdeh onun pəncərəsi önünə şiferlər yığaraq maneələr yaradır.Cavabdeh isə etirazının əsası kimi bildirir ki, iddiaçıya məxsus pəncərə çox böyükdür və o istənilən formada onun həyətini pəncərədən müşahidə edə bilir. Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan, Tovuz şəhəri, Semzavod küçəsi, ev 7 mənzil 5 saylı mənzilin texniki pasportunda 4 saylı tikiliyə iki kiçik pəncərə nəzərdə tutulsa da, faktiki olaraq bir böyük pəncərənin quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının özü texniki göstəricilərdən kənara çıxaraq 1 böyük pəncərə inşa etmişdir ki, məhz onun təqsirli hərəkətinin qarşısını almaq məqsədilə cavabdeh tədbirlər görmüşdür. Yəni, hüquqi cəhətdən pəncərə mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Buna baxmayaraq məhkəmə iddiaçıya izah edir ki, mənzilin pəncərələrinin texniki göstəricilərə uyğunlaşdırılması və yaxud mövcud vəziyyətə uyğun texniki pasport tərtib edildikdən sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar